RU

Xəstələrin qanı ilə qırılan sümükləri müalicə edəcək implant hazırlanıb

Alimlər insan orqanizminin özünü sağaltmaq qabiliyyətindən ilhamlanaraq, xəstələrin öz qanından istifadə edərək qırıq sümükləri müalicə edə bilən implant hazırlayıblar.

“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, bu təməlqoyma tədqiqatı Nottingem Universitetindən olan bir qrup tərəfindən aparılıb və nəticələr qabaqcıl materialşünaslıq sahəsində irəliyə doğru mühüm addım hesab olunur.

İnsan bədəni qanın laxtalanması kimi təbii proseslər vasitəsilə kiçik zədələri tez bir zamanda düzəldə bilir. Lakin bu mexanizm daha böyük zərərlər üçün kifayət deyil. Bu problemi həll etmək üçün Nottingem Universitetinin tədqiqatçıları bədənin təbii bərpa prosesini gücləndirən xüsusi material hazırlayıblar.

Bu material zədələrdə toxumaları bərpa etmək üçün formalaşan "regenerativ hematoma" (RH) adlanan strukturları dəstəkləyir. Tədqiqatçılar laboratoriyada inkişaf etdirdikləri "peptid amfifillər" adlı zülalları insan qanına əlavə edərək, RH-nin daha güclü və təsirli şəkildə meydana gəlməsini təmin etdilər.

Araşdırma qrupunun fikrincə, yeni material qanla asanlıqla birləşə və istənildikdə 3D printerlə istehsal oluna bilər. Araşdırmanın həmmüəllifi Dr. Cosimo Ligorio bu yanaşmanın böyük potensiala malik olduğunu bildirib və deyib: “İnsan qanının yüksək regenerativ implantlara çevrilməsi həm təhlükəsiz, həm də asan bir prosesdir. Qan pulsuz bir mənbədir və xəstələrdən kifayət qədər miqdarda əldə edilə bilər."

Komanda bu üsulu siçovullar üzərində sınaqdan keçirib. Tədqiqatçılar siçovulların qanına peptidlər əlavə etməklə güclü RH strukturları yaradıb və bu strukturları heyvanların kəllələrindəki boşluqlara yerləşdiriblər.

Yeni implantdan istifadə edən siçovullarda sümük əmələ gəlmə nisbəti 6 həftə ərzində 62 faizə çatıb.

Heç müalicə olunmayan siçovullarda bu nisbət cəmi 30 faiz təşkil edib.

Hal-hazırda istifadə edilən süni sümük ilə müalicə olunanlarda sağalma nisbəti təxminən 50 faiz olaraq qeyd edilib.

Tədqiqatçılar yeni metodun insanlarda istifadəsi üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar. Lakin erkən tapıntılar bu yanaşmanın regenerativ tibb sahəsində böyük fərq yarada biləcəyini göstərir.

Araşdırmaya rəhbərlik edən Prof. Alvaro Mata metodun əhəmiyyəti barədə deyib: "Bu biokollaborativ yanaşma təbii müalicə prosesinin mexanizmlərini təkmilləşdirməklə daha effektiv regenerativ materiallar istehsal etmək imkanı təqdim edir."

Bu yeni müalicə üsulu gələcəkdə sümük sınıqlarının müalicəsində xəstələrin öz qanından istifadə etməklə daha təbii və təsirli bir həll təklif edə bilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
42
1
ikisahil.az

2Источники