RU

Əbədiyaşar Lider

12 dekabr müasir dövlətçiliyimizin banisi, Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür. Onun fiziki yoxluğundan neçə il keçməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, unutmayacaq.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda, ilk olaraq 1969-1982-ci illər göz önünə gəlir. 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Onun hakimiyyətə gəlişi Azərbaycan tarixində əsaslı dönüş yaratdı. O vaxta kimi Azərbaycan İttifaq miqyasında geridə qalan respublika idi. Məhz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycanın tarixində sürətli inkişaf dövrü başladı. Mədəniyyət, elm incəsənət sahəsində böyük dəyişikliklər baş verdi. Heydər Əliyev Azərbaycan gənclərinin təhsilinə hər zaman böyük önəm verirdi.

Ulu Öndər həmin illərdə gələcək müstəqillik üçün möhkəm təməllər yaradırdı. Qısa bir vaxt ərzində mühüm sənaye müəssisələri, zavodlar, fabriklər inşa edildi. 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan dili dövlət dili olaraq təsbit edildi. Ulu Öndərimiz sözün əsl mənasında Ana dilimizin xilaskarı oldu. O vaxtdan etibarən Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin yayımı genişləndirildi.

Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü çox çətin və mürəkkəb illərə təsadüf edir.  Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, ərazilərimizin təxminən 20%-i işğal edilmişdi. Xalq çətin vəziyyətdə üzünü öz Xilaskarına – Heydər Əliyevə tutdu. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan adlı dövləti məhv olmaqdan xilas etdi. Ölkədə sabitlik yarandı. Bütün sahələrdə əsaslı dönüş, inkişaf başladı.  Senzuranın ləğvi Azərbaycan milli mətbuatının tarixində əlamətdar hadisə oldu. Söz, ifadə azadlığı təmin edildi.

 Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin əsasının qoyduğu uğurlu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət Azərbaycana tarixi Zəfər qazandırdı. Bir sözlə, ərazi bütövlüyü və bütün ərazilərində suverenliyi tam təmin olunmuş Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır.

Nuray Məmmədrzayeva,
Bakı Slavyan Universiteti,
Jurnalistika fakültəsinin tələbəsi

Избранный
20
ikisahil.az

1Источники