RU

“Onun istehsal etdiyi məhsuldan kimsə yeyib ölürsə...” - Qüdrət Həsənquliyev

Milli Məclisin iclasında, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edən deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, Cinayət Məcəlləsinin iqtisadi fəaliyyət sahəsində cinayətkarlıq fəslinə müvafiq maddə əlavə edilir.

Musavat.com xəbər verir ki, o qeyd edib:

“Yəni bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Əvvəla, həm də insan həyat və sağlamlığı əleyhinə olan cinayətlər bölməsinə də bu normanı daxil etmək olardı. Amma burada əsas məqsəd o götürülüb ki, bu, iqtisadi fəaliyyət sahəsində olan cinayətdir”.

Qüdrət Həsənquliyev cinayət məsuliyyətinin nə zaman yarandığına da aydınlıq gətirib:

“Baxmayaraq ki, şəxs bilir ki, onun istehsal etdiyi qida məhsulu insan həyatı üçün təhlükəlidir. Əgər o, bunu xeyli miqdarda istehsal edibsə. Yəni bu, o mənada başadüşülən deyil ki, xeyli miqdarda istehsal nəyi nəzərdə tutur, məhsulun həcmini, yoxsa onun qiymətini?

Tutaq ki, düzgün qaydada konservləşdirilməmiş bir banka göbələk bir ailənin məhvinə gətirib çıxara bilər. Onun dəyəri və həcmi azdır. O baxımdan söhbət əgər insanın həyat və sağlamlığından gedirsə, onun yalnız xeyli miqdarda istehsal olunmasının cinayət tərkibli olması anlaşılan deyil.

İkinci bir məsələ, 200-3.4-cü maddədə qeyd olunur ki, “nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda”. Əgər şəxs bilə-bilə insan həyatı üçün təhlükəli olan məhsul istehsal edirsə, yaxud satırsa, burada hansı ehtiyatsızlıqdan söhbət gedə bilər? Ona görə ki, Cinayət Məcəlləsinin 25-ci maddəsində qeyd olunur ki, “birbaşa və ya dolayı yolla qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır”. Yəni burada dolayı qəsdlə törədilmiş əməl özünü nədə ehtiva edir?

Şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb, lakin bunları arzu etməyib və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol veribsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Ona görə hesab edirəm ki, burada o nəticələrin ehtiyatsızlıqla birbaşa əlaqələndirilməsi doğru deyil. Ona görə ki, Cinayət Məcəlləsinin 26.3-cü maddəsində qeyd olunur ki, “Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə...”, - bu ehtiyatsızlıqdan törədilmiş əməl hesab olunur. Amma biz burada qeyd edirik ki, “şəxs bilə-bilə insan həyatı üçün təhlükəli məhsulu istehsal edir”.

Əgər belə məhsulun istehsalı və satışı insanların ölümünə gətirib çıxarıbsa, o halda həmin şəxs cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 66-cı maddəsinə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır. Həm qəsdən adam öldürməyə, həm də təhlükəli qida məhsullarının istehsalı və satışına görə”.

Q. Həsənquliyev “İnzibati hüquqpozmalar haqqında” Məcəlləyə edilən dəyişikliklərlə bağlı da fikirlərini bölüşüb:

““Dərman vasitələri haqqında” qanunda qeyd olunur ki, bioloji aktiv qida məhsulları dərman vasitəsi hesab olunmadığına görə reseptdə yazıla bilməz və onun yazılması qadağandır. Eyni zamanda “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunun 7.3.4-cü maddəsində qeyd olunur ki, “yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi haqqında təminatı əks etdirməlidir”, yəni süni qida məhsulunun üzərində.

Hörmətli Əhliman Əmiraslanovun aydınlaşdırmasını istəyirəm ki, süni qida məhsulu ilə bioloji aktiv qida məhsulu eynidirmi? Həm də 14-1.1-ci maddədə qeyd olunur ki, “bioloji aktiv qida məhsulları orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər”.

Tutaq ki, uşağın çəkisi azdır və həkim ona qida əlavəsi yazır. Süni qida məhsullarının da müxtəlif növləri, formaları var.

Biz burada cəzaları da artırırıq. Tutaq ki, əvvəl bunu reseptdə yazırdısa və 30 manat cərimə olunurdusa, indi 100 manatdan 150 manata qədər qaldırılır. Belə olan halda bunu həkimlər harada yazmalıdır? Yəni Əhliman müəllim istəsə, bu məsələyə münasibət bildirsin.

Ümumiyyətlə, əgər həm süni qida məhsulu, həm də bioloji aktiv qida məhsulunun istifadəsi həkim tövsiyəsi ilə məsləhət bilinirsə, həkimlərə də bunun reseptdə yazılması qadağandırsa, həkimlər də tutaq ki, bunu reseptdə deyil, başqa kağızda yazdı, bu, nəyi dəyişir? Bunun reseptdə yazılmasının qadağan olunması başadüşülən deyil. Mən həm də buna görə cərimələrin də bu qədər artırılmasının əleyhinəyəm”.

Qüdrət Həsənquliyevin səsləndirdiyi fikirlərə Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov münasibət bildiriblər və qanun layihəsini müdafiə ediblər.

Bundan sonra Qüdrət Həsənquliyev yenidən söz alaraq, Ziyafət Əsgərovun fikirlərinə münasibət bildirib:

“Mən burada sadəcə olaraq qeyd etdim ki, cinayətin ehtiyatsızlıqdan törədilməsi nədir. Ehtiyatsızlıqdan törədilən cinayətdə şəxs öz davranışına çox etinasız yanaşır. Məsələn, avtomobil sürücüsü görür ki, yer yaşdır və hava da soyuyur. Avtomobildə havanın temperaturuna da baxmır və fikirləşmir ki, yol buzlaşa bilər, sürət həddini endirmir. Burada söhbət nədən gedir? Şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu halda görmür. Bu məsələdə isə bunu görür.

Biz burada yazırıq ki, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli olan məhsulu istehsal edirsə. Bu, bilir ki, istehsal etdiyi məhsul insanın həyatı üçün təhlükəlidir. Sadəcə olaraq burada dolayı qəsd var. Yəni bu nəticəni arzulamır. Dolayı qəsddə deyir ki, şəxs bunu arzu etmir, amma belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Bu, bilir ki, onun satdığı məhsulu kimsə yesə, dünyasını dəyişə bilər. Amma buna baxmayaraq, bunu edir. Onda gəlin, bilə-bilə insan həyatı və sağlamlığı üçün ifadəsini normadan çıxaraq.

Əgər bir insan bilirsə ki, onun istehsal etdiyi məhsul başqalarının dövlət tərəfindən qanunla qorunan həyatını, mənafelərini təhlükə altına alır, o halda o şəxs cinayətlərin cəmi qaydasında məsuliyyət daşımalıdır. Onun istehsal etdiyi məhsuldan kimsə yeyib ölürsə, bu halda ölüm ehtiyatsızlıqdan baş vermir. Bu halda yanaşı qəsd var, ona görə də cinayətlərin məcmusu qaydasında məsuliyyətə cəlb olunmalıdır”.

E.Paşasoy,
Musavat.com

Избранный
39
23
musavat.com

10Источники