RU

Ceyhun Bayramov İƏT XİN Şurasının iclasında COP29-un nailiyyətlərindən danışdı

Image

Dekabrın 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Məşhəd şəhərinə işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Ceyhun Bayramov çıxışında İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, Təşkilatın institusional inkişafı, iqtisadi-ticarət, enerji təhlükəsizliyi, ətraf mühit, nəqliyyat və kommunikasiyalar, bağlantılar və sair istiqamətlər üzrə əməkdaşlıq imkanlarından istifadə ilə bağlı ölkəmizin baxışından bəhs edib.

Nazirlər Şurasının 28-ci iclasının İƏT-in 2023-cü il oktyabrın 10-da Şuşa şəhərində keçirilən görüşündən bəri Təşkilatın ehtiyacları və üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının gücləndirilməsi ilə bağlı əldə olunan irəliləyişlər və gələcək planların müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.

2024-cü ildə Təşkilata sədrliyinə, habelə Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasının təşkilinə və qonaqpərvərliyə görə İran İslam Respublikasına təşəkkür edilib, Təşkilata növbəti il sədrlik edəcək Qazaxıstan Respublikasına uğurlar arzulanıb.

Növbəti il ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi etmək niyyətində olduğu, bu istiqamətdə bütün üzv ölkələrin aktiv iştirak və töhfələrinin vacibliyi diqqətə çatdırıb.

Üzv dövlətlər arasında mövcud iqtisadi potensiala əsaslanan, bu istiqamətdə regional çağırışlarla mübarizədə hədəfləri təsbit edən və dayanıqlı inkişaf gündəliyi ilə uyğunluq təşkil edən “İƏT-ə Baxış 2025” strategiya sənədinin əhəmiyyəti vurğulanıb.

İƏT çərçivəsində müxtəlif sahələr, o cümlədən ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, turizm, ətraf mühitin qorunması üzrə əməkdaşlığın təşviqi baxımından ixtisaslaşmış qurumların fəaliyyətinin vacibliyi qeyd olunub. İƏT Araşdırma Mərkəzi və Təmiz Enerji Mərkəzinin ölkəmizdə fəaliyyət göstərəcəyi, bu baxımdan sözügedən qurumların effektivliyinin təmin olunması üzrə onların təsisat sənədlərinin imzalanması və ratifikasiyasının mühüm olduğu qeyd edilib.

İƏT ölkələrinin bir çoxunun dənizə çıxışı olmadığını nəzərə alaraq, xüsusilə, Şimal-Cənub Dəhlizi, Şərq-Qərb Transxəzər Orta Dəhliz, Rəqəmsal İpək Yolu, Bakı-Tbilisi-Qars dəmiryolunun modernləşdirilməsi, habelə İran ərazisindən keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi bölgəsini əlaqələndirəcək regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.

Ötən ay ölkəmizin ev sahibliyi etdiyi, İƏT regionunda ilk dəfə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsindəki nailiyyətlərdən ətraflı bəhs edən nazir Bakı Maliyyə Məqsədi daxil olmaqla, COP29 çərçivəsində əldə edilmiş razılıqların iqlim dəyişikliyi ilə mübarizə istiqamətində vacib dönüş nöqtəsi olduğunu bildirib.

Regional dayanıqlı inkişaf təşəbbüslərindən bəhs edən Ceyhun Bayramov bu istiqamətdə COP29 çərçivəsində imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in bölgəmizdə iqtisadi inkişaf və enerji təhlükəsizliyinin təminində müstəsna rol oynayacağına dair inamını ifadə edib.

Sonda “Məşhəd Kommünikesi” adlı yekun sənəd qəbul edilib.

ZÜMRÜD





Избранный
7
18
baki-xeber.com

10Источники