RU

Qurbanəli Ömər: “Azər Qasımlı statusuna arxayın olub, “lotu”luq edirdi, cəzasını aldı”

“Azər Qasımlıya borcum olmayıb”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında kriptovalyutalar üzrə ekspert Qurbanəli Ömər (Yusibov) deyib. 

 

Q.Ömər Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının ona hədə gəlməsi, zor tətbiq etməsi səbəbindən həbs olunması barədə məlumatlara belə aydınlıq gətirib: “Biz şərikli iş görmüşük. Şifahi razılaşmamıza görə, onun Binance birjasındakı hesabındakı al-sat əməliyyatlarına mən cavabdeh idim. Həmin müddət ərzində Azər 3200 dollar qazanc götürmüşdü, ancaq 2020-ci ilin sentyabrında Vətən müharibəsi ilə əlaqədar ölkə ərazisində internetin verilməsi məhdudlaşdırılmışdı. Bu və onunla bağlı digər problemlə əlaqədar olaraq Azərin balansı azalmağa başladı və bundan sonra münasibətlərimiz korlandı. Hesabında yatırdığı məbləğə görə başa-baş olduqda (20 min dollar pul qoymuşdu və 3200 dollar qazanc götürmüşdü, balans isə 17 min dollar idi) Azərə təklif etdim ki, gəl halallaşaq, enmələr olacaq. O isə razılaşmadı, “Bitcoin alıb, saxlasaydım, daha qazanclı çıxardım” deyib, məndən Bitcoin tələb etməyə başladı və beləcə münasibətlərimiz dalana dirəndi. Bundan sonra balansı daha da düşdü və buna baxmayaraq mən hər  dəfə ona dollar bazında dəymiş ziyanın yarısını ödəməyi təklif etsəm də, o razılaşmadı. Aramızdakı ziddiyyətlər daha da böyüdü. Dostluğumuz pozulduqdan sonra mən onunla təmas etmək istəmədim. Belə olduqda o, əvvəlcə məni, sonra isə ailəmi hədələdi və məndən Bitcoin tələb etməyə başladı. Dediyi isə bu idi ki, “o vaxt 2 Bitcoin ala bilərdim, heç olmasa indi 1 Bitcoinimi qaytar”. İş o yerə çatdı ki, telefonuma xarici nömrələrdən zənglər gəlir, Azərin pulunu verməli olduğum deyilirdi. Bu il isə Mingəçevir Şəhər Məhkəməsində bizim xəbərimiz olmadan valideynlərimin sahibi olduğu və yaşadığı mülkiyyətə həbs qoydurdu. Qeyd edim ki, mənim öz adıma hər hansı bir mülkiyyət yoxdur və bu qanunsuz qərar apellyasiya şikayətimiz ilə ləğv edildi”. 

 

Q.Ömər əlavə edib: “Azər 1 Bitcoini 35 min dollar və digərini 10 min dollar olaraq hesablamışdı. Sonra məhkəmədə mübahisələndirilən toplam 45 min dollar dəyərindəki məbləğlə bağlı Şəki Apellyasiya Məhkəməsi mənim xeyrimə qərar çıxartdı. Ali Məhkəmə də bu qərarı mənim xeyrimə olaraq qüvvədə saxladı. Bu illər ərzində Azər dəfələrlə məni və ailəmi hədələmiş, mənə və ailəmə böyük problemlər yaşatmışdı. Bunu da demək istəyirəm ki, mən şikayəti bir gündə verməmişəm. Dəfələrlə aidiyyatı qurumlara və mediaya bu haqda müraciətlər edirdim. Azər, yoldaşı və dostları məsələni siyasiləşdirir, indi isə məni və ailəmi sosial media üzərindən linç etdirirlər. Sonda demək istəyirəm ki, Azər cəzasını çəkəcək və bitirəcək, ancaq onun mənə və ailəmə yaşatdıqları problemlər bir ömür mənimlədir. Yenə də bütün bunlara görə çox üzgünəm. Allah günahlarını bağışlasın. Qanunsuzluqlarla yanaşı, çox Allahsızlıqlar edib. Məni şəxsən tanıyan hər kəs şahiddir. Ancaq o da bir ailə başçısıdır və məsələlərin bu həddə gəlib çıxmaması üçün bu günə qədər də əlimdən gələni etdiyimi məni şəxsən tanıyan hər kəs bilir. Sosial mediada məni linçləyənlərə isə demək istəyirəm ki, sizinlə də bağlı aidiyyatı qurumlara müraciət edəcəyəm. Bu ölkə hüquq dövlətidir, Afrika cəngərliklərində və yaxud 19-cu əsrdə yaşamırıq. Azər siyasi statusuna arxayın olub, “lotu”luq edirdi, cəzasını aldı və məni sosial mediada hədəf götürənlər də cavablarını alacaqlar”. 

 

Xatırlatma: Yasamal rayon Məhkəməsi Azər Qasımlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. O, Qurbanəli Ömərin müraciət əsasında 8 dekabrda polis tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir. A.Qasımlı həbsinin siyasi sifariş olduğunu iddia edir.

 

Aytəkin Qardaşova 

Tarix: 10 Dekabr 2024, 21:06   
Избранный
23
pravda.az

1Источники