RU

“Əlçatan metro” layihəsi nədir və kimlər yararlana bilər? - Metropoliten rəsmisindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür.

 

2024-cü ilin əvvəlinə aid olan rəsmi məlumatlara əsasən, Azərbaycanda əlilliyi olan şəxslərin sayı 503 min 685 nəfərdir. Bu da Azərbaycan əhalisinin 5 faizi deməkdir. Onların əksəriyyəti paytaxt Bakıda yaşayır. Onlardan 18 və yuxarı yaşda əlilliyi olan şəxslərin sayı 456 min 448 nəfərdir. Qalanı əlilliyi olan uşaqlardır. Onların sayı 47 min 237 nəfərdir. Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 67 min 300 nəfər var. Rəsmi hesablamalar olmasa da, güman etmək olar ki, hər 3 əlildən biri əlil arabası olmadan hərəkət edə bilməz.

 

Qlobal istiləşmə ilə mübarizə apardığımız bu dövrdə ən çox təbliğ olunan məsələ ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsidir. Həmçinin şəhərdə yaşayan vətəndaşların ictimai nəqliyyatdan istifadə etmədən rahat yaşaması demək olar ki, qeyri-mümküdür.Qeyd edək ki, Bakı metrosundan bu ilin 10 ayı ərzində 189 milyon sərnişin istifadə edib. Bu gündəlik təxminən 630 min sərnişin deməkdir. Avtobusla 1 milyard 426 milyon sərnişin daşınıb. Bu da bir gündə təxminən 4 milyon 753 min sərnişin deməkdir. Avtobus və metro qatarlarında əlil arabaları üçün yerlər ayrılsa da, əlilliyi olan şəxslərin ikinci bir şəxsin köməyi olmadan ictimai nəqliyyatdan rahat şəkildə istifadə etdiyini demək doğru olmaz. Belə ki, xüsusi pandusla təchiz edilən avtobuslar olsa da, qərarla təsdiq olunan qaydalarda avtobusdakı pandusların kim tərəfindən açılmalı olması və əlil arabasında olan sərnişinə kimin yardım etməsi məsələsi açıq qalıb. Bununla belə, əgər əlil arabasında olan sərnişini müşayiət edən və ya ona könüllü yardım edən şəxs yoxdursa, onun pandusla avtobusa minməsini və düşməsini sürücü həyata keçirir.Bakı Metropoliteninin istifadə qaydalarının 5.1.27-ci bəndinə əsasən metopoliten ərazisində diyircəkli konkilərdə, lövhələrdə və digər analoji təkərli və diyircəkli vasitələrdə hərəkət etmək qadağandır. Xarici təcrübədə əlilliyi olan şəxslər üçün metrolarda xüsusi liftlər fəaliyyət göstərir. Həmin şəxslər birbaşa, heç kimdən kömək almağa ehtiyac qalmadan lift vasitəsilə metroya daxil ola bilirlər.

 

Maraqlıdır, Bakı metrosunda bu proses necə işləyir?

 

Mövzu barədə Sfera.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, Bakı Metropoliteni ərazisində yalnız sonradan istifadəyə verilən Bənövşəyi xətt üzrə stansiyalarda əlilliyi olan şəxslərin metroya daxil olması üçün liftlər quraşdırılıb, 3 stansiya istisna olmaqla digər stansiyalarda əlillər üçün belə bir imkan yoxdur:

 

“Bakı Metropolitenində müasir dövrün tələbatlarının tam tətbiq olunduğu inşaat sahəsi Bənövşəyi xəttdə başlayıb, bu səbəbdən Bənövşəyi xəttin 3 yeraltı stansiyasının hər birində liftlər quraşdırılıb. Əfsuslar olsun ki, ona qədər inşa olunmuş stansiyaların hər hansında liftlərin quraşdırılması hazırda qeyri-mümkündür”. 

 

Onun sözlərinə görə, bu səbəbdən 2019-cu ildən Bakı Metropolitenində dünya təcrübəsində də olan bir layihə əsasında əlil arabalarının daşınması xidməti təşkil olunub:

 

““Əlçatan metro” layihəsi əsasında müvafiq sosial kateqoriyadan olan sərnişinlər 1 saatdan 24 saata qədər olan müddət ərzində müəyyən olunmuş mobil telefona (+994 50 268 00 65) zənglə, yaxud sms yazaraq sifariş verə bilərlər. Sifarişi icrasına 20 dəqiqə qalmışa qədər ləğv etmək mümkündür. Sifariş daxil olan kimi Bakı Metropoliteninin aidiyyəti üzrə əməkdaşları həmin şəxslə əlaqə saxlayır, onu lazım olan stansiyanın önündə qarşılayır sonra texniki qurğular vasitəsilə pilləkənlər və eskalatorlardan stansiyanın platformasına endirilir”. 

 

B.Məmmədov qeyd edib ki, pandemiya dövründə müəyyən məhdudiyyətlər olduğu üçün xidmətin genişləndirilməsi qeyri-mümkün olsa da, lakin indi sifarişlərin artımı müşahidə olunur:

 

“Artıq əvvəkli illərin daşınma rekordu yenilənib, ən çox sərnişin məhz bu ilin yanvar-oktyabr aylarında qeydə alınıb. Ümumilikdə, xidmət üzrə fəaliyyət göstərən əməkdaşların hər biri xüsusi təlimlər keçiblər və daimi olaraq onlar üçün məşğələlər təşkil olunur. Eyni zamanda, bu istiqamətdə monitorinqlər də aparılır. Hazırda qarşıdakı dövr üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə növbəti monitorinqlərin aparılması istiqamətində işlər başlanılacaq”. 

 

Metropoliten rəsmisi vurğulayıb ki, “Əlçatan metro” layihəsindən təkcə əlil arabası istifadəçiləri deyil, eyni zamanda, ahıl və yaşlı insanlar kimi metrostansiyalara enib-qalxma məhdudiyyəti olan hər kəs istifadə edə bilər:

 

“Buraya uşaq arabaları da daxildir. Bildiyimiz kimi, metrostansiyalarda uşaq arabalarından istifadə qadağandır, lakin həmin şəxslər əvvəlcədən xidməti sifariş verərək bundan yararlana bilərlər. Xidmət pulsuzdur və bundan sonra da xidmətin inkişafı üçün dünyada olan müasir texnologiyalar, texniki və insan resursları diqqətdə saxlanılır”.

 

Qeyd edək ki, Azərbaycan 2008-ci ilin oktyabrında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyaya qoşulub. Konvensiya sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətin istənilən sahəsində tam iştirakının təmin edilməsinə, fiziki çətinlik əlamətinə görə ayrı-seçkiliyin ləğvinə, fiziki çətinliyi olan şəxslərin müdafiəsinə, onların insan hüquqlarının və əsas azadlıqlarının həyata keçirilməsinə və bunun üçün səmərəli hüquqi mexanizmlər yaradılmasına yönəlib. Hazırda Bütün Avropada geniş müzakirə olunan sosial inteqrasiya məsələlərinin həlli üçün müxtəlif ölkələrdə fərqli yanaşmalar olsa da, ümumi yanaşma bundan ibarətdir ki, hökumətlər öz ölkələrinin əhalisi üçün elə bir şərait formalaşdırmağa çalışmalıdırlar ki, bu şərait daxilində hər bir fərd həm cəmiyyətin sosial həyatına fəal şəkildə qoşulsun, həm də mövcud ictimai norma və dəyərləri rahat qavraya bilsin.

 


Firuzə Əliyeva
 

Избранный
24
sfera.az

1Источники