Azərbaycan çempionu “Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica bu qış transfer pəncərəsi dönəmində ölkəsinə qayıda bilər.
Arena.az xəbər verir ki, bu barədə Albaniyanın “Panorama” nəşri məlumat yayıb.
Nəşr “Partizani” klubunun 26 yaşlı hücumçunu heyətinə cəlb etmək istədiyini yazıb.
“Partizani” hazırda Albaniya çempionatında liderdir. Bu klub 17 dəfə ölkə çempionu olub.
Məlumatda qeyd edilir ki, Cicanın Ağdam klubu ilə 2026-cı ilin yayına qədər olan müqaviləsi var. Onu birdəfəlik transfer etmək üçün yüksək məbləğ tələb olunur. Bu səbəbdən, “Partizani” hazırkı mövsümün ikinci yarısı üçün futbolçunu icarə qaydasında transfer etmək istəyir.
Cica Albaniya mətbuatına verdiyi müsahibədə “Qarabağ”da istədiyi oyun şansını qazana bilmədiyi üçün qışda Albaniyaya qayıdacağını istisna etməyib.
Redon Cica bu mövsüm “Qarabağ”da bütün turnirlər çərçivəsində 10 oyunda meydana çıxıb. O, bu oyunlarda 3 qol vurub.
Xatırladaq ki, Redon Cica 2023-cü ilin yanvar ayından “Qarabağ”ın uğurları üçün çalışır. 26 yaşlı hücumçu Ağdam klubunun heyətində bütövlükdə 62 oyuna çıxıb. O, bu oyunlarda 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Laçi” və “Tirana”da oynamış Cica, Albaniya milli komandasında da 2 oyun keçirib.
“Transfermarkt” internet-portalı 26 yaşlı hücumçunun transfer dəyərini 400 milyon avro məbləğində qiymətləndirir.