Bəşər Əsəd kimdir?
Bu gün müxaliflər tərəfindən devrilən Bəşər Əl-Əsəd 11 sentyabr 1965-ci ildə Dəməşqdə anadan olub. Üçuşaqlı ailənin ikinci övladı olan Əsəd fransız-ərəb məktəbində təhsil alıb və həm fransız, həm də ingilis dillərini öyrənib. Daha sonra Dəməşq Universitetində tibb təhsili alaraq oftalmoloq olub, hərbi hospitalda işə başlayıb. B. Əsəd sonralar 1992-ci ildə tibb üzrə təhsilini davam etdirmək üçün Londona yollanıb.
Həkimlikdən siyasətə
1994-cü ildə böyük qardaşı Basil Əsədin avtomobil qəzasında ölümü ilə Əsəd ailəsinin hakimiyyət planları dəyişdi. Basil atasının varisi olaraq hazırlanırdı, lakin onun qəfil ölümü ilə Hafiz Əsəd bu rolu Bəşərə verdi. Liderliyə hazırlıq məqsədilə Bəşər Londondan geri çağırıldı və hərbi təhsil aldı. Ona respublika qvardiyasında polkovnik rütbəsi verildi.
2000-ci ildə Hafiz Əsədin vəfatından sonra Suriya konstitusiyası dəyişdirilərək prezidentlik yaşı 40-dan 34-ə endirildi və Bəşər Əsəd prezident seçildi. Onun Qərb təhsilli olması, islahatlar və müasir idarəetmə vədləri ümid yaratsa da, arzuolunan liberal islahatlar heç vaxt Suriyada həyata keçirilmədi.
Əsədin ilk dövrləri
Prezidentlik dövründə o, mətbuat azadlığı və siyasi məhbusların azad edilməsi kimi bəzi addımlar atdı. Lakin islahatlar qısa müddət sonra dayandırıldı və siyasi repressiyalar başladı. Əsəd atasının İsrailə qarşı mövqeyini qoruyub saxladı və Qolan təpələrinin qaytarılmasını tələb etdi.
Ərəb Baharı və rejimin çalxalanması
2011-ci ildə başlayan Ərəb Baharı Suriya üçün də dönüş nöqtəsi oldu. Demokratiya tələb edən etirazlara Əsəd administrasiyası zorakı müdaxilə etdi. 2012-ci ilə qədər isə bu vəziyyət vətəndaş müharibəsinə çevrildi. Münaqişə dövründə müxalifət Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndi, Əsəd isə İran və “Hizbullah”dan dəstək aldı.
2013-cü ildə Suriya ordusunun kimyəvi silahdan istifadə etdiyi iddiaları beynəlxalq cəmiyyətdə qəzəb doğurdu. ABŞ, Rusiya və digər ölkələr arasında razılaşma əldə olunaraq Suriyanın kimyəvi silahları beynəlxalq nəzarətə götürüldü.
Xaosun böyüməsi
2018-ci ildə Əsəd rejiminin yenidən kimyəvi silahdan istifadə etməsi səbəbilə Qərb ölkələri Suriyaya hərbi zərbələr endirdi. 2022-ci ildən başlayaraq Əsəd ərəb ölkələri ilə əlaqələri bərpa etməyə çalışdı və 2023-cü ildə Ərəb Liqasının sammitində iştirak etdi.
Nəhayət, 8 dekabr 2024-cü ildə Bəşər Əsəd müxaliflərin sürpriz hücumları və paytaxt Dəməşqin ələ keçirilməsi nəticəsində hakimiyyətdən uzaqlaşdırıldı. Bu isə onun uzun müddət davam edən münaqişələr və beynəlxalq təzyiqlərlə dolu idarəçiliyinin sonu oldu.
Fironun sonu
Qısacası, Hafiz Əsəd tərəfindən 1971-ci ildə əsası qoyulan hakimiyyət 53 il sonra bu gün devrildi. Bəşər Əsəddən isə hələlik xəbər yoxdur.