Prezident Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.1news.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı COP29 zamanı Yəmənin vitse-prezidenti ilə görüşünü xatırladaraq, bunun əlaqələrimizin tarixində bu səviyyədə ilk görüş olduğunu qeyd etdi və orada müzakirə olunan məsələlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev ilk növbədə beynəlxalq müstəvidə qarşılıqlı dəstəyin davam etdirilməsinin, iqtisadi sahədə, o cümlədən ticarət, sərmayə qoyuluşu və digər istiqamətlərdə imkanların araşdırılmasının zəruriliyini bildirib. Səfir əvvəlcə Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Aliminin salamlarını və Azərbaycan xalqının rifahı ilə bağlı yeni uğurlar arzusunu Prezident İlham Əliyevə, həmçinin Yəmən xalqının salamlarını Azərbaycan xalqına çatdırıb. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Yəmən Prezident Şurasının sədrinə çatdırmağı xahiş edib. Məhəmməd Saleh Əhməd Turiq eyni zamanda bu günə qədər beynəlxalq təşkilatlar çərçivəsində Yəmənə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və bunu yüksək qiymətləndirdiklərini deyib. Səfir COP29-un çox yaxşı səviyyədə təşkili ilə bağlı təbriklərini ifadə edərək vurğulayıb ki, bu tədbir dövlətimizin başçısının müdrik rəhbərliyini bütün dünyaya göstərdi, COP29-da iştirak edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gücünün, qüdrətinin bir daha şahidi olublar. Məhəmməd Saleh Əhməd Turiq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bu yaxınlarda Qarabağa səfərini məmnunluqla xatırladı və bundan şərəf duyduğunu dedi. Səfir dövlətimizin başçısının rəhbərliyi ilə orada aparılan bərpa və quruculuq işlərinin böyük heyranlıq doğurduğunu vurğuladı, qısa müddətdə şəhərlərin salınmasının, yol-nəqliyyat qovşaqlarının, tunellərin ərsəyə gətirilməsinin Azərbaycan dövlətinin gücünün bir daha təzahürü olduğunu qeyd edib. Diplomat Yəmənin hər zaman Azərbaycanın yanında olduğunu deyərək, iki qardaş ölkə arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirib. Səfir Yəmənin iqtisadi sahədə də Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı və bununla bağlı ölkəsinin iş adamlarının Azərbaycana səfərinin təşkilinin önəmini qeyd etdi. Hələ sovet dövründə Azərbaycanda Yəməndən çoxsaylı tələbənin təhsil aldığını və həmin mütəxəssislərin müxtəlif sahələrdə Yəmənin inkişafına töhfə verdiklərini deyən səfir yəmənli tələbələrin ölkəmizdə təhsil alması ənənələrinin davam etdirilməsinin vacibliyinə toxunub. Söhbət zamanı Azərbaycanın və Yəmənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub, iqtisadiyyat, ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə işbirliyi imkanlarının araşdırılmasının vacibliyi bildirilib. 11:13Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumatı yayıb.