ABŞ-da təkrar emal proqramı 2009-cu ilin iyul ayının sonunda, 30 iyul rarixində işə salınmışdır. Təkrar emal bonusu 3500 dollardan 4500 dollara qədər müəyyən edilmişdir və bonusun ölçüsündən asılı olan əsas meyarlardan biri yeni alınan avtomobilin yanacaq sərfiyyatı idi. Bu proqrama 1 milyard dollar vəsait ayrılmış və həmin vəsait dərhal xərclənmişdir, bundan sonra bu proqramın icrası üçün əlavə 2 milyard dollar ayrılmışdır. 2009-cu ildə ABŞ-da təkrar emal nəticəsində əldə edilən metal 13 milyon yeni avtomobil istehsal etmək üçün kifayət edərdi. Proqramın icrası nəticəsində avtomobil parkının orta yanacaq sərfiyyatı 58 faiz artmışdır.
Proqram böhran dövründə ABŞ avtomobil bazarının stimullaşdırılmasına əhəmiyyətli təsir göstərmişdir (iki ay ərzində təxminən 360 min əlavə avtomobil satılmışdır). Lakin sonrakı aylarda proqramın müsbət təsirini kompensasiya edən satışlarda xeyli azalma müşahidə olunmuşdur.
Beləliklə, İtaliyada 2009-cu ilin fevral ayının sonundan etibarən 9 ildən köhnə avtomobilin təkrar emal edilməsinə görə 1500 min avrodan 5000 avroya qədər kompensasiya müəyyən edilmişdir (məbləğ hansı avtomobilin alınacağından asılı idi: avtomobil nə qədər ekoloji cəhətdən təmiz olardısa, kompensasiya bir o qədər də çox olardı).
Fransada 10 ildən çox köhnə avtomobillərin təkrar emalı üçün kompensasiyanın məbləği atmosferə zərərli maddələrin atılması səviyyəsindən asılı olaraq 1000 avrodan 5000 avro arasında dəyişir, daha 700 avro zərərli tullantıları aşağı səviyyəli avtomobil almağa qərar verənlər üçün nəzərdə tutulurdu.
Slovakiyada 10 illik maşının təkrar emalı üçün 2 min avro, Lüksemburqda 1500-1750 avro, Avstriyada 1500 avro, Portuqaliyada 1000-1200 avro, Hollandiyada 750-1750 avro, Rumıniyada 1000 avro müəyyən edilmişdir.
Böyük Britaniyada 2009-cu ilin may ayının ortalarından 2010-cu ilin martına qədər, 10 və ya daha yuxarı yaşlı avtomobilin dəyişdirilməsi üçün 2000 funt sterlinq kompensasiya müəyyən edilmişdir. Hökumət bu aksiya üçün 300 milyon funt sterlinq ayırmağa qərar vermişdir.
İspaniyada 2009-cu ilin may ayının əvvəlindən köhnə avtomobillərini təkrar emala göndərənlərə 2000 avro kompensasiya ödənilir.
Yaponiyada köhnə avtomobilin sahibi təkrar emal üçün külli miqdarda pul ödəməli olur. Məhz bu səbəbdəndir ki, Doğan Günəş ölkəsinin sakinləri üçün avtomobili ucuz satmaq və onun sərəncamına pul xərcləməmək daha sərfəlidir. Yaponiyada köhnə avtomobillərlə ticarət etdikdə və emissiyaları az olan yenisini aldıqda kompensasiyanın məbləği 3000 ABŞ dolları təşkil edir.
2009-cu ildə Çində hökumət mühərriki 1,6 litrdən az olan avtomobillərin alınması üçün vergini və nəqliyyat vergisini azaltmışdır. Köhnə avtomobillərin təkrar emalı üçün subsidiyalara təxminən 1,6 milyard dollar ayırmış və satışı stimullaşdırmaq üçün yeni avtomobil krediti sistemini də işləyib hazırlamışdır.
Azərbaycana gəldikdə, təbii ki, Avropa modelinin bizdə 100 faiz həyata keçirilməsi mümkün deyil. Nəticə olaraq, bir sıra dünya ölkələrinin təcrübəsini nəzərə alaraq Azərbaycan modelinin gələcək strukturunu müəyyən etməyə çalışacağıq.
Məqalədə bir sıra ölkələrin mütərəqqi təcrübəsindən nümunələr gətirilmişdir. Fikrimizcə, səlahiyyətli orqanlar bu ölkələrin təcrübəsindən yararlanaraq ən azından Azərbaycan modelini hazırlamağa cəhd edəcəklər. Bunun üçün ilk növbədə bu sahədə əhali arasında çoxşaxəli maarifləndirmə işi aparılmalıdır.
Məlum məsələdir ki, yeni avtomobil adətən yanacaqdan daha qənaətlə istifadə edir, daimi təmir və hissələrin dəyişdirilməsini tələb etmir, saxlanılması daha ucuz başa gəlir və nəhayət, daha təhlükəsizdir. Bütün bu üstünlüklərə baxmayaraq, təzə və ya köhnə olmasından asılı olmayaraq bir çox hallarda bu nəqliyyat vasitələri onların sahibləri üçün dolanışıq mənbəyidir, bir çox avtomobil sahibləri istifadə etdikləri illər ərzində onlara “bağlanırlar” və bu nəqliyyat vasitələrini dəyişdirmək barədə düşünmürlər də. Odur ki, bu proqram elə düşünülmüş şəkildə həyata vəsiqə almalıdır ki, onun icrasından Azərbaycan vətəndaşı əziyyət çəkməsin və hökumət qəbul etdiyi proqramın yüksək səviyyədə həll edilməsini təmin edə bilsin.
Qəbul olunmuş normativ sənədlər onu deməyə əsas verir ki, nəqliyyat vasitəsinin təkrar emalı məsələsinin gələcək perspektivləri o qədər də aydın görünmür, yəni mexanizm açıqlanmır: nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs öz nəqlyyat vasitəsini təkrar emala təhvil verdikdən və buna görə kompensasiya aldıqdan sonra nələr olmalıdır, nə kimi hadisələr baş verir, vətəndaş avtomobili hansı qaydada əldə edir?
“Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununda da göstərilir ki, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında vətəndaş yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsi əldə edə bilər. Bəli, məhz yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsi. Bu proqram tam gücü ilə işləsə Azərbaycan vətəndaşı Almaniya, Yaponiya, Koreya, Rusiyanın deyil, ölkəmizin avtomobil sənayesinə töhfə verməli olacaqlar.
Məlumdur ki, ölkəmizdə yalnız Khazar, Azsamand və Naz-Lifan avtomobilləri istehsal olunur. Bu avtomobilləri istehsal edən müəssisələrin proqramda hansı qaydada iştirak etmələrinə aydınlıq gətirilməsi məqsədəmüvafiq olardı.
Ölkə ərazisində həvəsləndirmə və birdəfəlik ödənişləri maliyyələşdirmək, habelə avtomobillərin təkrar emalı üzrə səyləri stimullaşdırmaq və təşviq etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2024-cü il 31 yanvar tarixli 62 saylı “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilmişdir. Qaydanın 3.1.1-ci yarımbəndində fondun vəsaitinin hansı qaydada istifadə olunması göstərilmişdir. Bu yarımbəndə əsasən yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsi nəzərdə tutulmuşdur.
Bir daha “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa istinad etmək istərdik. Bu Qanunun 25.5-ci maddəsində qeyd edilir ki, normativ hüquqi aktın mətnində istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır. Təəssüf ki, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qaydasının 3.1.1-ci yarımbəndinin işlənmə mexanizmi o qədər də aydın görünmür. Bu yarımbəndə aydınlıq gətirilsə idi daha məqsədəmüvafiq olardı. Bəlkə də ya bu qərara müvafiq dəyişikliklər edilərdi, ya da müvafiq normativ hüquqi sənəd işlənib hazırlanardı.
Skeptiklər deyə bilər ki, alınan kompensasiya belə bir alış üçün kifayət deyil və bu faktı proqramın əsas çatışmazlığı hesab edirlər: aşağı gəlirli vətəndaşların sadəcə olaraq təzə nəqliyyat vasitəsi almaq üçün kifayət qədər maddi imkanı yoxdur. Ancaq hər halda, öz vəsaitini gec-tez tamamilə sıradan çıxacaq köhnəlmiş avtomobilə yatırmaqdansa, dövlətdən tələb olunan məbləğin bir hissəsini almaq daha yaxşıdır. Vəsait çatışmazlığı olsa belə, çıxış yolu tapmaq mümkündür: məsələn, ondan ilkin ödəniş kimi istifadə etmək və adekvat ödəmə şərtləri ilə müəyyən güzəştlərlə kredit götürmək.
Təkrar emal ilə bağlı Rusiya Federasiyasının təcrübəsi diqqətimizi çəkdi.
Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin rəis müavini Andrey Dementyev 2010-cu il mayın sonunda qeyd etmişdir ki, “Büdcədə belə imkanların olacağına əmin deyiləm”. Amma dövlət dəstəyinin əhəmiyyəti göz qabağında idi: bir neçə il əvvəl uzun müddət zərərlə işləyən AvtoVAZ yenidən mənfəətlə işləməyə başladı. Buna görə də 2009-cu ilin əvvəlində Sənaye və Ticarət Nazirliyinin daha 200 min təkrar emal sertifikatı verdiyi açıqlandı. O vaxta qədər avtomobillərə endirimlər etmək üçün dövlətdən təzminat olaraq 10 milyard rubl alan avtomobil istehsalçılarına eyni məbləğ ayrıldı.
Bundan sonra proqramın müddəti daha iki dəfə uzadıldı. Qeyd etmək lazımdır ki, təkrar emal üçün 2011-ci ilin büdcəsinə heç bir vəsait daxil edilmədiyinə baxmayaraq hökumət tərəfindən bu məqsədlər üçün əlavə beş milyard rubl ayrılmışdır.
Proqramda ümumilikdə 600 min Rusiya vətəndaşı iştirak etmişdir. Bu o deməkdir ki, son 15 ayda ölkədə təxminən hər üçüncü yeni avtomobil dövlət hesabına endirimlə alınmışdır.
Məsələn, Azərbaycan üçün başqa bir variant da mümkündür. Avtomobili təkrar emal ediləcək şəxslərə hər hansı bir kompensasiya ödənilməsi və ya onların xaricdən gətirəcəyi avtomobillər üçün gömrük rüsumunu sıfıra endirməyə ehtiyac var.
Hər halda hökumət bu məsələyə diqqət çəkməlidir, çünki proqram hazırlamaq şərt deyil, əsas şərt onun icrasını təmin etməkdir.
Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, təkrar emal prosesi ölkəmizdə avtomobil parkının yenilənməsinə, insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərin azaldılmasına, həmçinin yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə, yerli avtomobil bazarının stimullaşdırılmasına və avtomobil istehsalçısına dəstək verilməsinə, həmçinin yeni iş yerlərinin yaradılmasına kömək edəcək.
Eldar Əsgərov (Şəkibəyov),
hüquqşünas, Dövlət qulluğunun baş müşaviri