RU

"Onun burada olması mənim kimi gənclərə bir şansdır"

Azərbaycan Kubokunun 1/8 final mərhələsində ən dramatik matçlardan biri Sumqayıtda baş tutdu.

"Kimyaçılar" Birinci Liqa təmsilçisi MOİK-in müqavimətini yalnız əlavə vaxtda qıra bildi.

Əsas vaxtda hesab bərabər (1:1) olunca, "kimyaçılar" daha 30 dəqiqə tərləməli oldu.

Və yalnız burada vurduğu 2 qolla 1/4 finala vəsiqə qazanmış oldu.

Qələbənin 120 dəqiqə sonra təmin olunmasında baş məşqçi Vaqif Cavadovun verdiyi qərarlar az rol oynamadı.

Belə ki, gənc mütəxəssis rəqibin aşağı liqa təmsilçisi olmasını nəzərə alaraq bir neçə gəncə oynamaq fürsəti yaratdı.

Klubun yetirməsi olan Xəyal Fərzullayev 90 dəqiqə qapıda, 20 yaşlı Ayxan Süleymanlı meydanda oldu.

Ruslan Əliyev ilk dəfə əsas komandada debüt etdi və Sənan Muradlı fasilədə oyun daxil oldu.

Bu baxımdan "Sumqayıt" tərəfi üçün qələbənin iki qat sevindirici olduğunu demək olar.

Elə komandanın dar gündə dadına çatan da onun öz yetirməsi oldu.

Belə ki, qarşılaşmanın 98-ci dəqiqəsində "kimyaçılar"ı önə çıxaran qolu klubun 18 yaşlı yetirməsi Sənan Muradlı rəqib qapısından keçirdi.

Onun vurduğu qol rəqibin müqavimətini tam qırdı.

Rəhim Sadıxovun son saniyələrdə rəqib qapısından keçirdiyi üçüncü qol sadəcə yekun nəticəni müəyyənləşdirdi.

Qarşılaşmadan sonra günün adamı olan Sənanla söhbətləşmək qərarı aldıq.

- Yetirməsi olduğun komandanın formasını necə hislərdi?

- Sözlə ifadə etmək çətindir. Hər zaman özüm üçün bunu arzulamışam. Şükür Allaha mənə nəsib etdi. Bu klubun formasını geyinmək mənim üçün xüsusidir.

- Bu gün həm də qəhrəman oldun. Axı sənin vurduğun qolla "Sumqayıt" əlavə vaxtda önə çıxdı.

- Çox xoşbəxtəm. Həm qol vurdum, həm də qələbə qazandıq. Amma qələbə bütün komandanın əməyidir.

- Əsas komandada fərqlənmək bir gənc üçün müsbət amildir. Amma davamını gətirmək mütləqdir. Bacaracaqsan?

- Əlbəttə. Bundan sonra üzərimdə daha çox çalışmalıyam. Vaqif müəllim buna görə təşəkkür edirəm. Mənə güvəndi. Düşünürəm ki, onun güvənin boşa çıxarmadım.

- Özünü Premyer Liqada oynamağa tam hazır hiss edirsən?

Özümə güvənirəm. Bu, mənim işimdir. Amma daha çox işləmək lazım olduğunu da bilirəm.

- Vacib qolun müəllifi kimi oyundan sonra baş məşqçi sənə nə dedi?

- Məni qucaqladı və təbrik etdi. Belə də davam etməyimi tapşırdı.

- Əvəzedici komanda da onun rəhbərliyi altında çıxış etmisən. Bunu üstünlük saymaq olar?

- Əlbəttə. Onun burada olmasa mənim kimi gənclərə bir şansdır. Hamımızı akademiyada çalışdığı vaxtdan tanıyır. Bizə güvəni böyükdür. İnşallah, əvəzini meydanda verərik".

XANOĞLAN İMANOV

Избранный
20
sportinfo.az

1Источники