RU

Birinci liqa klubları hara, 1/4 final hara... – 1/8 finala sözardı

Ölkə kubokunun 1/8 final mərhələsi hansısa sürprizlə yadda qalmadı. Əvvəlki mərhələdə 2-ci liqa klubları mübarizəni dayandırmışdısa, bu dəfə 1-ci liqada iştirak edənlər eyni taleyi yaşadı. Təbii ki, bəzi komandalar gözləniləndən artığını etmək üçün səy göstərdi. Lakin liqalararası səviyyənin uçurum həddində olması favoritlərin qələbəsini qaçılmaz etdi.

Bəzi sevindirici məqamlara şahidlik etdik. Məsələn, 1-ci liqa komandalarından bəziləri döyüşkən və inadkar təsir bağışladı. Xüsusilə MOİK və “İmişli”. Bəlkə “Qəbələ”ni də bura aid etmək mümkündü. Lakin “Qarabağ”ın futbolçularının çox yorulmaq istəmədiklərini hiss etdim. Hər halda, “Sumqayıt” MOİK-i yenmək üçün əlavə vaxta ehtiyac duydu. “Kəpəz” isə penalti qolu sayəsində mərhələdə adladı. Əlbəttə, bu, Gəncə təmsilçisinin qələbəsinə kölgə salmır. Lakin İmişlidən gələnlər də yetərincə hazırlıqlı görünürdü. Şübhəsiz, ən gərgin oyun “Turan Tovuz”la “Sabah” arasında oldu. Əlavə vaxtda belə yorulmaq bilməyən, qələbədən əl çəkmək istəməyən komandalar sayəsində mövsümün ilk penalti seriyasını izlədik.

“Araz-Naxçıvan”ın “Mingəçevir”i, “Neftçi”nin “Difai”ni məğlub etdiyi matçlar isə məntiqəuyğun sonluqla bitdi. Muxtar Respublika təmsilçisi eksperimental, bakılılar, demək olar ki, əsas heyətlə meydana çıxdı. Yəqin ki, Elmar Baxşıyev aparıcı oyunçularına start heyətində yer versəydi, qələbə daha böyükhesablı olardı. Axı “nur şəhəri”nin təmsilçisinin ehtiyat oyunçular skamyası çox kasaddı... “Zirə”nin “Şamaxı”nı məğlub etməsi də gözlənilən idi. Ona görə ki, “şirlər” iki turnirdə mübarizə aparacaq qədər geniş heyətə sahib deyil. O başqa məsələ ki, bölgə təmsilçisi futbolçu çatışmazlığı üzündən premyer-liqada da çətin günlər yaşayır.

Düzü, “Qarabağ Lökbatan”ın ev oyununu “Səbail”in meydanında keçirməsi infrastrukturla bağlı mövzudan uzun-uzadı danışmağa imkan vermir. 1-ci liqada bu məsələylə bağlı ciddi çatışmazlıqların olduğuna daha tutarlı sübut tapa bilmirik. Görünür, bizə hələ xeyli vaxt lazımdı. Onsuz da 1/4 finalda komandalar həm ev, həm də səfər matçı keçirir. Yəni bura qədər irəliləyən 1-ci liqa təmsilçisi həm çempionatda, həm də kubok matçlarında mübarizə aparacaq qədər potensialı olan futbolçulara sahib deyil.

Hər halda, bəzi kollektivlər gələcək üçün ümid verir. Ötən mövsüm də 1-ci liqa təmsilçiləri 1/4 finala qədər gələ bilməmişdi. Deməli, bunun üçün hələ çox çalışmaq lazımdı...

KƏNAN BAHADIR

Избранный
40
football-plus.az

1Источники