RU

Niyə əlimdə bu qədər sənəd ola-ola məhkəməyə getməliyəm? - “Ölüm kağızı” problemi

Azərbaycanda yaxın qohumu, ailə üzvləri və s. vəfat edən insanların rastlaşdıqları problemlərdən biri də “ölüm kağızı”nın verilməsi ilə bağlıdır.

Ölkə.Az xəbər verir ki, vətəndaşlardan biri sosial şəbəkələrdə yazaraq atası öləndən sonra sənədi almaqda çətinlik çəkdiyini bildirib.

“Atam aylardır rəhmətə gedib. "Bulbar dil iflici" xəstəliyindən əziyyət çəkirdi. Dövlət xəstəxanalarında müalicəsi olmadığı üçün özəldə müalicə alırdı, amma tam müalicəsi olmadığı üçün aylar keçdikdən sonra vəziyyəti ağırlaşdı.

Təcili yardıma müraciət elədim, xəstəyə baxıb kömək edə bilməyəcəklərini deyib getdilər. Səhər atam rəhmətə getdi. Bir daha təcili yardım çağırdıq, ölümü qeydə alıb kağız verib getdilər. Bundan sonra hadisə baş verən yerdə və qeydiyyatda olduğu ünvanın xəstəxanalarına özəl xəstəxanalardan aldığım çıxarışlarla yaxınlaşsam da, mənə heç kim ölüm şəhədatnaməsi vermədi. Əlimdə olan bu qədər sənədlərə baxmayaraq, heç bir dövlət xəstəxanası bu halı vecinə almır. Əgər özəl xəstaxanalar, hospitallar qanuni deyilsə, onların sənədləri sayılmırsa, nəyə görə onların fəaliyyətinə icazə verilir? Niyə əlimdə bu qədər sənəd ola-ola məhkəmə yolu ilə sənəd almalıyam?”, - deyə o yazıb.

Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. TƏBİB-in mətbuat xidmətindən Ölkə.Az-a bildirilib ki, ölüm səbəbi məlumdursa, şəhadətnamə (“ölüm kağızı”) yaşadığı və ya qeydiyyada olduğu ərazidəki xəstəxana tərəfindən verilməlidir:

“Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.

Ölüm səbəbi məlum olan hallarda:

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında Qaydanın 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.
Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

Ölüm səbəbi məlum olmayan hallarda:

Ölümün baş vermə səbəbi məlum olmayan hallarda ölüm haqqında tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir”.

Həmçinin o da qeyd edilib ki, “ölüm kağızı” ölüm səbəbi naməlum və ya şübhəli olarsa, məhkəmə yolu ilə alına bilər:

“Ölüm haqqında tibbi şəhadətnamənin patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilməsi üçün əsaslar aşağıdakılardır:
•    hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı;
•    infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda;
•    tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında;
•    zorakı ölümə şübhə olduğu hallarda;
•    ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda;
•    ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda.

Qeyd olunan hallarda Şəhadətnamənin verilməsi üçün patoloji-anatomik yarmanın aparılması məcburi hesab edilir. Lakin vəfat edən şəxsin ailə üzvlərinin və ya yaxınlarının patoloji-anatomik yarmanın aparılmasına etiraz etmələri, habelə patoloji-anatomik yarma aparılmadan vəfat edən şəxsin dəfn edilməsi ölümün baş vermə səbəblərinin müəyyən edilməsini çətinləşdirir və əksər hallarda Şəhadətnamənin verilməsini qeyri-mümkün edir”.

Qurumun məlumatına görə, xəstənin qeydiyyatda olduğu və ya yaşadığı ərazi üzrə tibb müəssisələrində uzun müddət müayinələrdən keçməməsi də çətinlik yarada bilər:

“Zorakı ölümə şübhə olduğu hallar, ölüm hadisəsinin qeyri-yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş verməsi, vəfat edən şəxsin yaşadığı ərazi üzrə ilkin tibbi-sanitariya yardımı ilə bağlı tibb müəssisəsinə təhkim olunması üçün müraciət etməməsi, habelə qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisələrində uzun müddət ərzində dövri müayinələrdən keçməməsi, ölümün naməlum səbəblərdən baş verməsi və sair hallar vəfat edən şəxsin ailə üzvləri və ya yaxınları tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin əldə edilməsinə çətinliklər yarada bilər.

Əhalinin sağlamlığının qorunması haqqında qanunun 41-ci maddəsinə əsasən patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallarda (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana  ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə olduqda patoloji-anatomik yarma aparılmalı və bundan sonra ölüm haqqında tibbi şəhadətnamə verilməlidir.

Yaşayış yerində baş vermiş ölüm hadisələri üzrə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı görüləcək tədbirlər yaşayış yerinin kənd, qəsəbə və şəhər olmasından asılı olaraq dəyişir.

Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni ölüm haqqında şəhadətnaməni vermək hüququ olan tibb müəssisələrinə təqdim etmək üçün doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (hüquq-mühafizə orqanı) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir”.

Billurə Yunus

Избранный
13
olke.az

1Источники