Yeni il öncəsi demək olar ki, bütün marketlərdə uşaqlar üçün müxtəlif şirniyyat məhsullarından ibarət hazır paketlənmiş hədiyyələr satışa çıxarılır.
Bəzən bu hədiyyə paketlərində vaxtı keçmiş məhsullara da rast gəlinir.
Belə halların qarşısını almaq üçün bu məhsullara necə nəzarət olunur? Ümumiyyətlə, hədiyyə paketlərini alarkən nələrə diqqət etmək lazımdır?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, hər il Yeni şənliklərində biznes qurumları vaxtı keçmiş, yararsız vəziyyətdə saxlanılmış malları bir çox hallarda ekzotik qablarda qablaşdıraraq Yeni il şənlikləri təşkil edən müəssisələrə və ya birbaşa istehlakçılara satırlar:
"Bu problem illərdir davam edir. Doğrudur, keyfiyyət yüksəlməsi də baş verir. Lakin birlik böyük bir biznes qurumun bu kampaniyası yarıda saxlamağa nail oldu.
Təəssüf ki, valideynlər aldıqları hədiyyə qutularını Yeni il şənliklərində uşaqlarına verirlər. Onlar hədiyyələrin içindəkilərə diqqət etmir, uşaqlar isə həmin təhlükəli məhsulları yeyirlər.
Yeni il şənliklərindən sonra Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlərdən biricisi də yeni il qutularının içindəki məhsullardan zəhərlənmələrlə bağlı olur. Bu məsələyə son qoyulmalıdır".
Eyyub Hüseynov bildirib ki, istehlakçılar da diqqətli olmalıdırlar:
"Qida Təhlükəsizliyi Agentliyi mümkün olan işləri görsələr də, bəzi “işbazlar” istehlakçıların hüquqlarını pozurlar. İstehlakçılar bu qutuları alarkən onların buraxılma və son istifadə müddətində nəzər yetirsinlər. Eyni zamanda qutunun içindəki məhsulların da son istifadə tarixinə baxsınlar.
Yararsız məhsullar olduqda istehlakçılara tövsiyə edirəm ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003” çağrı mərkəzinə məlumat versinlər. Eyni zamanda istehlakçılar aldıqları qutuların çekini saxlasınlar ki, problem yarandıqda məhsulu qaytara bilsinlər.
Qeyd edim ki, istehlakçılar bu qutuların qiymətindən də narazıdırlar. Düşünürəm ki, İqtisadiyyat Nazirliyinin müvafiq qurumları bu məsələlərə diqqət yetirməli, müəyyən monitorinqlər aparmalıdırlar".