RU

Rusiya çıxılmaz durumda: “Dost ölkələr” Moskvanı Səudiyyə Ərəbistanına “satdılar”

Asiya ölkələri Səudiyyə Ərəbistanından neft alışını artırır, Rusiyadan isə azaldır. Bu, regionda neftə tələbatın ümumi azalması fonunda baş verir. Gələn il tədarükçülər arasında rəqabət daha da şiddətlənə bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri yazıb.

Səudiyyə Ərəbistanının Asiya ölkələrinə neft tədarükünün həcmi ənənəvi olaraq Rusiya neftini üstələyir. Amma son üç ayda fərqdə artım müşahidə olunub ki, bu da noyabrda xüsusilə nəzərə çarpıb. “LSEG Oil Research”in məlumatına görə, Səudiyyə neftinin orta gündəlik idxalı oktyabrda 5,28 milyondan 5,83 milyon barelə yüksəlib, Rusiya nefti isə 3,96 milyondan 3,51 milyon barelə düşüb ki, bu da yanvar ayından bəri ən aşağı səviyyədir.

Beləliklə, aylıq tədarüklərdə fərq 2,32 milyon barel təşkil edib. Bundan əvvəl belə hal olmayıb.

“Rusiya neftdən xarici valyuta əldə etmək üçün mahiyyət etibarilə yalnız Çin və Hindistana güvənir, Səudiyyə Ərəbistanı isə daha müxtəlif müştəri bazasına malikdir. Eyni zamanda, hər iki əsas alıcı Yaxın Şərq neftini Rusiyadan üstün tutur”, - “Reuters” qeyd edir.

Çin Rusiyadan neft alışını 2,19 milyondan 2,04 milyona, Hindistan isə 1,75 milyondan 1,47 milyona endirib. Eyni zamanda, Çin Səudiyyə Ərəbistanı neftinin idxalını 1,62 milyondan 1,68 milyona, Hindistan isə 610 mindən 770 minə yüksəldib.

Yenidən bölüşdürülmə Rusiyanın kölgə donanmasının tankerlərinə qarşı Qərbin sanksiyalarının sərtləşdirilməsi fonunda baş verir. Keçən həftə Böyük Britaniya 30 gəmini qara siyahıya saldı və bununla da məhdudiyyətlər altında olan tankerlərin sayı 73-ə çatdı. Yəni Rusiya üçün neft və neft məhsullarını çatdırmaq üçün gəmi tapmaq daha çətin olacaq.

Избранный
1
3
publika.az

5Источники