RU

Çinli istehsalçılar qlobal bazara necə daxil oldular?

Çinin avtomobil tarixi barədə əvvəlki yazılarımızda ətraflı məlumat vermişik. Bunları qısa şəkildə belə ümumiləşdirə bilərik. Mao Tse  Dun dövründə ölkə SSRİ-nin köməyi ilə avtomobil sənayesini qurdu. Den Syaopinin vaxtında isə Çin üzünü Qərbə çevirdi. Bu, avtomobil istehsalına təkan olsa da, hələlik qlobal bazara çıxış üçün kifayət deyildi. Lakin 2 dövlət xadiminin 30-40 il fərqlə həyata keçirdiyi siyasət bu gün Çinin avtomobil istehsalında uğurlarının təməl daşı hesab edilir. 

Avtosfer.az xəbər verir ki, 2000-ci illərin əvvəllərində çinlilər bazarı öyrənməyə başladılar. Yəni, iqtisadi dillə desək, marketinq apardılar. Onların aşkara çıxardıqları faktlar bizim bildiyimizdən çox da fərqli deyildi. Bir qədər əvvələ qayıdaq.

Təxminən 2010-cu illərədək Azərbaycana idxal edilən ikinci əl avtomobillərə nəzər salaq. Cüzi istisnalarla hamısı Avropadan gətirilən bu maşınlar komplektasiya baxımından (söhbət keyfiyyətdən deyil, təchizatdan gedir) sovet maşınlarından çox da fərqlənmirdi. Yalnız lüks maşınlarda kondisioner, elektrikli şüşəqaldıran və avtomat ötürücü olurdu. Burada təəccüblü heç nə yox idi. Avropalıların çoxu həmin dövrdə mexaniki transmissiyalı avtomobil sürürdü. Avtomobillərdə “Blaupunkt” radiosu və ya kasetli maqnitofon lüks hesab edilirdi. 

Çinli bazar mütəxəssisləri vəziyyəti təhlil edərək belə bir qənaətə gəldilər: Avropadan fərqli olaraq onlarda elektrikli şüşəqaldıranların və ya maqnitofonun quraşdırılması  maşının maya dəyərinə ciddi təsir etmir. Amma müştərilər, xüsusən də gənclər üçün bu 2 ucuz detal cəlbedicidir. Nisbətən bahalı modellərdə kondisioner, ardınca isə avtomat ötürmə quraşdırılmağa başladı. 

Sözgedən komponentlərin quraşdırılması Çin maşınlarının satış qiymətini Avropadakı kimi minlərlə dollar artırmırdı. Buna görə də çinlilər dünyanın əksər ölkələrində alıcıları seçim qarşısında qoya bildilər: eyni qiymətə işlənmiş Avropa maşını alaq, yoxsa tam komplektasiyalı, təzə Çin maşını? Hörmətli oxucu bu sualın cavabını çox yaxşı bilir. 

Bu marketinq işini ilk dövrlərdə əhəmiyyət verməyən yapon və avropalı avtomobil istehsalçıları indi bazarda çox ciddi rəqiblə üzləşiblər. Eyni səhvi 80-90-ci illərdə ABŞ-li istehsalçılar Toyota, Nissan, Subaru və Honda timsalında yaponlara münasibətdə etmişdilər. 
İndi isə dünya Çinin “avtomobil ekspansiyası”ndan danışır və buna çarə axtarır. Bu isə başqa xəbərin mövzusudur.

Vüqar Yaşaroğlu

Избранный
14
avtosfer.az

1Источники