RU

Riyaziyyat fənni üzrə 58 ölkə arasında 38-ci yerdəyik

Dekabrın 4-də TIMSS 2023 (Riyaziyyat və Təbiət Elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı) beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, nəticələrə əsasən,  Azərbaycan 4-cü sinif riyaziyyat fənni üzrə 494 balla 58 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Təbiət elmləri üzrə nəticə isə 422 bal olub. Bu nəticələr ötən tədqiqat dövrü ilə müqayisədə daha aşağıdır. Azərbaycanın 4-cü sinif üzrə riyaziyyat nəticələri Fransa, Belçika (Fransız), Yeni Zelandiya, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yaxşı olub.

4-cü sinif üzrə tədqiqatın ilk beşliyində Sinqapur, Çin (Taypey), Koreya Respublikası, Honkonq və Yaponiya yer alıb.

8-ci sinif üzrə tədqiqatda ilk dəfə iştirak edən şagirdlərimiz riyaziyyat fənni üzrə 479 balla 44 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Azərbaycanın riyaziyyat fənni üzrə nəticəsi iştirakçı ölkələrin ortalamasından yüksək olub. Bu nəticə Portuqaliya, Gürcüstan, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yuxarıdır. 8-ci sinif üçün təbiət elmləri üzrə nəticəmiz isə 411 bal təşkil edib. Təbiət elmləri üzrə nəticəmiz isə ortalamadan aşağı olub.

Təhsil İnstitutu tərəfindən nəticələrin ilkin təhlili onu göstərir ki, həm 4-cü, həm də 8-ci sinifdə şagirdlər bilik əsaslı suallara daha yaxşı cavab verdiyi halda onların çoxu tətbiqetmə və əsaslandırma bacarıqları tələb edən suallarda çətinlik çəkiblər. Şagirdlər həm riyaziyyat, həm də təbiət elmləri üzrə qapalı tipli test tapşırıqlarına daha yaxşı cavab verdikləri halda açıq tipli suallarda aşağı nəticə göstəriblər.

Təhsil İnstitutu tərəfindən TIMSS 2023 nəticələrinin ətraflı təhlili aparılaraq tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində təkliflər və iş planı hazırlanacaq.

Qeyd edək ki, TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatı 1995-ci ildən bəri 4-cü və 8-ci sinif şagirdləri arasında riyaziyyat və təbiət elmləri üzrə bilmə, tətbiqetmə və əsaslandırma bacarıqları istiqamətində ölçməni həyata keçirir. Hər dörd ildən bir keçirilən tədqiqatın sonuncu dövründə 70-dən çox ölkə iştirak edib. Azərbaycan TIMSS tədqiqatına 2011-ci, 2019-cu və 2023-cü illərdə qoşulub. Ölkəmiz 2023 tədqiqatında ilk dəfə olaraq həm də 8-ci sinif səviyyəsində qatılıb. Əvvəlki dövrlərdən fərqli olaraq 2023-cü ildə tədqiqat ölkəmizdə ilk dəfə kompüter əsaslı (eTIMSS) keçirilib.

Избранный
24
4
qafqazinfo.az

10Источники