RU

İdarəçinin “qadın”ı, “kişi”si olmaz

Azərbaycanda bir qrup şəxslər qadın idarəçilər ilə işləməyin çətin olduğunu bildirirlər. Hətta bəzi şəxslər işə müraciət edən zaman idarəçinin, rəhbərin qadın olduğunu bilən zaman işdən imtina edirlər. “Qadınlar çox emosionaldırlar, onların idarəetməsi problem yaradır” kimi fikirlər bildirənlər də az deyil. Onlar bunun səbəbini müxtəlif fikirlərlə əsaslandırırlar. Maraqlıdır, həqiqətən qadınların idarəetməsi problemlər yaradır?

Valyuta.az-a danışan “SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov deyir ki, idarəetməyə bir ciddi peşə kimi baxsaq, onun alətləri, texnikaları, qaydaları, prinsipləri var. Bunları öyrənməyib təbii halımızı, yəni emosional, sakit, sərtlik və s. kimi hallarımızı idarəetməyə yönəltsək, idaretmədə müxtəlif yanlışlar ola bilər:

“Bizdə idarəetməni çox adam öyrənmir, təbii halları ilə idarəetməyə başlayırlar. Kimin xasiyyəti necədirsə, o formada da idarə etməyə çalışır. Amma peşəkar idarəetməni öyrənən zaman necə idarə etmək lazım olduğunu bilirlər. Qadın da idarəetmə qaydalarını öyrənmədən təbii halı ilə idarəetməyə başlasa, müəyyən problemlər ola bilər”.

Qadınların hadisələrə kişilərə nisbətən daha emosional yanaşmasının idarəetməyə təsirinə gəlincə, A.Bayramov bildirdi ki, məsələ peşəkarlığa bağlıdır: “Kişilərə və qadınlara xas müxtəlif nüanslar ola bilər, amma bunu əsas gətirib iddia etmək olmaz ki, qadınlar emosionaldır, kişilər daha sərt yanaşırlar və s. Əgər qadın peşəkardırsa, bu kimi hallar yaşanmır. Çox güclü qadın idarəçilər var və onlarla işləmək heç də çətin deyil. Yəni, kişi-qadın fərqi yoxdur, hər ikisi yüksək səviyyədə idarəçi ola bilər. Əsas odur ki, idarəetməni öyrənib, onu tətbiq etmək lazımdır”.

İdarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir mövzu ilə bağlı bildirdi ki, iş həyatında uğur, idarəetmə performansı və liderlik bacarıqları cinsiyyətlə əlaqəli deyil:

“İdarəetmə bacarıqları şəxsin təcrübəsi və liderlik keyfiyyətləri ilə ölçülür. Lakin cəmiyyətdə kök salmış bəzi cinsiyyətçi yanaşmalar və stereotiplər, qadın menecerlərə qarşı ön yarqı yaranmasına səbəb olur. Məsələn, qadınların idarəetmədə daha "emosional" olduğu kimi elmi əsası olmayan fikirlər, qadınların iş dünyasında irəliləməsini maneə törədə bilər. Bu cür yanaşmalar 21-ci əsrin müasir və mütərəqqi iş dünyası anlayışı ilə uyğun gəlmir”.

Təlimçinin sözlərinə görə, idarəçinin qadın və ya kişi olmasından asılı olmayaraq, əsas olan şəxsin bacarıqları və idarəetmə tərzidir: “Qadın rəhbər olduğu üçün bir iş təklifini rədd edən birinin bu ön yarqısı əslində həmin şəxsin peşəkarlıqdan uzaq bir mövqe sərgilədiyini göstərir. Belə bir vəziyyətdə, işi rədd edən şəxsin itkisi, şirkət üçün bir fürsət olaraq da qiymətləndirilə bilər”.

Əvəz Həsənov

Избранный
44
14
valyuta.az

10Источники