NATO-nun baş katibi Mark Rütte ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa Ukraynanın Rusiyaya qarşı mənfi şərtlərlə sülh sazişi imzalaması halında Amerikanın qarşılaşacağı ciddi təhlükələr barədə xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Rütte Ukraynaya məcburən zərərli bir sülh razılaşması təklif edilməsi vəziyyətində Çin, İran və Şimali Koreyanın mövqeyinin güclənəcəyini vurğulayıb.
O, Ukraynanın Rusiyaya qarşı "yaxşı bir razılaşma" əldə etməsinin vacib olduğunu qeyd edib və ABŞ-ı Ukraynaya hərbi dəstəyi davam etdirməyə çağırıb.
NATO-nun baş katibi Ukraynanın zərərli bir sülhə məcbur edilməsinin yalnız Qərbin düşmənlərini sevindirəcəyini və onların öz hücumlarını planlaşdırmağa başlayacağını bildirib:
"Biz Şimali Koreyanın lideri Kim Çen In, Rusiya prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və İranın bir araya gəlib Ukraynaya münasibətdə bizə uduzmuş bir sülh sazişi imzaladığımız üçün sevinmələrinə imkan verə bilmərik. Çünki bu, uzunmüddətli perspektivdə yalnız Avropaya deyil, ABŞ-a da ciddi təhlükələr yaradar".
Rütte Rusiyanın, Çinin, Şimali Koreyanın və İranın bir-biri ilə sıx hərbi və iqtisadi əlaqələrini vurğulayıb.
Onun sözlərinə görə, bu ölkələr arasındakı silah və maliyyə tədarükləri, Ukraynada və Yaxın Şərqdəki müharibələri daha da alovlandırır.
Rütte Çin lideri Si Cinpinə də diqqət çəkərək bildirib ki, əgər Rusiyaya Ukraynanın böyük hissələrini ələ keçirmək imkanı verilsə, Çin lideri Tayvana qarşı daha cəsarətli addımlar ata bilər. O, bunu Si Cinpinin Ukrayna ilə bağlı vəziyyəti yaxından izləməsi ilə əlaqələndirib.
NATO-nun Baş katibi Ukrayna prezidentinin müzakirələrə güclü bir mövqedən başlamağı üçün ona hərbi dəstəyin artırılmasının daha vacib olduğunu, NATO üzvlüyü ilə bağlı müzakirələrdən daha önəmli hesab etdiyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Tramp və onun komandası Ukraynanın mövqeyini və "qələbə planını" yaxşı anlayır. Bu plan Ukraynanın sülh danışıqlarında güclü mövqe əldə etməsini təmin etməyə yönəlib.
Musavat.com