RU

Bakının simasını gözəlləşdirən yaşıl məkan - FOTO

Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib

Dekabrın 5-də Mərkəzi Nəbatət Bağına təşkil edilən press-tur çərçivəsində media nümayəndələri bağın fəaliyyətini, unikal bitki kolleksiyasını və mövcud layihələri yaxından tanıma imkanı əldə ediblər. Tədbir təbiətə olan diqqətin artırılması və nadir bitkilərin qorunub saxlanması məqsədi ilə həyata keçirilib.

Press-tur iştirakçıları bağın müxtəlif sahələrinə, o cümlədən istixanalara, açıq hava ekspozisiyalarına və tədqiqat laboratoriyalarına ekskursiya ediblər. Eyni zamanda, qonaqlara yerli və xarici bitki növləri, onların saxlanma şəraiti və ekologiyaya təsiri barədə ətraflı məlumat təqdim edilib. Qeyd olunub ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi olaraq fəaliyyət göstərib. Ötən ildən təmirə bağlanan bağ artıq əhali üçün açıqdır. Giriş qiymətləri 2013-cü ildə qəbul edilən qərara əsasən, hələlik əvvəlki kimi 2 manat təşkil edir. 6 yaşa qədər uşaqlar üçün isə giriş pulsuzdur.

Mərkəzi Nəbatət Bağının təmiri zamanı ərazidə yerləşən 30-dan çox avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb. Bunun nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb.

Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib. Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.

Bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib.Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.

Mərkəzi Nəbatat Bağının “Oduncaqlı bitkilər” laboratoriyasının müdiri Asif Mehraliyev bildirib ki, abadlaşdırma çərçivəsində Mərkəzi Nəbatat Bağına onminlərlə bitkilər intraduksiya olunub: “Əvvəllər burada 1500 bitki növü mövcud idisə və o bitki növünün ümümi ədəd sayı 50 minə yaxın idisə, indi 160 növdə yeni bitki gətirilib. Bunlar, həmçinin abadlıq, quruculuq işləri çərçivəsində, eyni zamanda, Mərkəzi Nəbatat Bağının əməkdaşlarının ezamiyyə yolu ilə gətirdiyi bitkilərdir”.

Yeni gətirilən bitki növləri artıq Abşeronun torpağına adaptasiya olunub: “Bioloqlar yaxşı bilir, 1 və ya 2 il ərzində belə kiçik bir əraziyə 116 növün intraduksiyası çox böyük bir rəqəmdir. Bu növlərin bir hissəsi dünya florasından – Türkiyə və İtaliyadan gətirilmiş növlərdir. Bir hissəsi isə Azərbaycanın özünün təbii florasından intraduksiya olunub. Növlər bardürlərdə əkilib və bağbanlarımız tərəfindən onlara qulluq olunur”.

Qeyd edək  ki, həyata keçirilən bu kimi layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Aparılan yaşıllaşdrıma işlərinə və ekoloji vəziyyətin  yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük dəstək verir.

Nigar Orucova, “İki sahil”

Избранный
32
3
ikisahil.az

10Источники