Bakıda yetkinlik yaşına çatmayan qızı hədələyərək bir kiloqrama yaxın qızıl və xeyli pul alan şəxs həbs edilib.
Hadisə Xətai rayonu Süleyman Vəzirov küçəsində baş verib.
Cəlilabad rayonu Göytəpə qəsəbə sakini 2003-cü il təvəllüdlü Elgiz Məmmədov İnstaqram sosial şəbəkəsində tanış olduğu 13 yaşlı Həliməni (şərti adlı) hədələyərək ondan külli miqdarda qızıl və pul alıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, Elgiz sosial şəbəkədə Heydər Əliyev adına liseyin 7-ci sinif şagirdi olan qızla tanış olub və onu sevdiyini deyib. Onlar aprelin 17-də məktəbin qarşısında görüşüblər və 21 yaşlı oğlan 13 yaşlı qıza xoş sözlər deyib, onu sevdiyini, çox bəyəndiyini bildirib. 3 gün sonra Elgiz Həliməyə 8-ci kilometr bazarında ayaqqabı mağazası açmaq istədiyini deyərək ondan 1000 manat borc pul istəyib. Elgizin xoş sözlərinə inanan yeniyetmə evdən gizli şəkildə 1000 manat götürərək ona verib.
Bir neçə gün sonra qız pulu geri istədikdə Elgiz onu hədələməyə başlayıb və birgə çəkilmiş fotolarını İnstaqramda yayacağını deyib. O, 13 yaşlı qızı hədələyərək pul tələb etməyə başlayıb. Rüsvay olacağından qorxan məktəbli qız evdəki seyfdən 3 min dollar, 1500 manat və bir kiloqrama yaxın qızılı oğurlayaraq yaşadığı binanın dəhlizində Elgizə verib. Nəticədə Həlimənin anasına 82 min manata yaxın maddi ziyan dəyib.
Elgiz də həmin qızıl və pullardan istifadə etməklə özünə yeni biznes qurub və mağaza açıb.
Yeniyetmənin anası evdəki seyfdən oğurluq olmasını bildikdən sonra hüquq mühafizə orqanlarına məlumat verib. Qısa vaxt sonra yeniyetmə qız hər şeyi etiraf edib və seyfdə olan pul və qızılları Elgizə verdiyini deyib.
Polisin keçirdiyi tədbirlərlə Elgiz Məmmədov tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 178 (Dələduzluq əməli) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli hökmü ilə Elgiz Məmmədov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. /Publika.az