RU

Anası ölmüşEminem

Yaxud duza qoyulmuş qış

COP29 işarələrinin avtomobil yollarından yığışdırılması prosesi davam edir, artıq yol polisi də uca millətimizə bir neçə dəfə informasiya vermişdir. Deyir, daha bu işarələr qüvvədən düşübdür. Lakin millət yenə həmin zolaqlara girməyə risk eləmir. Bunu təzəlikcə gözümlə müşahidə etdim. Yolun bir yanı bombalamboş (əslində bu cümləni məhz bu sözü yazmaq xətrinə quraşdırdım, biləsiniz) idi, ancaq avtomobil sürücüləri, hətta avtobuslar belə risk edib həmin zolağa girmirdi, basabasla, sürünə-sürünə yollarına davam edirdi. 

Açığı, bu tədbir işarələri teması bizdə həmişə dolaşıq olmuşdur. Məsələn, Avropa oyunları Bakıda neçənci ildə keçirilib? Bəlkə 10 il olar. O qədər qədim zamandır, yadımızdan çıxıb. Lakin hələ də paytaxtın bir çox ərazilərində Avropa oyunlarının banner və işarələri qalır. O cümlədən, Evrovizyon manıs yarışmasına aid işarələrə rast gəlirik. Sanki hər an biz bu tədbirləri yenidən keçirə bilərik. Ya da tədbir hələ davam edir, biz başa düşmürük. Dünyada belə proseslər vardır. Məsələn, Böyük Partlayış 10-15 milyard il qabaq olub, onun dalğaları isə indiyəcən orda-burda tapılır. 

Sözü ona gətirirəm ki, sabitlik yaxşı şeydir. Bax, bu saat planet cürbəcür əlləm-qəlləm temaları müzakirə edərkən bizim gündəmimiz COP-29 zolağı, Ağadadaşın atdığı “iqruşka” balta (özü məhkəmədə belə deyib; məlum deyil xalq artistimiz oyuncaq balta ilə hansı oyunu oynayırmış), təndir çörəyimizin YUNESKO siyahısına düşməsi və qışa hazırlıqdır. Axırıncı üzərində ətraflı dayanmaq istəyirəm. 

Bizim qahımlar var, Ayna Sultanovanın heykəli tərəfdə, 9 qatlı binada yaşayırlar. Az qalır Yeni il girsin, lakin onların binasına hələ də istilik verilmir. Əlaqədar orqan bildirib ki, başımız iqlim tədbirinə qarışmışdı, istiliyi qoşmağa vaxtımız çatmadı. Hələlik bir az donun, inşallah, yaza nə qalıb ki... 

Ancaq öz işini etibarlı görən idarələr də vardır. Sitat: “Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq, paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir” (Azərtac). Xəbərdə növbəti müşavirələrin Yasamal, Nəsimi və Xəzər rayonlarında keçirildiyi qeyd olunmuşdu. Daha bir sitat: “Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alətin, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib”. Sitatın sonu. 

Bəli. Sən isti komanda buğlanırsan, yaxud yağışlı küçədə uşağı belində məktəbə aparırsan, lakin əlaqədar orqanlar komandası qışa hazırlaşır. Hər rayon kürək, bel, ling toplayıb, duz ehtiyatı yaradıb. Kürəkləri siyahıya alanların Allah kürəyində dursun, amin! 

İndi nə edəsən ki, qar əvəzinə yağış yağır? Yağışı duzlamaq olmazmı? 

Sonda milli jurnalistikamıza heyranlığımı bir daha ifadə edirəm. Dünən bəzi saytlar “Eminemə ağır itki” başlığı qoymuşdular, xəbərdə isə dünya şöhrətli reperin anasının ölməyindən bəhs olunurdu. Əcəb ağır itkidir... Çünki bu yoldaşların xəbəri yoxdur, Eminem öz mahnılarında həmin bu rəhmətə gedən arvadı vaxtilə itdən alıb, itə vermişdi. Təhqirin biri bir qəpik. Hətta anasının narkoman olduğunu, özünü də narkotikə alışdırdığını oxumuşdu. Arvad da bunu bir neçə dəfə məhkəməyə çəkmişdi. 

Ancaq kim bilir, bəlkə ana-bala axırda barışıblar və biz tezliklə Eminemin ifasında “Ana ürəyi” rep-segahını dinləyəcəyik. 

 

Избранный
32
1
musavat.com

2Источники