RU

Kişilər boşanmadan niyə çəkinir? - Psixoloq səbəbləri sadaladı

Boşanma üçün ilk addımı atanların qadınlar olması müəyyən iddialar yaradır. Hətta çoxları buna görə kişilərin ailəsinə daha bağlı, boşanmadan çəkinən və evliliyini bitirmək istəməyən tərəf olduğunu düşünür.
 
“Cəmiyyətdəki “ailəni ən çox qadınlar dağıdır, kişilər isə boşanmaqdan çəkinirlər” fikrinin formlaşmasının statistik əsası var”.
 
Bunu “Yeni Sabah”a psixoloq Elnarə Kərimova bildirib.
 
Onun sözlərinə görə, belə bir fikrin yaranmasında bir sıra səbəblər mövcuddur:
 
“Mediasiya və sonrakı mərhələdə məhkəməyə təqdim olunan boşanma ərizələrinin 80 faizindən çoxunu qadınlar yazır. Yəni boşanma istəyi qadınlardan gəlir. Amma bu, əksər hallarda qarşı tərəfin, yəni kişinin hərəkətlərindən yaranan nəticədir. Cəmiyyət isə daha çox səbəbi yox, nəticəni müzakirə etməyi xoşladığından bu məqam arxa planda qalır. Məsələn, kişi xəyanət edir, qadın bir neçə dəfə bağışlayır, ancaq müəyyən müddət sonra xəyanətin davamlı olduğunu görür və boşanmaya ərizə təqdim edir. Yaxud fiziki zorakılıqla üzləşir, dəfələrlə valideynlər məsələyə müdaxilə edir, ər-arvadı barışdırır, lakin sonda qadın dözmür və boşanır.
 
Cəmiyyət bunu qadının dözümsüzlüyü ilə eyniləşdirir və onun bütün bu fiziki, mənəvi, hətta cinsi zorakılığa dözməli olduğunu düşünür. Bütün bunların fonunda isə cəmiyyətdə ikinci bir müzakirə açılır və kişilərin boşanmamaq üçün israr etdiyi qənaəti yaranır. Bunu kişilərin daha çox ailəcanlı olması, ailənin dağılmasından qorxması kimi şərh edirlər”.
 
Ekspert vurğulayıb ki, əslində, kişilərin boşanma üçün məhkəməyə müraciət etməməsinin bir çox səbəbi var:
 
“Bura iqtisadi-sosial səbəblər daxildir. Əmlak bölgüsü, aliment, boşanan və s. Amma bir də psixoloji səbəblər var ki, bunlar da bir az mentalitetdən, bir az cəmiyyətin reaksiyasından, bir az dünyagörüşündən, bir az da qadın-kişi bərabərliyinin bir çox hallarda ancaq qanun müddəaları olaraq qalmasından qaynaqlanır. Məsələn, kişi düşünür ki, qadını, ailəsini maddi cəhətdən təmin edirsə, özü evdən kənarda hansısa münasibət qura bilər və bunun üçün qınaq obyekti olmamalıdır.
 
Qadın evdədirsə, kişi üçün bu rahatlıq təmin edir. Yəni kişi arxayındır ki, qadın evdədir, uşaqlarla maraqlanır, onları tərbiyə edir, problemlərini həll edir, belə olan halda hətta artıq sevmədiyi xanımı ilə münasibəti rəsmən pozmaq istəmir. Çünki boşanmaq ona əlavə problemlər yaradacaq, ortada qazancın ikiyə bölünməsi, əmlak bölgüsü, aliment, uşaqlarla görüşməkdə məhdudiyyətlər yarana bilər. Yaxud digər qrup kişi hesab edir ki, artıq sevmədiyi, bir ortamda olmaqdan maksimum yayındığı həyat yoldaşı ilə rəsməm boşanmaq həmin qadına azadlıq verməkdir ki, bunu da sonunda milli mentalitetə bağlamaq cəhdləri var.
 
Üstəlik, kimsə kişinin ailənin, evin xaricindəki həyatına müdaxilə etmirsə, həmin kişi üçün bu, ideal həyatdır. Belə həyatda o, həm evli kişi kimi cəmiyyətdəki statusunu qoruyur, həm də istədiyi həyatı yaşayır. Ona görə də hətta sevmədiyi, anlaşa bilmədiyi, daim şikayətləndiyi, ən əsası isə xoşbəxt olmadığı və birlikdə xoşbəxt uşaqlar böyüdə bilmədikləri halda belə, həyat yoldaşından rəsmən ayrılmaq istəmir”.
 
Избранный
1
3
moderator.az

4Источники