Suriyanın cənubundakı Suveyda əyalətinin mərkəzi müxalif qrupların nəzarətinə keçib.
News24.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, əhalisinin əksəriyyətini druzların təşkil etdiyi Süveydadakı müxalif qruplar dünən Bəşər Əsəd qüvvələri ilə danışıqlar zamanı rejimdən qoşunlarının vilayətdən çıxarılmasını tələb ediblər.
Qruplar rejim qüvvələrinə bölgəni tərk etmələri üçün 24 saat vaxt verib.
Xatırladaq ki, noyabrın 27-də Suriyanın şimalında Hələb vilayətinin qərbində Əsəd rejimi qüvvələri ilə hökumət əleyhinə silahlı qruplar arasında toqquşmalar başlayıb.
Noyabrın 30-da hökumət əleyhinə qruplar Hələbin mərkəzinin böyük hissəsini rejim güclərindən geri alıb və həmin gün İdlibin bütün ərazisi üzərində nəzarəti ələ keçirib.
Dekabrın 5-də şiddətli toqquşmalardan sonra qruplaşmalar Həmanın mərkəzini rejim qüvvələrindən geri alıblar.
Rejimə müxalif qruplar strateji əhəmiyyətli Hüms əyalətində paytaxt Dəməşqə gedən yolun açıldığı bir neçə yaşayış məntəqəsini nəzarətə götürərək hücumlarını davam etdiriblər.
Dekabrın 1-də Suriya Milli Ordusunun Hələb vilayəti ərazilərində PKK/YPG terror təşkilatına qarşı başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı zamanı bölgə mərkəzi Tel-Rifat terrorçulardan azad edilib.
Aynurə