"Nürnberq"in futbolçusu Mahir Emreli klubun rəsmi telekanalına müsahibə verib.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı oyunçu 2-ci Bundesliqa təmsilçisinin sosial şəbəkə hesablarında azərbaycanlıların çoxluq təşkil etməsinə toxunub:
"Azərbaycanlı azarkeşlər də klubumuzu dəstəkləyirlər və burada məndən yaxşı nəticə gözləyirlər. Burada pis şey görmürəm. Almaniyada ölkəmizi təmsil edirik. Buna görə hər attığımız addım önəmlidir. Həmişə ölkədən kənarda oynamaq, dünyaya bizim futbolçuları göstərmək, oyunçularımız üçün qapı açmaq arzum idi. Düşünürəm ki, ölkəmdəkilərin də mənə böyük ümidləri var. Onları məyus etməmək üçün əlimdən gələni etməyə çalışıram".
Həmyerlimiz ötən turda "Fortuna" (Düsseldorf) komandası ilə matçdakı (2:2) nəticənin onları məyus etdiyini qeyd edib:
"Ardıcıl iki oyundur ki, son dəqiqələrdə qol buraxırıq. Bu səbəbdən özümüzü pis hiss edirik. Çünki rəqiblərdən daha yaxşı oynayırdıq. Növbəti görüşlərdə yaxşı nəticələr qazanacağımıza ümid edirəm".
Emreli 15-ci turda, dekabrın 6-da səfərdə üz-üzə gələcəkləri "Elversberq"lə oyuna da münasibət bildirib:
"Rəqibi təhlil edirik. Özümüzü növbəti qarşılaşmaya hazırlayacağıq. Bu matçda əlimizdən gələni edəcəyik. Gözəl stadionda oynamaq daha çox motivasiya verir. Həm də ən vacib olan fanatlardır. Tərəfdarlarımız hara getməyimizdən asılı olmayaraq, bizə dəstək olur, şou göstərirlər. Amma bəzən özümü səfərdəki kimi hiss etmirəm. Buna nümunə olaraq "Hoffenhaym"la (Almaniya Kuboku) matçı göstərə bilərəm. Özümü Nürnberqdəyik kimi hiss edirdim".