RU

Çərçivə razılaşması bu şərtlə imzalanır: Vaxt açıqlandı

ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 80 faizdən artıq hissəsinin razılaşdırıldığı açıqlanıb. İlin sonuna kimi yekun anlaşmanın əldə olunacağı iddia edilir...

- Sülh prosesinə başlıca maneə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan əsassız ərazi iddialarıdır. Amma qısa zamanda Nikol Paşinyan Ermənistan Konstitusiyasında dəyişikliklər edə bilməz. Buna vaxt da çatmayacaq. Konstitusiyanı dəyişmək üçün prosedurlar tamam fərqlidir.

- Alternativ yol kimi hansı variant daha məqbul görünür?

- Ermənistan Konstitusiyasının preambula hissəsində dəyişikliklərin edilməsi mümkündür. Azərbaycan da haqlı olaraq tələb edir ki, Ermənistan Konstitusiyasının preambula hissəsinə istinad var. Referendum keçirmədən preambulanı dəyişmək olar.

- Bu addım Bakını qane edəcəkmi?

- Əslində, bu, Azərbaycanın tələblərinə cavab verəcək bir addım sayıla bilər.

- Yekun razılaşmaya qədər tərəflərin keçid bir sənədi, yəni çərçivə sazişini imzalaması nə dərəcədə realdır?

- İndi çərçivə sazişinin imzalanması daha yaxın görünür. İlin sonuna kimi belə bir razılaşmanın əldə edilməsi o qədər də real deyil. Çox şey ilin sonuna kimi dünyadakı bəzi proseslərin necə yekunlaşmasından asılıdır. Ən azından yeni seçilmiş ABŞ Prezidenti Donald Trampın and içib fəaliyyətə başlamasına ehtiyac var. Çünki çərçivə razılaşmasının Amerikanın iştirakı ilə əldə edilməsi daha realdır. Bu da Trampın “dünyaya sülh gətirirəm” tezisinin təsdiqi ola bilər. Hazırda hər iki tərəf məsələlərin böyük əksəriyyətini razılaşdırıb. Ona görə də indi həll olunan ən asan məsələ məhz budur.

- Çərçivə sazişilə Ermənistan üzərinə hansı öhdəlikləri götürə bilər?

- Rəsmi İrəvanın məhz çərçivə sazişi ilə üzərinə iki öhdəlik götürməsi mümkündür. İlk növbədə imzalanacaq sənədin daxili qanunvericilikdə nəzərdə tutulmuş qərarlardan daha üstün olduğu qeyd olunacaq. Eyni zamanda Ermənistan yaxın zamanlarda konstitusiya dəyişikliyinə gedəcəyi ilə bağlı öhdəlik götürməlidir.

- Keçid müddəalarda razılaşmalar necə olacaq?

- Prinsiplərin razılaşdırılması çərçivə sazişi ilə mümkündür. Delimitasiya və demarkasiyanın, kommunikasiya xətlərinin açılması kimi prinsiplərinin burada əks olunması mümkündür. Ona görə də bu ilin sonu olmasa da, gələn ilin əvvəllərində çərçivə sazişinin imzalanması kifayət qədər realdır


Müəllif: Tapdıq Qurbanlı
Избранный
11
1
teleqraf.com

2Источники