RU

10 il əvvəl səfirimizi Suriyadan niyə çıxardıq - səbəblər

Erməni diasporu heç zaman Bakı ilə Dəməşq arasında əlaqələrin istiləşməsinə imkan verməyib

Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında qurulub.  İki ölkə arasında əməkdaşlıq Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilir. 

Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd 2009-cu il iyul ayının 8 və 9-da Azərbaycanda rəsmi səfərdə olub. Suriyanın dövlət başçısı o zamankı Dağlıq Qarabağ münaqişəsindən danışarkən Azərbaycanın mövqeyinin beynəlxalq qanunlar çərçivəsinə söykəndiyini demişdi. “Suriyanın da bu prosesdə çox böyük rolu ola bilər. Suriyanın həm Azərbaycan, həm də erməni tərəfi ilə yaxşı münasibətləri var. Suriya bu məsələnin həllinə öz töhfəsini verə bilər”, - deyə o bildirmişdi. 

Bəşər Əsəd səfər çərçivəsində "Təzəpir" məscid kompleksində olmuş, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdü.  

Prezident İlham Əliyev 2011-ci ilin 12 aprelində Suriyaya rəsmi səfər etməli idi. Amma həmin ilin fevralında Suriyada vəziyyət dəyişdi, ölkədə qarışıqlıq baş verdi, vətəndaş müharibəsi başladı. Martda bu hadisələrin miqyası daha da genişləndi və təhlükə yarandı. Ona görə də Azərbaycan Prezidentinin səfəri təxirə salındı.

Azərbaycanla Suriya arasında indiyədək müxtəlif sahələrdə əməkdaşlıq haqqında 20 sənəd imzalanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi cəmi 461 min 55 dollar olub ki, bunun 160 min 49 dolları ixraca, cəmi 301 min 6 dolları isə idxala aiddir.  

Azərbaycanın

Azərbaycanın 2014-cü ildən Suriyada səfirliyi yoxdur. Ölkəmizin Dəməşqdəki sonuncu səfiri Mahir Əliyev olub. O, 2008-2014-cü illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub. Diplomat 2014-cü ilin noyabr ayında geri çağırılıb. Azərbaycan daha sonra Livana səfir təyin etsə də, Suriyaya səfir göndərməyib. 

Qeyd edək ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında Suriyadan gələn ermənilərin qanunsuz məskunlaşdırılmasını da həyata keçirib. Qarabağda erməni əhalisinin sayını süni şəkildə artırmaq məqsədi güdən bu siyasət nəticəsində işğal altında olmuş ərazilərə Suriyadan da minlərlə insan köçürülüb, onların köçürülməsi üçün Ermənistan dövləti, erməni lobbisi və diasporu, ayrı-ayrı fondlar tərəfindən həvəsləndirici, təşviqedici əməllərə əl atılıb. Görünür, həm də bu amillər Azərbaycanın bu ölkədə səfirliyinin bağlanmasına səbəb olub. Ekspertlər bildirir ki, Suriyada sabitlik təmin olunandan sonra Azərbaycan bu ölkəyə səfir təyin edə bilər.

Sona

 Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva Suriyada yeni dönəmin başlaması ilə Azərbaycana yaranacaq münasibətdən ümidli danışdı: “Suriya ilə Azərbaycan arasındakı əlaqələrin tarixi kökləri var. Bizim azərbaycanlı türkmənlər hələ Səfəvilər dövründən Hələbdə, Homsda məskunlaşıblar. Azərbaycan dövlətləri ayrı-ayrı zamanlarda Suriya ərazilərinə hökm ediblər. Suriyanın böyük bir qismi tarixi Türkməneli coğrafiyasıdır. Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin məzarı da Hələbdədir. Bu cür tarixi köklərimiz hər iki xalqın sülh müstəvisində münasibətlər qurmasında böyük üstünlüklər vəd edir. Hafiz Əsəd dönəmində Suriyada türk düşmənçiliyi var idi. Azərbaycan torpaqlarının işğalına da Hafiz Əsəd səssiz qalmışdı. O, ermənilərə daha çox simpatiya bəsləyirdi. Çünki bir zamanlar Əsəd rejiminin SSRİ ilə əlaqələrini koordinasiya edənlər suriyalı ermənilər olub. PKK-ya öz ölkəsində yer verib bəsləyən də Hafiz Əsəd rejimi idi. Bəşər Əsəd də bir müddət atasının açdığı cığırla sürünməyə başladı. Sonda bu ona baha başa gəldi. Hətta Əsəd ailəsi bir Xocalı soyqırımının təşkilatçılarından olan Vazgen Sarkisyana bahalı "Mercedes" maşını bağışlamışdılar. Suriyada erməni diasporu heç zaman Bakı ilə Dəməşq arasında əlaqələrin istiləşməsinə imkan verməyib. İndi yeni dönəm başlayır. Suriya üçün bu dönəm heç də asan keçməyəcək. Əgər Suriyada dünyəvi, legitim dövlət qurularsa, ölkədə münbit şərait yaradılarsa, Azərbaycan Suriya ilə münasibətlərini yenidən düzəldə bilər. Hətta bizim iş adamlarımız, tikinti şirkətlərimiz Suriyanın yenidən qurulmasına öz töhfələrini verməkdə maraqlıdırlar. Təbii ki, Azərbaycanla Suriya arasındakı diplomatik münasibətlərin həlli zaman alacaq. Amma səfirliklərin qarşılıqlı fəaliyyəti müəyyən müddətdən sonra mümkündür. Düşünürəm ki, Suriyada erməni diasporu olduğu kimi bizim də orada türkməneli diasporumuz var. Biz türkmən soydaşlarımızın Suriyadakı varlığından iki ölkə arasındakı əlaqələrin çoxşaxəli inkişafında çox yaxşı faydalana bilərik".

Əli

 Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Azərbaycan tərəfin Suriyada səfirliyinin fəaliyyətini mütləq bərpa edəcəyini bildirdi: “Suriya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulsa da, hər iki ölkə arasında geniş formatlı əməkdaşlıq olmayıb. Baxmayaraq ki, Suriyanın devrilmiş indiki prezidenti Bəşər Əsəd Bakıya işgüzar səfərə gəlib və 20-yə yaxın sənəd imzalanıb. Lakin həmin sənədlərin icrası Suriyadakı vətəndaş müharibəsinin başlaması səbəbilə mümkün olmayıb. Suriya daha çox Ermənistanla geniş əməkdaşlıq qurub və orada yaşayan 100 min erməniyə geniş imtiyazlar verib. Öz dillərində məktəbləri, erməni kilsəsi var. Hətta idarəetmədə yüksək postlarda da təmsil olunurdular. Təsadüfi deyil ki, Əsəd rejiminin süqutu erməni cəmiyyətində isterika yaradıb. Bu həm də onunla bağlıdır ki, Suriyanın yeni siyasi inşasında Türkiyə xüsusi rol oynayacaq və Ankaranın fikri və mövqeyi əsas götürüləcək. Digər tərəfdən, məlum olduğu kimi Suriyadakı daxili münaqişənin ilk dönəmlərində minlərlə Suriya ermənisi miqrasiya edib. Onların bir çoxu Ermənistanın fəal maddi və mənəvi dəstəyi ilə Azərbaycanın keçmiş işğal altında olan ərazilərində məskunlaşdırılmışdı. Onlara beynəlxalq erməni diasporunun maliyyəsi ilə hər cür şərait yaradılmışdı. Xüsusən də Laçın rayonu ərazisində onlara böyük yaşayış məskənləri salınmışdı. Baxmayaraq ki, rəsmi Bakı Ermənistanın bu qanunsuz addımları barədə beynəlxalq müstəvidə etirazlarını bildirmişdi. Təəssüf ki, Azərbaycanın bu haqlı etirazlarına və tələblərinə məhəl qoyulmadı. İkinci Qarabağ savaşında Azərbaycanın qalib gəlməsi və torpaqlarımızın işğaldan azad edilməsi qanunsuz məskunlaşdırılan suriyalı erməni miqrantların da Ermənistana köç etməsi ilə nəticələndi. İndiki qeyri-müəyyənlik və hakimiyyət boşluğu, həmçinin baş verə biləcək yeni hərbi toqquşma ehtimalının qalması suriyalı erməniləri də tədirgin vəziyyətdə saxlayır. Gözlənilir ki, Suriyadan yeni erməni köç dalğası Ermənistana da üz tutsun. Bu zaman Ermənistanda humanitar böhran qaçılmaz olacaq. Məhz buna görə də Ermənistanın ciddi narahatlığı indidən özünü aydın şəkildə büruzə verir. Əsədin devrilməsini böyük ağrı ilə qarşılayırlar. Azərbaycanla Suriya arasında diplomatik nümayəndəliklər məsələsinə gəlincə, təbii ki, Bakı bunu bərpa edəcək. Ancaq hələ Suriyada vəziyyət mürəkkəbdir. Bu isə müəyyən vaxt aparacaq. Lakin Azərbaycanın Suriyada diplomatik əlaqələrinin gələcəkdə yüksək səviyyədə qurulması həm də ona görə lazımdır ki, orada 5-7 milyon arasında can qardaşlarımız və eyni soykökünə malik türkmənlər yaşayır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Избранный
24
49
musavat.com

10Источники