RU

Azərbaycanda sığorta şirkətlərinə inam nə qədərdir?

Bu ilin 9 ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 640 hadisəyə görə sığorta şirkətləri 1 milyon 870 min manat ödəniş ediblər.

Bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb. 

"Qış mövsümündə havanın soyuması ilə əlaqədar qaz və elektrik enerjisindən izafi istifadə yanğın risklərini artırır. Qaz sızmaları, elektrik naqillərinin normadan artıq yüklənməsi və qeyri-standart istilik cihazlarından istifadə mənzillərdə və binalarda təhlükəli vəziyyət yarada bilər.

Baş verən yanğın və digər hadisələr nəticəsində daşınmaz əmlaka dəymiş zərər və maddi itkilər daşınmaz əmlak sığortasının əhəmiyyətini bir daha gündəmə gətirir.

Ölkəmizdə daşınmaz əmlakın icbari sığortası əmlakın yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir", - İSB bildirir.

“İcbari sığorta haqqında” Qanuna əsasən, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 50 manat, sığorta məbləği 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 40 manat, sığorta məbləği 20 min manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 30 manat, sığorta məbləği 15 min manat təşkil edir.

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı olaraq bildiririk ki, yanğın və təbii fəlakətlər gözlənilməz anlarda əmlakları təhlükə altına sala bilər.

Bu təhlükələrin yarada biləcəyi maddi itkilərdən qorunmaq üçün əmlakın sığortalanması vacibdir, məlumatda deyilir.

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, sığorta edilən daşınmaz əmlakların sayı azdır:

"Ölkədə təkcə yaşayış təyinatlı daşınmaz əmlakın sayı 2 milyon, qeyri-yaşayış təyinatlı obyektlərin sayı isə təxminən bunların 40 %-ə qədərini təşkil edir. Sığorta şirkətləri vətəndaşları bəzi hallarda incitdiklərinə görə bir sıra mülkiyyətçilər sığorta şirkətlərinə inanmırlar. 

Sığorta şirkətləri vətəndaşlarda inam yaratmalıdır ki, hansısa hadisə baş verən zaman onlar problemlə rastlaşmayacaqlar. Hesab edirəm ki, daşınmaz əmlak obyektlərinin tam həcmdə sığortaya cəlb edilməsi üçün hələ çox işlər görülməlidir. Buna da zaman tələb olunur".

Ləman İsmayıl

 

Избранный
10
11
hurriyyet.az

10Источники