RU

Türkiyə və Rusiya ordusu Suriyada bir-biri ilə toqquşa bilər?

Image

Elşad Musayev: "Hazırda Rusiyanın durumu imkan vermir ki, həm Ukrayna, həm də Suriya cəbhəsində əvvəlki gücü ilə döyüşə bilsin"

Suriyada üsyançıların irəliləməsi Türkiyənin Rusiya ilə münaqişəyə cəlb olunma risqini artırır. İddialara görə, Türkiyə qiyamçıların irəliləməsinə razılıq verib.

"Reuters" isə, Türkiyə rəsmilərinə istinadən, bu əməliyyatın əvvəlcə məhdud bir əməliyyat kimi planlaşdırıldığını, lakin Suriya ordusunun geri çəkilməsi ilə əməliyyatın genişləndiyini bildirib.

Qeyd edək ki, Suriyada bir neçə gün əvvəl müxalif silahlı qruplar Əsəd rejiminə qarşı qəfil hücum əməliyyatına başlayıblar. Artıq Hələb və İdlibi tam ələ keçirən müxaliflər Hamaya doğru irəliləyirlər.

Belə proqnozlar var ki, Suriyada Türkiyə və Rusiya silahlı qüvvələri toqquşa bilər. Bu ehtimal doğrula bilərmi?

Baki-xeber.com-un sualına cavab verən siyasi şərhçi Elşad Musayev bildirdi ki, Suriyada müxalifət qüvvələri artıq İdlib və Hələbi ələ keçirib, hələ də irəliləyir: "Bu məsələyə münasibətdə müxtəlif yanaşmalar ola bilər. Bölgədə müxtəlif maraqlar toqquşur, İran daha çox narahatdır. Hazırda İran, Türkiyə və Rusiya xarici işlər nazirləri mütəmadi təmaslarla bölgədə inkişaf edən prosesləri diqqətlə izləyirlər. Bölgədə ABŞ və İsrailin böyük maraqları var.

2017-ci ildə bölgədə sabitliyin yaradılması üçün Rusiya, Türkiyə və İran arasında bir razılaşma olub. Əvvəllər müxaliflərin irəliləməsinə Türkiyə ciddi maneə törədirdi ki, bölgədə gərginlik artmasın. Amma bunu da qeyd edək ki, Bəşər Əsəd vədinə əməl etmədi. Yəni Türkiyədə olan beş milyon qaçqın və müxalifət qüvvələrinə qoşulan əhali öz yurd-yuvalarına qayıtmaq istəyirdi. Əsəd də buna razılaşmışdı, amma bunu təmin etmədi. Ona görə də Türkiyə müxalif qüvvələrin hərəkətinə mane olmadı. Əslində Siriyada baş verənlərin İrana heç bir dəxli yoxdur, bu, rəsmi Tehranın hegemonluq iddiasıdır. Türkiyəyə isə Suriyada toplaşan PKK/PYD kürd terrorçu dəstələri daima təhdid yaradır.

İranın narahatlığı isə anlaşılan deyil, o bu müdaxilədən əl çəkməlidir.

Hesab edirəm ki, əvvəllər Əsəd müxalif qüvvələrin qarşısında müttəfiqlərinin köməyi ilə müqavimət göstərə bilirdi. Amma indi Rusiya və İran öz problemlərindən dolayı ona əvvəlki dəstəyi verə bilmir. Bu səbəbdən Əsəd rejiminin sonunun yaxınlaşdığı hiss edilir. Hazırda Rusiyanın durumu imkan vermir ki, o həm Ukrayna, həm də Suriya cəbhəsində əvvəlki gücü ilə döyüşə bilsin. Ona görə də Suriyada Rusiya ilə Türkiyənin toqquşacağına inanmıram. Əksinə, Türkiyənin mövqeləri bölgədə güclənib və rəsmi Ankara şərtləri diqtə edən tərəflərdən biri olacaq".

Dəniz NƏSİRLİ





Избранный
35
48
baki-xeber.com

10Источники