RU

Suriyanın yeni bayrağının tarixi keçmişə dayanır- İZAH

Yaşıl rəng Rəşidilər, ağ rəng Əməvilər, qara rəng isə Abbasilər xilafətlərini təmsil edir

Suriyada Əsəd rejimini devirərək hakimiyyətə gələn qüvvələr yeni qaydalar tətbiq etməyə başlayıblar. Dəyişikliklərdən biri də Suriya bayrağı ilə bağlıdır. Müxalif qruplaşma öz bayrağını hər yerdə Suriyanın yeni bayrağı kimi dalğalandırır. 

Həmin bayraq üç paralel rəngdən ibarətdir: üstdə yaşıl, ortada ağ və altda qara. Ağ hissədə düz bir xətt boyunca üç qırmızı beşguşəli ulduz təsvir olunub. Əslində, bu bayraq Suriya Ərəb Respublikasının ilk bayrağıdır və 1961-ci ildən 1963-cü ilə qədər istifadə edilib. Suriyada vətəndaş müharibəsi başlayanda Bəşər Əsəd rejiminə qarşı nümayişlərə qatılanlar bu bayraqdan istifadə edirdilər. Suriya Milli Şurasının rəsmisi Xalid Kamal hesab edir ki, bu bayraq həm də müstəqilliyi və Əsəd hökumətinin sonunu təmsil edir. Sözügedən bayraq əsasən Suriya Milli Koalisiyasının nəzarətində olan ərazilərdə istifadə olunur. 


Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, əslində, yeni bayrağın tarixi keçmişi var və ilk dəfə 1930-cu ildə Suriya Respublikasının bayrağı kimi təsdiq olunub. Onun sözlərinə görə, bayraqda yaşıl rəng Rəşidilər, ağ rəng Əməvilər, qara rəng isə Abbasilər xilafətlərini təmsil edir: "Rəşidilər Peyğəmbərdən sonra xilafət taxtına oturmuş 4 rəşidi xəlifəyə - Əbu Bəkr (632-634), Ömər (634-644), Osman (644-656) və Əlini (656-661) - deyilir. Sonrakı dönəmlərdə isə Əməvi (661-756) və Abbasi (756-1258) sülalələrinin nümayəndələri xilafət taxtına əyləşdilər. Bu mənada bayraqdakı rənglər - məhz xilafət varisliyinə istinad edir. Mərkəzdə olan üç qırmızı ulduz isə Hələb, Dəməşq və Əl-Cəzirə əyalətlərini təmsil edirdi. Sonradan ulduzların mənalandırılmasında ölkədə olan digər regionlar da əlavə edildi. 1930-1958 və 1961-1963-cü illərdə isə Suriya dövlətinin rəsmi bayrağı statusunu qazandı. Bayraq 2011-ci ildən etibarən Bəşər Əsədə qarşı olan qüvvələrin bayrağı kimi istifadə edilirdi".



Избранный
30
sherg.az

1Источники