Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronla görüşündə Ukraynadakı münaqişənin dondurulmasını müzakirə edib.
Bu barədə UNİAN nəşri məlumat verib.
"Mən dedim ki, biz heç bir zaman olmadığı kimi münaqişənin bitməsini istəyirik. Sözsüz ki, diplomatik sonluq bir çox insanın həyatını xilas edəcək", - deyə o, görüşün yekunlarına dair jurnalistin sualını cavablandırarkən bildirib.
Eyni zamanda, Zelenski əlavə edib ki, onun fikrincə, Rusiya münaqişəyə son qoyulmasının əleyhinə çıxış edir və bu vəziyyəti dəyişmək üçün ABŞ və Avropa Ukraynanı hərbi cəhətdən gücləndirməlidir. Bundan əlavə, o qeyd edib ki, münaqişəyə son qoyulması üçün Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır. Onun sözlərinə görə, NATO-ya daxil olmağa dəvət belə bir zəmanət rolunu oynaya bilər.
Xatırladaq ki, dekabrın 7-də Parisdə Zelenski, Makron və Tramp arasında görüş baş tutub. Dekabrın 8-də Tramp bildirib ki, Ukrayna münaqişənin nizamlanması üzrə Rusiya ilə razılığa gəlmək niyyətindədir və dərhal atəşkəsə və sülh danışıqlarına başlanmasına çağırıb.
Mənbə: oxu.az