RU

Sen-Martin:Kolonial irsin kölgəsində bir ada, bir xalq, bir tale

Sen-Martin, Karib dənizinin ortasında yerləşən, hər il milyonlarla turisti özünə cəlb edən ekzotik təbiət mənzərəli adadır. Lakin bu gözəl mənzərələrin arxasında gizlənən reallıq adanın əsrlərdir davam edən kolonial keçmişi və müasir neokolonializm təsiri altında qaldığını göstərir. Fransa və Niderlandın idarə etdiyi bu ada zəngin turizm potensialına baxmayaraq, sosial bərabərsizlik, iqtisadi asılılıq və mədəni assimilyasiya kimi problemlərdən əziyyət çəkir.

Sen-Martinin tarixi XVI əsrdə avropalıların regiona gəlişi ilə başladı. 1648-ci ildə Konkordiya Müqaviləsi ilə ada Fransa və Niderland arasında bölündü. Bu bölgü iki dövlətin iqtisadi və strateji maraqlarına uyğun idi, lakin yerli əhalinin həyatına mənfi təsir göstərdi. Adanın şimal Fransız hissəsi Saint-Martin, cənub Niderland hissəsi isə Sint Maarten adlanır. Saint-Martin turizmdən asılı bir iqtisadiyyatla Amsterdamın nəzarətindədir. Yerli icmalar yoxsulluqla üzləşir, çünki turizmdən gələn gəlirlər əsasən əcnəbi investorlara fayda verir. Fransız idarəçiliyi ilə Sint-Marten, Parisin mərkəzləşdirilmiş qərarları ilə üz-üzə qalır, iqtisadi borc və siyasi nəzarətin altında fəaliyyət göstərir.

Fransa 2007-ci ildə öz hissəsinə dənizaşırı icma statusu versə də, əsas iqtisadi nəzarəti əldən buraxmayıb. 2010-cu ildə isə Niderland öz hissəsinə muxtariyyət versə də, xarici siyasət və maliyyə üzərində təsirini qoruyub saxlayıb. Fransız hissəsində yaradılan gəlirin böyük bir hissəsi Parisdəki korporasiyaların hesablarına yönəlir.

2017-ci ildə "İrma" qasırğası adaya həm təbii, həm də siyasi fəlakət gətirdi. Minlərlə insan evsiz qaldı və məcburi köçkünə çevrildi. Niderlandın ayırdığı 550 milyon avroluq yardım əsasən yerli ehtiyaclara deyil, Haaqanın prioritetlərinə uyğun layihələrə sərf edildi. Bu vəziyyət Niderlandın Maliyyə Nəzarəti Şurasının (CFT) adanın büdcəsinə ciddi məhdudiyyətlər qoyduğu reallığını daha da qabarıq şəkildə göstərdi.

Beynəlxalq müstəvidə Fransa və Niderland öz təsir gücündən istifadə edərək adanın müstəqillik mübarizəsinə mane olurlar. Fransa BMT və Avropa İttifaqındakı mövqeyindən istifadə edərək Sen-Martinin statusunun dəyişdirilməsi ilə bağlı təklifləri bloklayır. Karib Birliyinin 2018-ci ildə irəli sürdüyü təşəbbüslər də Paris tərəfindən rədd edildi.

Hər iki hissədə yerli idarəçilik yalnız formal xarakter daşıyır. Fransız tərəfdə yerli şuranın qərarlarına veto qoyulması, Niderland tərəfdə isə inzibati nəzarət iqtisadi müstəqilliyi və demokratik idarəetməni məhdudlaşdırır. Avropa İttifaqının sərt qaydaları adanı müstəqil qərar qəbul etməkdən məhrum edir və metropoliya dövlətlərinə sərf edən siyasətlərə uyğunlaşmağa məcbur edir. Regional əməkdaşlıq cəhdləri də eyni şəkildə bloklanır. 2021-ci ildə Sint-Martenin Karib ölkələri ilə ticarət razılaşması yaratmaq təşəbbüsü Amsterdam tərəfindən ləğv edildi. Fransa da beynəlxalq tədbirlərdə yalnız öz razılığı ilə iştirak tələb edir. Bu məhdudiyyətlər adanın sosial-iqtisadi vəziyyətini daha da çətinləşdirir. Fransız hissəsində işsizlik 30 faizdən çoxdur, Niderland hissəsində isə ailələrin 25 faizi yoxsulluqdan əziyyət çəkir.

Kolonial dövrdə ada şəkər plantasiyaları və digər kənd təsərrüfatı sahələri ilə tanınırdı. Bu təsərrüfatlarda yerli xalq və kölə gətirilən afrikalılar çalışdırılırdı. Kolonial idarəçilik dövründə yerli əhali hüquqlardan məhrum edilir, təbii sərvətlər isə Avropa güclərinin maraqları üçün istifadə olunurdu. Bu tarixi irs, adanın müasir iqtisadiyyatında da özünü göstərir. Bugün adanın iqtisadiyyatı əsasən turizm və xidmət sahəsinə əsaslanır. Hər il milyonlarla turistin adaya səfəri böyük gəlir gətirsə də, bu gəlirlərin çox hissəsi xarici şirkətlər tərəfindən mənimsənilir. Turizm sektorundakı otel və restoranların əksəriyyəti Fransa və Niderlandda qeydiyyatdan keçmiş şirkətlərin mülkiyyətindədir. Bu, yerli iqtisadiyyatın güclənməsinin qarşısını alır. Adada sosial bərabərsizlik təhsil və səhiyyə xidmətlərinə çıxışın məhdud olması ilə müşayiət edilir. Fransız və Niderland idarə sistemləri yerli əhalinin real ehtiyaclarını nəzərə almır. Təhsil müəssisələri Avropa sisteminə uyğun qurulsa da, yerli gənclərin peşəkar inkişafına imkan yaratmır.

Sen-Martin həm də ekoloji problemlərlə üzləşir. Adanın turizmdən həddindən artıq asılılığı təbii mühitin istismarını artırır. Meşə örtüyünün azalması və çimərliklərin su ehtiyatlarının çirklənməsi kimi problemlər adanın ekosistemini ciddi təhlükə altına salır.

Ümidlər isə tam ölməyib. Yerli əhali öz təbii və insan potensialından istifadə edərək daha ədalətli bir gələcək qurmağa çalışır. Bu, yalnız metropoliya təsirindən azad olmaq və iqtisadi müstəqillik qazanmaqla mümkün ola bilər. Sen-Martinin neokolonializmin kölgəsindən çıxması üçün həm daxili islahatlar, həm də beynəlxalq dəstək lazımdır. Bu dəstəyi təmin etmək üçün beynəlxalq əməkdaşlıq vacibdir.

Azərbaycan müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə daim yardım əlini uzadır. Məhz bu baxımdan dekabrın 6-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Sen-Martin adasına həsr edilmiş beynəlxalq konfrans keçirilib. “Sen-Martində Fransa və Niderland müstəmləkəçiliyi – bir ada, bir xalq, bir tale” adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azadlıq istəyən Sen-Martin xalqının təmsilçiləri, qeyri-hökumət, həmçinin müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, parlament üzvləri, hüquq müdafiəçiləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər. Çıxışlarda Fransanın və Niderlandın əsarəti altında olan və iki hakimiyyətin mövcud olduğu Sen-Martin xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi mexanizmlər müzakirə olunub. Sonda Bakı Təşəbbüs Qrupu ilə Vahid Sen-Martin Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Bildirilib ki, bu, gələcəkdə əməkdaşlıq görüşlərinin davam etdirilməsi, Bakı nümayəndələrinin Sen-Martini ziyarət edərək vəziyyəti öz gözləri ilə görmələri, rəsmi şəxslərlə və Assosiasiya üzvləri ilə təmasları üçün vacibdir. Qeyd edilib ki, bu Memorandum gələcəkdə faydalı təsirləri olacaq ikitərəfli sazişlər üçün bir başlanğıcdır.

Nigar Orucova, “İki sahil”

Избранный
31
ikisahil.az

1Источники