RU

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kollektivi Bilgəh Ahıllar evini ziyarət etdi

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi Elnurə İsmayılovanın təşəbbüsü ilə təşkil olunan ziyarətdə, müəllim və tələbə heyəti Bilgəh qəsəbəsində yerləşən Ahıllar evini ziyarət etdi. Bu səfər təkcə sosial məsuliyyət duyğusunu artırmaqla kifayətlənmədi, eyni zamanda gənc tələbələrin ahıllara olan diqqət və qayğısının əhəmiyyətini bir daha vurğuladı.Bilgəhdə yerləşən, Ahıllar Evi  Samirə Mehdiyevanın rəhbərliyi altında fəaliyyət göstərir. Müəssisə ahıl insanların fiziki, psixoloji və sosial ehtiyaclarını qarşılamağa yönəlmiş peşəkar xidmətlər təqdim edir. Burada yaşlıların gündəlik həyatı, tibbi baxımları və sosiallaşma ehtiyacları təmin olunur. Ahıllar evi, sakinlərə ev mühitini xatırladan bir atmosfer yaradır və onların həyat keyfiyyətini artırmaq məqsədini daşıyır.Elnurə İsmayılovanın təşkilatçılığı ilə baş tutan bu ziyarət, tələbələr üçün həm sosial iş prinsiplərini öyrənmək, həm də praktik təcrübə qazanmaq üçün əvəzsiz bir fürsət oldu. Həmçinin Elnurə xanım tələbələrə “Ahıllarla sosial iş” fənnini tədris edir. Bu səfərdə tələbələr, ahılların gündəlik həyat şəraiti ilə yaxından tanış olmaqla yanaşı onlarla ünsiyyət quraraq həm mənəvi dəstək göstərdilər, həm də sosial məsuliyyətin real həyatdakı təsirini müşahidə etdilər.Tələbələr burada kimsəsiz ahıl Aliyə xanımın doğum gününü təbrik etdilər. Bilgəh Ahıllar Evinin ziyarəti bir daha sübut etdi ki, yaşlıların qayğıya ehtiyacı yalnız fiziki deyil, həm də mənəvi aspektləri əhatə edir. Tələbələr yaşlılarla həmsöhbət olaraq onların keçmiş təcrübələriylə tanış olular. “Əgər təkrar 21 yaşında olsaydım…” sualına bir çox ahıl “təhsil alardım” ,cavabını verməsi tələbələrdə təhsilin nə qədər vacib olması fikrini daha da gücləndirdi.Bu təşəbbüs cəmiyyətin ahıllara diqqətini artırmaq və onların həyat şəraitini daha yaxşı anlamaq baxımından mühüm bir addım oldu. Ahıllar evi sakinlərinin üzündəki təbəssüm və hiss etdikləri minnətdarlıq, göstərilən qayğının nə qədər qiymətli olduğunu bir daha təsdiqlədi.Və tələbələrə, “Yaşlılara yardım etməyi və gələcəkdə yaşlanacağımızı unutmayaq!” şüarını xatırlatdı.

 

Избранный
26
tehsil.biz

1Источники