RU

Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası uzaqda deyil

Xalqımız müxtəlif dövrlərdə amansız sınaqlara, yurd itkisinə məruz qalmışdır. XX əsrin sonu – XXI əsrin əvvəllərində qonşuluğa və bəşəri normalara zidd olaraq Ermənistan Azərbaycan torpaqlarının 20 faizini ələ keçirmiş və 30 ilə yaxın işğal altında saxlamışdır.

Bir çox tarixçi və tədqiqatçılar ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətininin əsasən üç mərhələsini qeyd edirlər. Azərbaycanlıların Qərbi Azərbaycandan ilk deportasiya dövrü 1905–1920-ci illəri əhatə edir. O zaman milli zəmində baş verən qanlı hadisələr nəticəsində həmin ərazidə mövcud olmuş 1000-ə yaxın Azərbaycan kəndi xəritədən tamamilə silinmişdir. Daha sonra sovet hökuməti tərəfindən 1948–1953-cü illər ərzində hiyləgər erməni millətçilərinin təhriki nəticəsində diktator İosif Stalinin göstərişi ilə 150 mindən artıq azərbaycanlı dədə-baba yurdundan deportasiya olunmuşdur. 1988-ci ildə baş vermiş son deportasiya hadisəsi isə əvvəlkindən fərqli amillərlə səciyyələnir. Bu deportasiya milli zəmində, Qərbi Azərbaycanda yaşayan 300 minədək həmvətənimizin öz doğma yurdlarından zorla qovulması ilə tarixə düşüb.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəfləri dəf etmək üçün daha böyük imkanlar açmışdır. Sevindirici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilmişdır.  Azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılmışdır. Dövlət başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən bəyan etmişdir.

Amma bütün bunlarla yanaşı, bu problemin həlli üçün beynəlxalq səviyyədə güclü bir hüquqi və siyasi təzyiqə ehtiyac var. Ədalətin bərpası yalnız soydaşlarımızın hüquqlarının tanınması ilə deyil, həm də bu hüquqların real olaraq təmin edilməsi ilə mümkündür. Qərbi Azərbaycanlıların qayıdışı beynəlxalq hüququn əsas prinsiplərindən birinə – insanların öz yurdlarına qayıtmaq hüququna əsaslanır. Bu hüquq BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası və bir sıra digər beynəlxalq sənədlərlə təsbit olunmuşdur.

Qərbi Azərbaycandan qovulan insanların əmlaklarına qarşı törədilmiş zorakılıq həm beynəlxalq hüquqa, həm də insanlıq dəyərlərinə ziddir. Onların mülkiyyət hüquqlarının bərpası ədalətin təmin olunması üçün vacibdir. Mülkiyyət hüquqlarının pozulması yalnız insanların əmlaklarının mənimsənilməsi ilə yekunlaşmır. Bu, onların şəxsi və ailə həyatlarına, iqtisadi təhlükəsizliyinə də zərbə vurmuşdur. Əmlakların geri qaytarılması, dağıdılmış binaların bərpası və qanuni sahiblərə kompensasiya ödənilməsi beynəlxalq hüququn tələbidir. Ümumiyyətlə, Ermənistanın birgəyaşayış üçün mühit, şərait  yaratması həm tarixi, həm də müasir dövrün ən böyük çağırışlarından biridir. Bu, yalnız Azərbaycanın maraqlarına deyil, Ermənistanın və ümumilikdə regionun sabitliyinə də xidmət edən addım olardı.

Birgəyaşayışın təminatı üçün Ermənistan nifrət ritorikasından əl çəkməli, azərbaycanlıların qayıdışını təmin etməli və mədəni müxtəlifliyə hörmət göstərməlidir. Bu prosesin həyata keçirilməsi zamanı beynəlxalq qurumların vasitəçiliyi və nəzarəti vacibdir. Davamlı sülh və inkişaf yalnız hər iki tərəfin birgə səyi ilə mümkündür. Ermənistan bu istiqamətdə səmimi addımlar atmalı və keçmişdən ibrət götürməlidir.

Bu məsələlər Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilən II beynəlxalq konfransda geniş müzakirə edilmişdir. Tədbirin əsas məqsədi Qərbi Azərbaycandan olan insanların qayıdış hüququnun beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çıxarılması idi. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvlərinin, beynəlxalq ekspertlərin, yerli və xarici diplomatların iştirak etdikləri konfransın iştirakçılarına müraciətində Qərbi Azərbaycandan olan insanların hüquqlarının qorunmasının əhəmiyyətini vurğulamış və rəsmi Bakının bu istiqamətdə qətiyyətli mövqeyini bir daha bəyan etmişdir. Prezident İlham Əliyev məktubunda Qərbi azərbaycanlıların hüquqlarının bərpasının beynəlxalq hüquq normalarına uyğun olduğunu və bu məsələnin sülh yolu ilə həll edilməsinin vacibliyini qeyd etmişdir. Konfransda, həmçinin Qərbi Azərbaycandan olan insanların tarixi yaddaşını, hüquqlarını və dəyərlərini qorumaq üçün gələcək planlar müzakirə olunmuşdur.

Bu tədbir Qərbi Azərbaycan İcmasının milli və beynəlxalq platformalarda aktivliyini artırdığını və dünya ictimaiyyətinə Azərbaycanın mövqeyini çatdırmaq istiqamətində səy göstərdiyini nümayiş etdirdi. Bu gün Qarabağa və Şərqi Zəngəzura böyük qayıdışımız həyata keçirilirsə, yaxın gələcəkdə Qərbi Azərbaycana dönüşümüz də real olacaq. İnam və qətiyyətlə hədəflərə, məqsədlərə doğru irəliləyən Azərbaycan hər bir vətəndaşının arzularını reallığa çevirməyi qarşısına məqsəd qoyub. Bu məsələdə Qərbi Azərbaycan İcması öz üzərinə düşən tarixi missiyanı uğurla yerinə yetirir. İcma Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün yorulmadan çalışır. Bu məqsədlə təsdiqlənmiş və icrası uğurla davam etdirilən "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası" xalqımızın birlik və həmrəyliyini göstərir.

Nigar Orucova, “İki sahil”

Избранный
45
ikisahil.az

1Источники