RU

Mətbuat Şurası sədrindənhəbslərə özəl mövqe

Rəşad Məcid: “Ya bilərəkdən, ya da bilməyərəkdən Azərbaycanın əleyhinə olan qüvvələrin əlində alətə çevrilirlər”

“Meydan” TV-nin qaçaqmalçılıqda ittiham olunan əməkdaşları Ramin Cəbrayılzadə (Deko), Aynur Qənbərova (Elgünəş), Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq), Natiq Cavadlı, Ülvi Tahirov və Aysel Umudovanın barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Məlumat üçün bildirək ki, ibtidai istintaq dövründə Natiq Cavadlı 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan), digər təqsirləndirilən şəxslər isə 1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) saxlanılacaq. Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Gözlənildiyi kimi, son həbslər Qərbin anti-Azərbaycan çevrələrində dərhal “azad mediaya və söz azadlığına hücum” kimi qiymətləndirilib.

Rəşad

Mətbuat Şurasının sədri Rəşad Məcid mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, jurnalistlər bilərəkdən və bilməyərəkdən Azərbaycanın əleyhinə olan qüvvələrin əlində alətə çevrilirlər: “Onlara qarşı irəli sürülən ittihamları hüquq-mühafizə orqanları araşdırır. Mətbuat Şurası bu prosesləri diqqətlə izləyir. Ölkəmizdə müstəqil mediaya dövlətin yaratdığı şərait və diqqət hamımıza bəllidir. Yazılan sözə görə kiminsə məsuliyyətə cəlb edilməsi halları olmur, münaqişəli məqamlar zamanı Mətbuat Şurası öz münasibətini bildirir”.

Media

 Müşfiq Ələsgərli

Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli isə bildirib ki, Azərbaycanda iki formada media qurumu var. Onlardan biri ölkə daxilində qeydiyyatdan keçib fəaliyyət göstərir. İkinci tip media qurumları isə xaricdə təsis olunurlar. Onlar Azərbaycan ərazisində fəaliyyət göstərmək istəyirlərsə, XİN-də qeydiyyatdan keçirlər. Azərbaycanda bir sıra media qurumları belə çalışır: “Özünü media subyekti elan etmiş media qurumları var ki, onların statusu müəyyən deyil. Onların fəaliyyətində Azərbaycan qanunvericiliyi ciddi şəkildə pozulur. Sən əgər media subyektisənsə, əvvəlcə öz statusunu bəyan etməlisən və onun əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq, qeydiyyatdan keçməlisən. "Toplum TV"nin, “Meydan TV”nin, “Abzas Media”nın statusuna nəzər salaq. Əgər Azərbaycanın daxili media resursudurlarsa, normal qaydalara uyğun olaraq reyesterdə qeydiyyatdan keçməlidirlər. Xarici media qurumlarıdırlarsa, yenə də akkreditasiya olunmalıdırlar. Məsələ ondadır ki, heç biri yoxdur. Əsas sual onunla bağlıdır ki, bu media subyektlərinin maliyyə mənbəyi şəffaf deyil. Tamamilə qaranlıq bir mühit mövcuddur.  Son vaxtlar ortaya faktlar çıxır ki, onlar sadəcə xəbər istehsal etmirlər. Araşdırma zamanı məlum olur ki, onlar tamamilə xaricdən maliyyələşirlər. Sual olunur ki, xaricdə oturan şəxslərin Azərbaycan auditoriyasına informasiya çatdırmaqda marağı nədir və nə üçün milyonlarla vəsaiti media subyektlərinin üzərinə axıdır? 2023-cü ildən araşdırma gedir və bir neçə redaksiya buna cəlb olunub. Azərbaycanda baş tutan son iki seçki müddətində və COP tədbirlərinin keçirildiyi vaxtlarda araşdırmaya cəlb olunmuş media subyektləri heç bir problem, insident olmadan özləri təxribat törədərək bunu real informasiya kimi təqdim edirdilər. Deməli, xaricdən maliyyəni verən şəxslər bu media subyektlərinin qarşısına müəyyən öhdəliklər qoyurlar. Beləliklə, beynəlxalq ictimaiyyəti bu yalanlara inandırmaq üçün böyük bir mexanizm qurulur.  

Almaniyanın XİN rəhbəri COP-un keçirildiyi dövrdə Azərbaycana gəldi və ədalətli olmayan fikirlər səsləndirdi. O fikirləri kimə istinadən hazırladı? Gedib müəyyən insanlarla görüşdü və həmin çevrədə iştirak edənlər kimlərdir? Maliyyə mənbələri qaranlıq olan həmin media subyektləri. Sonra bu media subyektləri haqqında araşdırma başlananda bunu jurnalistlərin hüquqlarının pozulması və ya söz azadlığına müdaxilə adı altında bəyanatlar verirlər. Bu araşdırmalar həmin şəxslərə yanlışı dərk etmək üçün verilmiş  fürsətdir". 

Şahanə RƏHİMLİ,
Musavat.com

 

Избранный
14
14
musavat.com

10Источники