RU

Siyasi təşkilatlar Meydan TV-yə təzyiqləri pislədilər

Əli Kərimli: "Özləri ilə bərabər ölkəni də uçuruma aparırlar” 

Siyasi təşkilatlar Meydan TV-yə təzyiqləri pisləyiblər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, Meydan TV-nin əməkdaşlarının həbsi saxta ittiham üzərində qurulub.

"Ölkədə fəaliyyət göstərən sonuncu müstəqil jurnalistlərin də həbsi, praqmatik olaraq rejimə əslində heç nə qazandırmayacaq. Azərbaycan hakimiyyətinin Meydan TV-nin yazıb, göstərib, tənqid edə bilməyəcəyi qüsurlarını daha böyük auditoriyası olan beynəlxalq mətbuat tənqid və ifşa edəcək. Azərbaycanın demokratik dünyadan təcridi daha da güclənəcək. Azərbaycan hakimiyyəti dövlət və xalq qarşısında məsuliyyət hissini itirib. Təəssüf ki, özləri ilə bərabər ölkəni də uçuruma aparırlar”, – Əli Kərimli bildirib.

"Əminik ki, hökumətin repressiv siyasəti iflasa uğrayacaq”

III Respublika Platformasının (ResPlatforma) Meydan TV-yə qarşı açılan cinayət işinə dair bəyanatında qeyd olunur ki, kanalın əməkdaşlarına yeni repressiya praktikası olan siyasi motivli ittiham verilib:  "Bu cinayət işi üzrə polis tərəfindən atılan addımlar yenə hüququn aliliyi prinsipinin və prosessual qaydaların kobud pozuntusu ilə baş verib. Meydan TV-yə qarşı cinayət işinin hökumətin müstəqil və alternativ siyasi müxalifət, vətəndaş cəmiyyəti, tənqidçi medianı sıradan çıxarmağa dair siyasi motivindən irəli gəlməsi və bu il ərzində baş verən digər repressiv cinayət işləri ilə eyni xarakter kəsb etməsi şübhəsizdir”.

"ResPlatforma olaraq Azərbaycan hökuməti tərəfindən yürüdülən repressiv siyasətə qarşı olduğumuzu bir daha bəyan edirik. Bu çərçivədə Meydan TV-nin və onun repressiya məruz qalan əməkdaşlarının yanında olduğumuzu bildiririk. Əminik ki, hökumətin repressiv siyasəti iflasa uğrayacaq və Azərbaycan mediasının bütün işıqlı simaları kimi Meydan TV-nin hazırda tutulan əməkdaşları da azadlığa çıxaraq öz şərəfli peşələrini icra etməyə davam edəcəklər”, – bəyanatda deyilir.

Dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı  "qaçaqmalçılıq”da şübhəli bilinərək saxlanılıblar. 

Jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.  

Saxlanılan jurnalistlərin əksəriyyətinin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb. 

Digər saxlanılan şəxs, Meydan TV əməkdaşı olmayan ancaq onlarla eyni gündə saxlanılan vətəndaş cəmiyyətinin üzvü, media işçisi Ülvi Tahirov barəsində də məhkəmə 4 aylıq həbs qətimkan tədbiri seçib.  

Dekabrın 6-da həbs edilən foto jurnalist Əhməd Muxtar isə xırda xuliqanlıq və polis işçisinin əmrinə tabe olmamaqda təqsirli bilinib. Ona 20 sutka həbs verilib.

Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır. 

2023-cü ilin noyabrından Azərbaycanda onlarla jurnalist "qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.  

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.

Избранный
26
arqument.az

1Источники