RU

Azərbaycanın inkişafını və yaratdığı yeni reallıqları qəbul etmək istəməyən xarici və sapı özümüzdən olan qüvvələr

“İlk növbədə “Parlamentarizm: ənənələr və prespektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının uğurla təşkil edilməsi münasibətilə Sizi və bütün həmkarlarımı təbrik edirəm”.

“Yeni Gundem” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

“Artıq biz 2024-cü ilin sonuna yaxınlaşırıq və bu il ölkəmizdə çox mühüm və əlamətdar hadisələrlə yadda qaldı. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri davam edir. Bu çərçivədə bir çox layihələr tamamlanmış, digərləri isə sürətlə həyata keçirilir. Azərbaycanın milli iradəsi və infrastruktur imkanları bu prosesin yüksək səviyyədə icrasını təmin etmişdir. Artıq uzun illər boyu məcburi köçkün kimi yaşayan bir çox soydaşımız öz doğma yurdlarına qayıdıb. Bu, ölkəmizin sosial ədaləti bərpa etmək yolunda atdığı mühüm addımlardan biridir.

Həmçinin, bu il Qarabağda, Xankəndi şəhərində dövlətimiz üçün tarixi əhəmiyyətə malik bir hadisə baş verdi: Qarabağ Universitetinin açılışı həyata keçirildi. Bu, yalnız təhsil infrastrukturunun genişləndirilməsi deyil, həm də Azərbaycanın suverenliyinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Universitetdə təhsil almağa başlayan azərbaycanlı tələbələr ölkənin elm və mədəniyyət inkişafına mühüm töhfə verəcək.

Bundan əlavə, 2024-cü ildə Azərbaycanın dünya səviyyəsində nüfuzunu artıran mühüm beynəlxalq tədbirlərdən biri də BMT-nin İqlim Dəyişikliyi Konfransı COP 29-un ölkəmizdə keçirilməsi oldu. Bu tədbir, Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə fəal iştirak etdiyini və ekoloji problemlərin həlli istiqamətində beynəlxalq tərəfdaşlıqda önəmli mövqe tutduğunu nümayiş etdirdi. Konfransın nəticələri, həm yerli, həm də qlobal səviyyədə, ekoloji sabitliyin təmin olunmasına töhfə verəcəyindən əminik. Bütün bu nailiyyətlər Azərbaycanın davamlı inkişaf və beynəlxalq miqyasda tanınmış etibarlı tərəfdaş imicini möhkəmləndirdiyini bir daha sübut edir. Ölkəmiz, həm daxili, həm də xarici siyasətində qətiyyətlə irəliləyərək gələcəyə ümidlə baxır.

Azərbaycanın inkişafını və yaratdığı yeni reallıqları qəbul etmək istəməyən xarici və sapı özümüzdən olan qüvvələr min oyun qursalar da dövlətimiz və xalqımız onların arzularını ürəklərində qoyacaq”, – deyə o bildirib.

Избранный
3
3
yenigundem.az

4Источники