Dövlət başçısı İlham Əliyev daim bu fikri böyük əminliklə qeyd edir ki, Azərbaycan ən uğurlu ölkələrdən biridir
"Yaşıl dünya naminə həmrəylik!" şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik.» Dövlət başçısı İlham Əliyev COP29 çərçivəsində keçirilən Liderlərin Sammitində bu fikri də xüsusi qeyd etdi ki, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
Hazırda bu körpülərin qurulmasında işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri də önəmli rol oynayır. Azərbaycvana dost. qardaş ölkələrin bu prosesdə iştirak etmək istəyi, atdıcları real addımlar, bu torpaqların malik olduqları iqtisadi imkanlardan gələcəkdə istifadə etmək üçün imzalanan sənədlər və sair kimi mühüm işlər də bunun bariz nümunəsidir.
Bu gün qürurla qeyd etdiyimiz reallıqlardan biri budur ki, Azərbaycan artıq işğal dövrünün Azərbaycanı deyil. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq. Bu, bizim milli ideyamızdır. Əvvəllər milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi. İndi artıq işğaldan azad olunmuş Azərbaycan yüksəlməkdədir. Bu əminlik də ifadə edilir ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq.
Bunu son dörd ildə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin miqyası bir daha sübut edir. Dövlətimizin başçısı İlham Əliyev bu ilin fevralında prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində diqqəti bu statistik rəqəmlərə yönəltdi ki, bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin Baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Böyük Qayıdış Proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir. Bu, işin miqyasını göstərir. Bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı istifadəyə verilib, üçüncüsü də Laçında açılacaq. Yəni, geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək.
Şanlı Zəfərimizdən ötən 4 il torpaqlarımızın azad edildikləri tarixlərin qeyd edilməsi, həmçinin onların mərhələ-mərhələ sakinlərinə qovuşması ilə yadda qalıb. 1 dekabr Laçın rayonunun işğaldan azad edildiyi gündür. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, həmin ilin 20 noyabrında Ağdam, 25 noyabrında Kəlbəcər, 1 dekabrında Laçın rayonları bir güllə atılmadan işğaldan azad edildi. Hazırda bütün torpaqlarımız quruculuq meydanına çevrilib. Sakinlərinə qovuşan ərazilərimiz sırasında Laçın da var.
Cənab İlham Əliyevin ilin əvvəlində qarşıya qoyulan vəzifələrin uğurlu icrası, hədəflərə nail olması günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Bu il Şuşa, Xocalı və Cəbrayıl şəhərləri sakinlərinə qovuşdu. İlin sonuna qədər Kəlbəcər və Xankəndi şəhərlərinin də sakinlərinə qovuşması nəzərdə tutulur.
Bu uğurlara yol açan mühüm amillərdən biri Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətidir. Bütün dövrlər üçün aktual olan, böyük faciələrin, problemlərin yaranmasına səbəb olan dünyanın ikili standartlara əsaslanan siyasəti dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında öz əksini tapır. Ölkə Prezidenti «Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi» söyləyərək bunun ardınca ən çox təəssüf doğuran halın bu olduğunu bildirir ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Prezident İlham Əliyev onu da bildirir ki, dörd il öncə İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq.
COP29 Azərbaycanın keçdiyi inkişaf yolunun təqdimatında növbəti platforma oldu. Tədbir çərçivəsində Liderlər Sammitindəki çıxışında diqqət bu gün Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə yönəldən cənab İlham Əliyev bildirdi ki, ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələri təqdir edilir. Ölkəmizin azad edilmiş ərazilərimizdə apardığı genişmiqyaslı bərpa-quruculuq işləri məhz Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanır. COP29 çərçivəsində keçirilən görüşlərdə, Liderlər Sammitində o da bildirildi ki, sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da sülhü yarada bilmərik.
Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatına 4 il ardıcıl olaraq yekdilliklə sədr seçilməsi, İslam Əməkdaşlıq Təşkilatında fəal təmsil olunması, eləcə də ötən il 200 ölkənin yekdil qərarı ilə COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuz və qüdrətinin göstəricisidir. Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilən COP29 uzun illər ərzində qurulmuş səmərəli diplomatik münasibətlərin, Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin nəticəsidir. Azərbaycanın iqtisadi müstəqilliyi beynəlxalq münasibətlər sistemində yeri və rolunun daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Ölkəmiz təbii resurslarla zəngin ölkədir. Onlardan səmərəli istifadə etibarlı, arzuolunan tərəfdaş kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt, o cümlədən külək enerjisi üzrə 3000, günəş enerjisi üzrə 23000, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlara əsasən Dünya Bankı «Doing Business» hesabatında Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirir. Dövrün, zamanın tələblərinə uyğun olaraq islahatlar prosesinin dərinləşdirilməsi Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirir. COP29 tədbirinin iştirakçıları da ölkəmizin dayanıqlı iqtisadi inkişafından heyrətlərini gizlətmirdilər. Azərbaycanın təkmil inkişaf modeli tədbir çərçivəsində aparılan müzakirələrdə təqdir edildi. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə hesablanmış mühüm addımlarındandır. Yeni əməkdaşlıq formatları yaradıldı, enerji layihələri gündəmə gətirildi, icrasının uğurla başa çatdırılması üçün ciddi addımlar atıldı. Bu reallıq beynəlxalq səviyyədə də xüsusi qeyd edilir ki, Azərbaycanın iqştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihlərinin hər biri uğurlu sonluqla başa çatdırılır. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsini yaşadığı 2020-ci ildə Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TAP istifadəyə verildi. Cənab İlham Əliyev koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin başlandığı ilk gündən bu çağırışı etdi ki, iqtisadi islahatlar dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Azərbaycan həmin illərdə iqtisadi artımı ilə diqqətdə oldu. İslahatlar prosesi daha da dərinləşdirildi. Özünüməşğulluq proqramı uğurla icra edildi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atıldı. Bütün bunlar ölkəmizin dayanıqlı iqtisadi inkişafının göstəricisi kimi dəyərləndirildi.
Hazırda Azərbaycanın iqtisadi inkişafının əsas göstəricilərindən biri azad edilmiş ərazilərdə bərpa işləridir. 4 ildə 5 şəhərin, 4 kəndin sakinlərinə qovuşması, həmçinin ilin sonuna qədər Xankəndi və Kəlbəcər şəhərlərinə də qayıdışın nəzərdə tutulması iqtisadi imkanlarımızın təsdiqidir. Cənab İlham Əltyenv bildirir: «Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur.» Bu ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə əsas prioritetlər sırasındadır. O da qeyd edilir ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqyası bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub.
Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında dost ölkələrin böyük dəstəyi var. Türkiyədən olan şirkətlər bu prosesdə fəal iştirak edirlər. Azad edilmiş torpaqlarda türk dünyasının birliyini əyani şəkildə görürük. Bu, həm bizi sevindirir, həm də bütün türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir. Qeyd edək ki, azad edilmiş torpaqlarda türkdilli ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən Füzuli rayonunda inşa edilib. Bir məktəbin təməlini isə bu il Qırğızıstan Prezidenti ilə cənab İlham Əliyev Ağdam rayonunda qoydular. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni bütün bunlar bir daha birliyimizi göstərir.
COP29 bir daha türk dünyasının birliyinin təqdimatı oldu. Cənab İlham Əliyevin türk dövlətlərinin liderləri ilə ikitərəfli görüşləri, eyni zamanda, imzalanan sənədlər də bunun bariz nümunəsidir. Tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü zamanı Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi oldu. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, bu fabrik birliyimizin daha bir rəmzidir: «Mən qardaşım Şavkat Miromonoviçə minnətdarlığımı bildirirəm ki, bizim özbək dostlarımız qısa müddətdə Xankəndidə minlərlə insanın çalışacağı və təbii ki, mütləq əksəriyyəti qadınlardan ibarət gözəl müəssisənin yaradılmasına kömək göstərdilər. Bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır. Özbək qardaşlarımız isə yenə burada birincidirlər. Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular, işğaldan azad edilmiş ərazilərdə belə böyük bir müəssisə yaratmaqda bizə ilk köməyi göstərdilər.» Qeyd edək ki, bu tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın rəmzi olaraq ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ənənəvi dostluq, iqtisadi tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirir.
Azərbaycanın iqtisadi inkişaf strategiyasını düzgün müəyyənləşdirməsi hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməyi şərtləndirir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin hər biri bu imkanların təqdimatında öz sözünü deyir. «Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır» söyləyən cənab İlham Əliyev bildirir ki, o bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.
Yeganə Əliyeva, "İki sahil"