"Zorakılığa görə məsuliyyət avropalı siyasətçilər, yerli agentura və beşinci kolonun üzərinə düşür..."
Gürcüstan Ukrayna Maydanı ssenarisinə imkan verməyəcək. 2013-cü il Ukraynasından fərqli olaraq, Gürcüstan güclü təsisatları olan müstəqil dövlətdir.
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan baş naziri İrakli Koxabidze jurnalistlər üçün brifinqdə bəyan edib. Məlumatı "Novosti-Qruziya" nəşri yayıb.
Koxabidze Tbilisidəki etirazları avropalı siyasətçilər və "yerli agenturanın" üzərinə qoyub. Baş nazir bəyan edib ki, ölkə hakimiyyəti Ukrayna Maydanı ssenarisinə imkan verməyəcək.
"2013-cü ilin Ukraynasından fərqli olaraq, Gürcüstan güclü təsisatları, ən başlıcası, təcrübəli və müdrik insanları olan müstəqil dövlətdir. Maydan ssenarisi Gürcüstanda gerçəkləşə bilməz. Gürcüstan dövlətdir və buna yol verməyəcək", - Koxabidze deyib.
"Zorakı mitinqlərə görə əsas məsuliyyət avropalı siyasətçilər və bürokratlar, yerli agentura, dörd siyasi partiyanın timsalında təmsil olunan "beşinci kolon"un üzərinə düşür", - o, deyib.
Onun fikrincə, noyabrın 30-a keçən gecə Tbilisidə polis "ölkənin Konstitusiya quruluşuna hücumun" qarşısını alıb, onun suverenliyi və müstəqilliyini müdafiə edib. O, DİN əməkdaşları və şəxsən daxili işlər naziri Vaxtanq Qomelauriyə minnətdarlıq edib.
Noyabrın 28-də hakimiyyət 2028-ci ilədək ölkənin Avropa İttifaqına daxil olması barədə məsələnin gündəlikdən çıxarılması barədə elan edib.
Bu, Avropaya inteqrasiya tərəfdarlarının gözlənilən kəskin realksiyasına səbəb olub. Belələri son sorğuların nəticələrinə görə seçicilərin təxminən 90 faizini təşkil edir.
Gürcüstanın müxtəlif şəhərlərində geniş miqyaslı kortəbii etirazlar artıq üçüncü gündür ki, davam edir. Tbilisidə xüsusi təyinatlılar nümayişçiləri dağıdır.
Onlara qarşı su şırnaqları, gözyaşardıcı qazlar və bibər balonlarından istifadə edir. Güc strukturları etirazçıları təqib edir, jurnalistlərə hücum edir.
Etirazlar nəticəsində 300-dən artıq nümayişçi saxlanılıb, yüzlərlə adam zərər çəkib. Onların arasında 20-dən çox KİV nümayəndəsi var.