RU

Azərbaycanda qiymətlər yenidən artmağa başlayıb – Səbəb nədir?

2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin noyabr ayına nisbətən 4 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 
Oktyabrda inflyasiya illik 3.4 faiz təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 4,4 faiz, qeyri-qida məhsulları üzrə 2,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə  6,0 faiz artıb. 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz artıb.
 
Bəs ölkədə qiymətlərin qalxmasına səbəb nədir?
 
 
Bu barədə Moderator.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli deyib ki, ölkədə qiymətlərin bahalaşmasının başlıca səbəbi inhisarçılıqdır:
 
 “Ölkə iqtisadiyyatında inhisarçılıq hökm sürdüyünə görə, sahibkarların, satıcıların, yəni bazar iştirakçılarının rəqibi yoxdur. Söhbət böyük bazar iştirakçılarından gedir. Onların rəqibi olmadığına görə onlar istədiyi vaxt qiymətləri qaldırılır. Əsasən dövriyyə çoxalanda - insanlar daha çox alış- veriş elədikdə qiymətlər daha çox bahalaşır. Böyük bazar iştirakçıları dövriyyə azalanda  qiymətləri sabit saxlayır, dövriyyədə çox olanda isə qiymətləri artırır ki, daha çox qazansın. Amma rəqabətli bazarlarda dövriyyə azalanda qiymətlər sabit yox, qiymətlər ucuzlaşır, dövriyyə çoxalanda isə sahibkar  əlinə düşən fürsətdən istifadə edir. Yəni daha çox dövriyyə olanda, daha çox qazanc olur. Böyük bazar iştirakçıları qazancın bir hissəsini güzəştə gedir ki, daha çox özünə müştəri cəlb eləsin və rəqiblərə üstün gəlsin. Ona görə də, xüsusi tədbirlər ərəfəsində inkişaf etmiş ölkələrdə qiymətlər ucuzlaşır”.
 
İqtisadçının sözlərinə görə, ölkədə inhisarçılıq olduğuna görə, bayram ərəfəsində dövriyyə artanda dərhal qiymətlər bahalaşır:
 
“Qiymətin bahalaşmasının bir səbəbi də ölkədə istehsalın zəif olmasıdır və ölkənin gündəlik tələbat bazarının idxaldan asılı olmasıdır. Bu asıllığı azaltmaq üçün daxildə istehsalı genişləndirmək, istehsal imkanlarını artırmaq lazımdır. İdxalın artması həm ölkə daxilində bazar qiymətlərinin bahalaşmasına, həm də ölkə xarici bazardan asılı vəziyyətə düşürməsinə səbəb olur. İdxaldan asıllıq ölkə daxilində valyutaya tələbatı artırır. Bu il Milli Bank valyuta hərraclarında ötən illə müqayisədə 2,5 dəfə çox valyuta satışını həyata keçirib. 2024-cü ilin ilk 11 ayı ərzində hərraclar vasitəsilə ümumilikdə 6 milyard 740 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu il Azərbaycanda valyutaya olan tələbatın əhəmiyyətli dərəcədə artması idxalın çoxalması ilə birbaşa əlaqəlidir. Vətəndaşların ölkə xaricindəki xərclərini qarşılamaq üçün dollara ehtiyacı artır. Xaricə səfər edən hər bir şəxs, əsasən 1000-1500 dollar arasında məbləğlərlə xərclərini təmin edir. Bununla yanaşı, əsas səbəb idxalın həcminin artmasıdır. İdxal zamanı xaricdən alınan məhsulların dəyəri milyonlarla dolları əhatə edir və bu tələbat Azərbaycan Mərkəzi Bankının hərraclarında satılan dollarlar vasitəsilə qarşılanır. Daxili istehsalın genişləndirilməsi və artırılması ilə valyuta tələbatını azaltmaq mümkündür".
 
Mehin Mehmanqızı
 
Избранный
22
moderator.az

1Источники