RU

Ağıllı şəhər necə qurulur? - AÇIQLAMA

Ağıllı şəhər (smart city) texnologiya və məlumatlardan istifadə edərək şəhər idarəetməsini və insanların həyat keyfiyyətini artırmağa yönəlmiş şəhər konsepsiyasıdır. Bu tip şəhərlərdə informasiya və kommunikasiya texnologiyaları (İKT) şəhərin infrastrukturunu daha səmərəli etmək üçün tətbiq olunur. Barselona, Sinqapur və Dubay kimi şəhərlərdə ağıllı şəhər texnologiyalarını uğurla tətbiq edilir.

Azərbaycanda isə "Ağıllı Şəhər" və "Ağıllı Kənd" konsepsiyası son illərdə inkişaf etdirilən mühüm layihələrdən biridir. Bu layihələr əsasən texnologiyanın və innovasiyaların tətbiqi ilə ölkənin şəhər və kənd yaşayış mühitinin səmərəliliyini artırmağa, əhalinin rifahını yüksəltməyə yönəlib.

Bəs ağıllı şəhərlərdə hansı texnologiyalar əsas rol oynayır və ağıllı şəhər infrastrukturu necə qurulur?

Bu barədə urbanist Anar Əliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, bir çoxları ağıllı şəhəri texnologiyaların səslə idarə edilməsi və s. səbəbdən ağıllı evlə səhv salırlar:

"Amma ağıllı şəhərdə mərkəzləşdirilmiş idarəetmə mövcuddur. Küçələrin, nəqliyyatın təşkili və eyni zamanda məişət tullantıların emalı, quraşdırılması, ekologiyaya təsiri, ağacların əkilməsi və s. vahid bir konsepsiya üzərində davam etməlidir və şəhər ilk növbədə dayanıqlı olmalıdır. Dayanıqlı şəhər isə ekoloji cəhətdən də yaxşı vəziyyətdə olacaq. Eyni zamanda bu şəhərdə mobillik, yəni insanların hərəkəti düzgün təşkil olunmalıdır. İctimai nəqliyyyat, şəxsi avtomobillərin hərəkəti və s. məsələlərinə konsepsiya kimi baxılmalıdır. Bunun üçün yerli idarəetmə orqanları da təbii ki, inkişaf etdirilməlidir, hər şey vahid mərkəzdən idarə olunmalıdır".

Ekspertin sözlərinə görə, ikinci mərhələ kimi ağıllı texnologiyalar, ağıllı işıqforlar, ağıllı kameralar, süni intellektlə idarə olunan texnologiyalar və s. burada köməkçi rol oynaya bilər:

"Amma ağıllı şəhərlər əsasən ləngimədən həm texnologiyaları, həm də layihələri çevik icra edə bilir".

Sevinc İBRAHİMZADƏ

Избранный
21
1
redaktor.az

2Источники