Bu gün axşam saatlarında İrəvanın “Zvartnots” hava limanından qalxan təyyarə Bakıya enib...
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, “Zvartnots” hava limanında Bakıya təyyarə reysinin olacağı barədə elanın verilməsi erməni sərnişinləri təəccübləndirib.
Erməni jurnalistlər belə bir reysin olub-olmadığını dəqiqləşdirmək üçün hava limanının mətbuat xidməti ilə əlaqə saxlayıblar.
Mətbuat xidməti İrəvandan Bakıya təyyarənin uçacağını təsdiqləyib: “Bu, beynəlxalq təşkilatın sifarişi ilə həyata keçirilən çarter reysidir”.
Jurnalistlr Bakıya belə çarter reysinin əvvəllər olub-olmadığı ilə də maraqlanıblar.
“Bəli, əvvəllər də müxtəlif beynəlxalq təşkilatların sifarişi ilə Bakıya və Bakıdan İrəvana çarter reysləri həyata keçirilib”, - deyə “Zvartnots”un əməkdaşı bildirib...
Bugünkü reysə gəlincə, “Sputnik Armenia” xəbər verir ki, “Enter Air” aviaşirkətinin İrəvandan Bakıya uçan təyyarəsi saat 17:00-da havaya qalxıb.
“Hava gəmisi”nin salonunda NATO Müdafiə Kolleci kursantlarının olduğu güman edilir.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi kollecin rəhbəri general-leytenant Maks Nilsenin rəhbərlik etdiyi nümayəndə heyətinin dekabrın 10-11-də Ermənistanda səfərdə olduğunu bildirmişdi. O, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşlər keçirib.
Qeyd olunub ki, “Enter Air”in çarter reysi İrəvana bir gün əvvəl - dekabrın 9-da kollecin yerləşdiyi Romadan gəlib.