RU

Əsəd devrildi, Ermənistan itirdi – Bakı və Ankara Yaxın Şərqdə güclənir

Suriyada Bəşər Əsədin devrilməsi 13 illik müharibədə yekun nəticənin əldə edilməsi ilə yanaşı, yeni mərhələnin başlanması deməkdir. Bu mərhələdə əsas gözlənti ərazi bütövlüyünün qorunması, dağılmış ölkənin yenidən qurulmasıdır. Bunun asan olmayacağı bəllidir, çünki Əsəd getsə də, Suriyada qüvvələr nisbəti hələ də mürəkkəb olaraq qalır:

- İran əsas itirən tərəf olsa da, dirəniş göstərməyə çalışacaq, çünki Suriya Tehran üçün "Hizbullah"la əsas quru əlaqəsini təmin edən yeganə coğrafiyadır;
- Rusiya hərbi bazalarının saxlanılmasında maraqlıdır: Moskva Əsədi dəstəkləsə də, Suriyanın yeni hakimiyyətini quracaq “Heyət Təhrir əş-Şam” (HTŞ) İrandan fərqli olaraq, Rusiya ilə işləyəcəyini açıqlayıb;
- ABŞ və İsrail İranın Suriyada və Yaxın Şərqdə güclənməsinə qarşı addımlarını genişləndirəcək, xüsusilə Trampın gəlişindən sonra vəziyyət bir qədər də mürəkkəbləşə bilər;
- Əsədin devrilməsində xüsusi rol oynayan Türkiyənin əsas hədəfi cənub sərhədlərində təhlükəsizliyi təmin etmək və PKK-nın Suriya qanadı olan PYD/YPG-ni sıradan çıxarmaqdır ki, bu prosesdə ABŞ-la maraqları toqquşa bilər;

Bu mürəkkəb situasiya fonunda əsas rol oynayan ölkə Türkiyə, lider isə Ərdoğandır. Əsədin devrilməsində həlledici faktor da Türkiyə oldu. Suriyada müharibənin getdiyi vaxt iki əsas cəbhə - Rusiya-İran-Əsəd və ABŞ-İsrail – toqquşurdu, Türkiyə bu cəbhələr arasında güc balansını dəyişə biləcək yeganə oyunçu idi. Rəsmi Ankara Dəməşqə təklif ünvanlamışdı: Ərdoğanla Əsədin görüşü təşkil edilsin, müxaliflərlə sülh danışıqları başlansın, qaçqınların geri qayıdışına şərait yaradılsın və s.

Əsəd rejimi bu təkliflə razılaşsaydı, hələ də hakimiyyətdə qala, yaxud ən azı ölkəsindən qaçmaq məcburiyyətinə düşməzdi. Nəticə ortadadır. Bu nəticə həm də Türkiyənin Yaxın Şərqdə həlledici faktor olduğunu bir daha ortaya çıxardı. Türkiyə post-Əsəd Suriyasında da həlledici oyunçu rolunu saxlayır. ABŞ-İsrail və nə qədər zəifləsə də, hələ də mövcud olan Rusiya-İran cəbhəsinin Suriyada, həm də Yaxın Şərqdəki maraqları böyük ölçüdə Türkiyənin mövqelərindən asılı olacaq.

Bu prosesdə Azərbaycanın Türkiyənin yanında olması Ankaranın əlini daha da gücləndirən faktora çevrilir. Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla son telefon danışığında bəyan etdi ki, Azərbaycan Suriyada Türkiyə ilə birlikdə hərəkət edəcək və Suriya xalqının humanitar problemlərinin həllinə dəstək verəcək.

Bakı və Ankaranın Suriyada birlik nümayiş etdirməsi strateji müttəfiqlik sazişinə uyğun olaraq, iki ölkənin xarici siyasətdə addımlarını eyniləşdirmək hədəflərinə əsaslanır. Hərçənd bu, həm də hər iki ölkənin strateji maraqlarına töhfə verəcək.

Azərbaycan üçün Suriyada bu və ya digər formada iştirak etmək üç kontekstdə xüsusilə əhəmiyyətlidir.

Birincisi, Suriya xalqının humanitar problemlərin həllində iştirak ərəb dünyası ilə münasibətlərimizin daha da inkişaf etdirilməsinə xidmət edəcək;
İkincisi, Bakı İraq türkmanları ilə əlaqələrin qurulmasından sonra Suriyadakı türkmanlarla da daha sıx əlaqələr qura, Yaxın Şərq siyasətinə təsir edə biləcək faktor əldə edə bilər;
Üçüncüsü, Suriyada yer almaq Bakıya bu ölkədə mübarizə aparan müxtəlif güc mərkəzləri ilə münasibətlərdə diplomatik manevr imkanları qazandırır.

Azərbaycanın Suriyada Türkiyənin yanında olması da bir neçə amil fonunda Ankaraya dəstək təmin edəcək:

1. Mövcud vəziyyətdə Suriyada maraqlı ölkələrin heç biri Ankaranın müttəfiqi deyil: Türkiyə Azərbaycanın timsalında öz müttəfiqini prosesə daxil etməklə daha güclü cəbhə qura biləcək;
2. Bakı Suriyadakı proseslərin inkişafında maraqlarının toqquşacağı gözlənilən Ankara-Təl-Əviv arasında ortaq mövqelərin tapılmasına kömək edə, o cümlədən, zərurət yaranarsa, Moskva-Ankara arasında da körpü rolunu oynaya bilər;
3. Azərbaycanın Suriyaya humanitar dəstəyi Türkiyəyə sığınmış suriyalı qaçqınların geri dönüşünü daha da asanlaşdıracaq;

Baş verənlər Suriyada Türkiyə və Azərbaycanın qazanan tərəfə çevrildiyini deməyə əsas verir. Azərbaycan üçün ən mühüm nəticələrdən biri Əsəd rejiminin sona çatmasıdır. Çünki Əsəd hakimiyyətdə olduğu dövrdə Azərbaycana qarşı mövqeyi ilə seçilirdi və xarici siyasətində Ermənistan maraqlarının müdafiəsi xüsusi istiqamət təşkil edirdi.

İslam Əməkdaşlıq Təşkilatında Suriyanın Azərbaycanın maraqlarına qarşı çıxması, Ermənistana qarşı qətnamələri əngəlləməsi, eləcə də qəbul edilən sənədlərə qoşulmaması Əsədin İrəvana siyasi dəstəyinin təzahürü idi. Lakin bu dəstək siyasi müstəvidə atılan addımlarla yekunlaşmayıb. Ermənistanın işğal dövründə Qarabağda qanunsuz yerləşdirmə siyasətində, eləcə də Azərbaycana qarşı müharibədə Suriyadan muzdlu döyüşçülər cəlb etməsində də Əsəd rejimi yaxından iştirak edib.

Eyni dəstəyi Ermənistan da Əsədə verirdi. Özünü “demokrat” göstərən, Qərblə əməkdaşlığı ilə öyünən Paşinyan öz xalqını qətl edən Əsəd rejiminin əsas dəstəkçilərindən idi. Ermənistan baş nazirinin Əsədə ünvanladığı təbrik məktubları, o cümlədən, Suriya ordusuna dəstək məqsədilə bu ölkəyə hərbi kontingent göndərməsi belə dəstək nümunələrindəndir.

Əsədin devrilməsi Ermənistan üçün ciddi strateji itkidir:

- Paşinyan hakimiyyətinin indiyə qədər Suriyada “yalnış ata” oynaması bu ölkənin yeni hakimiyyəti ilə münasibətlərdə problemli məqam olacaq;
- Suriyada indiyə qədər Əsədi dəstəkləyən və onun ordusunda döyüşən erməni icması faktiki müdafiəsiz qaldı: yeni hakimiyyətin ermənilərə inamsızlığı onların Ermənistana köçünü sürətləndirə bilər ki, bu da İrəvan üçün əlavə demoqrafik problem deməkdir;
- Əsədin getməsi ilə Ermənistan strateji tərəfdaşını itirdi və bu, Yaxın Şərq siyasətində onsuz da güclü olmayan mövqelərini daha da zəiflədəcək.

Hərçənd, Əsədin devrilməsindən itirənlər arasında təkcə Ermənistan yox, ermənilərlə eyni çətirin altında qərar tutmuş Hindistan və Fransa kimi ölkələr də var. Əsəd Suriyası Kəşmir məsələsində Hindistanı dəstəkləyən azsaylı ölkələrdən idi. Fransa prezidenti Makronun isə Əsədlə şəxsi münasibətləri vardı. Suriyanın yeni hakimiyyətinin xarici siyasətdə bu detalları nəzərə alacağı məlumdur.

Bütün bu proseslər Azərbaycanın nə qədər doğru strategiya izlədiyini təsdiq edir. Suriya xalqının humanitar problemlərinin həllində iştirak edəcək rəsmi Bakı itirən yox, qazanan tərəfdir və bu, Yaxın Şərqdə mövqelərimizi gücləndirəcək.

Asif Nərimanlı

Избранный
40
49
publika.az

10Источники