1993-cü il martın 25-də Mixail Zabelinin təşəbbüsü ilə Azərbaycanda Rus İcması yaradılıb. Həmin il mayın 5-də Ədliyyə Nazirliyi icmanı dövlət qeydiyyatına alıb. Elə o gündən də deputat Mixail Zabelin Azərbaycanda Rus İcmasının sədridir.
Azərbaycandakı Rus İcmasının bugünkü durmu necədir? Mixail Zabelin Rus İcmasına yaradılan şəraiti necə dəyərləndirir?
Modern.az-ın əməkdaşı bununla bağlı olaraq, deputatla söhbətləşib.
Mixail Zabelin bildirib ki, Azərbaycan xalqının multikultural olması icmanın işini daha da asanlaşdırır:
"Ötən il İcmanın yaranmasının 30 illiyini qeyd etdik. Rus İcması özünü Azərbaycan xalqından ayırmır, əksinə, özünü cəmiyyətin bir hissəsi kimi aparır. Rus İcması Azərbaycanı dəstəkləyir və Azərbaycan mentalitetinə uyğun davranır. Azərbaycanda Rus İcması Cənubi Qafqazın ən böyük icmasıdır. Hazırda Azərbaycanda 120 min nəfər rus yaşayır. Qeyd etmək istərdim ki, multikultural Azərbaycan xalqı və dövləti tərəfindən Rus İcmasının üzvləri hər zaman dəstəklənib. Azərbaycanda yaşayan ruslar bu 30 ildə özünü əzilmiş və ya zülmə uğramış kimi hiss etməyiblər.
Rus İcması öz milli adət-ənənələrini yaşadır, milli bayramlarını qeyd edir. Nümunə kimi, ötən il qeyd etdiyimiz "Maselnitsa" bayramını qeyd etmək olar. Bu bayramı İçərişəhərdə Şirvanşahlar sarayının yanında keçirdik. Çox sayda insan bir araya gəlmişdi. Ruslar bu bayramda iştirak etsə də, tədbirdə olmaq üçün rus olmaq məcburiyyəti yoxdur. Bakı sakinləri bizimləydi. Minlərlə insan Rus mərkəzinin göstərdiyi konsertə baxdı. Rusiyanın və Belarusun Azərbaycandakı səfirləri şəxsən tədbirdə iştirak edirdilər. Bir sıra QHT-lər, Yəhudi İcmasının rəhbərliyi, tanınmış blogerlər də iştirak edirdilər. Rusiyadan gələn qonaqlar vardı ki, tədbiri çəkir və soruşurdular ki, bura haradır, doğrudanmı Azərbaycanda Rus İcmasına belə şərait yaradılıb, onlar öz bayramlarını belə yüksək səviyyədə qeyd edirlər?
Slavyan xalqlarının qədim bayramlarından olan “Maslenitsa” ənənəvi olaraq ölkəmizdə hər il keçirilir. Rusların Pasxadan təxminən ay yarım öncə qeyd etdikləri “Maslenitsa” bayramı qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. Tonqalların qalanması, qışın (köhnəliyin) rəmzi olan “Maslenitsa” müqəvvasının yandırılması bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır.
Azərbaycan xalqının belə multikultural olması Rus İcmasının işlərini, həyata keçirmək istədiyi tədbirləri daha da asanlaşdırır. Azərbaycandakı ruslarla müxtəlif bayramlarda və hadisələrdə görüşürük. Azərbaycan xalqının milli bayramlarını da qeyd edirik. Novruz bayramı buna yaxşı nümunədir. Biz Azərbaycanın böyük şairləri - Nizami və Füzulinin yubileylərini də qeyd edirik. Ruslar üçün Lermantov, Puşkin kimdirsə, Azərbaycan üçün də bu şairlər elədir".
Mixail Zabelin vurğulayıb ki, Rus İcması Azərbaycanı özünə doğma ölkə bilir:
"Bura həqiqətən də bizim üçün doğmadır. Əksəriyyətimiz Azərbaycanda doğulub-böyümüşük. Azərbaycan xalqının mentaliteti ilə yetişmişik. Ona görə də Rus İcması ölkəmizi və dövlət rəhbərliyini dəstəkləyir. Heç vaxt Azərbaycan dövlətinə və cəmiyyətinə qarşı olmamışıq. 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı erməni işğalından azad edərkən bir yumruq olmağımız bunu bir daha sübut edir. 44 günlük müharibə zamanı rus gəncləri də azərbaycanlı oğlanlarla bir yerdə çıxış etdilər. Beləliklə də, erməni işğalçıları faktiki olaraq darmadağın edildi. Bu, bizim birgə qələbəmizdir. Müharibədə həyatını itirənlər bizim müştərək ağrımızdır".
M