RU

Dünya şöhrətli siyasi xadim Heydər Əliyev



Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmışdır. Ulu öndərin yaratdığı dövlət idarəçiliyi məktəbi – müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır. Bu gün dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il keçir.
Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvanda anadan olub. O, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Qeyd edək ki, 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Heydər Əliyev 1969-cu il iyul plenumunda Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. 1987-ci ilin oktyabrında Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanadək Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, həmçinin yüngül sənaye və kənd təsərrüfatı, ən parlaq inkişaf dövrünü yaşadı, respublikada təhsilin inkişaf dövrü başladı, milli kadrların yetişdirilməsi vüsət aldı. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan SSR arasında inkişaf tempinə görə ön sıralara yüksəldi.
Xalqımızın ümummilli liderinin Azərbaycana xidməti 1987-ci ildən sonrakı dövrdə də davam etdi. Beelə ki, 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Sovet rejiminin qadağalarına rəğmən, 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev qanlı faciənin təşkilatçılarını ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. Ulu öndərin bu addımı xalqımızın mübarizə əzmini daha da artırdı, ruhlandırdı, milli azadlıq hərəkatının genişlənməsinə stimul verdi. Bütün bunlarla yanaşı, O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdiyini də bəyan etdi. Onu da qeyd edək ki, Heydər Əliyev kimi nəhəng siyasətçinin Kommunist Partiyası üzvlüyündən imtina etdiyini bəyan eləməsi həm də azadlıq mübarizəsinə qalxmış Azərbaycan xalqına daha bir dəstəyi idi.
Azərbaycana qayıdan Heydər Əliyev 1990-cı ilin iyulunda qısa müddət Bakıda qaldıqdan sonra Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991-1993-cü illərdə xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini olub. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. O cümlədən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb. Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsində parlaq səhifələrdən daha biri isə ulu öndər Heydər Əliyevin 1991-ci ilin martında SSRİ-nin saxlanması haqqında referendumun keçirilməsi məsələsi Ali Sovetdə səs qoyularkən belə bir referendumun keçirilməsi əleyhinə, yəni SSRİ-nin saxlanmasının əleyhinə səs verməsi idi. O, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. Uzaqgörən siyasətçi, ümummilli lider Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrildi və təsis olunduqdan təxminən 7 ay sonra hakimiyyətə gəldi. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tələbi ilə Naxçıvandan Bakıya gələrək 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ümumxalq səsverməsi nəticəsində 1993-cü il 3 oktyabr tarixində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi hadisə Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımıdır. Ulu öndər Heydər Əliyev 10 oktyabr 1993-cü ildə dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Nəticədə, 11 oktyabr 1998-ci ildə keçirilən növbəti prezident seçkilərində Heydər Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Azərbaycan dövlət müstəqilliyinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Ölkəmiz beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Azərbaycan xalqı əmin idi ki, ən ağır məqamlarda Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcək. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir. Azərbaycanın qələbələrinin təməli məhz Heydər Əliyev siyasəti ilə qoyuldu. Heydər Əliyevin özü qədər inandığı İlham Əliyev bütün seçkilərdə qazandığı qələbə ilə sübut etdi ki, Ulu Öndərin siyasi kursunu ondan yaxşı heç kim davam etdirə bilməz. Bu kurs Azərbaycanın müstəqilliyinin qorunması idi və İlham Əliyev bu kursu mükəmməl şəkildə qorudu. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ən böyük arzusunu – başda Şuşa olmaqla, işğal altındakı torpaqlarımızın azad olunması arzusunu gerçəkləçdirdi. Beləliklə, hər şey “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” – söyləyən ulu öndər Heydər Əliyevin dediyi kimi oldu. Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinə öz imzasını qoydu və layiqli siyasi varis olduğunu sübut etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və onun yaxın silahdaşı Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.
Prezident Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində uzun müddət ABŞ-da müalicə aldığı klinikada vəfat etdi. Onun vəfatı Azərbaycan xalqını kədərə boğmuşdu. Bakıda dəfni ümumxalq izdihamı ilə həyata keçirildi. Xalq özünün böyük lideri ilə vidalaşmağa axışırdı. Məhz həmin gündən dekabrın 12-si xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anım günüdür.
Allah rəhmət eləsin!

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini




Избранный
16
4
aia.az

5Источники