RU

Uşaqlarda sürətlə artan aqressiya -həmyaşıdlarını bıçaqlayır, döyür...

Valideynlər çarəsiz, psixoloqların məsləhətləri faydasızdır

Dekabrın 4-də Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

Son vaxtlar ölkədə uşaqların “baş rolda” olduğu aqressiya hekayələri üstünlük təşkil edir. Xüsusən də məktəbli yaşlarındakı uşaqlar bu halları ya tez-tez yaradır, ya da onun qurbanına çevrilirlər. Psixoloqlar bildirir ki, uşaqlarda aqressiya əsasən şəxsiyyətin formalaşdığı, ideal məni ilə real məni arasındakı mübarizə zamanı şiddətlənir: Bu prosesə 3-6 və 12-16 yaş arası uşaqlarda daha çox rast gəlinir. 3-6 yaş arasında uşaqların ilkin məni formalaşır. Buna elmi dildə eqosentirizm deyilir. Həmin dövrdə uşaq özünü dünyanın mərkəzi hesab edir. Və hər şeyin ona məxsus olduğunu düşünür. Bu yaşda olan uşaqlarda aqressiya, əsəbilik daha çox olur. Qonaq getdiyi yerdə uşaqlarla, evdə bacı-qardaşı ilə tez-tez münaqişə edə bilər. Eqosentirizm dövründə valideynlər çox diqqətli olmalı, uşaqların eqolarını, yəni daxili “məni”ni sındırmamalıdırlar. Həmin dövrdə uşaqların alçaldılması gələcəkdə özgüvəndə problemlərin yaranmasına səbəb olur. 

Aqressiv məktəbli ilə necə davranmalı? - səbrlə, yoxsa..? 

Psixoloqlar bildirir ki, ümumiyyətlə, uşaq aqressivkən ona qarşı getmək olmaz. Uşaq aqressiv olan zaman valideyn əksinə, sakit, səbirli olmalıdır. Və çalışmalıdır ki, uşaqla göz kontaktı qurulmasın. Yaxşı olar ki, valideynlər məsələyə daha soyuqqanlı yanaşsınlar. Həmin an məkanı dəyişsələr, daha yaxşı olar. Məsələn, 4 yaşında bir uşağın aqressivliyi tutubsa, bunu sakit qarşılamalı, uşağın gözlərinə baxmamalıdır. Və səs tonunu qətiyyən yüksəltmədən uşaqla danışmağa cəhd etməlidirlər. Əgər alınmırsa, o zaman uşağın sakitləşməyini gözləmək lazımdır. Bəzən valideynlər uşaqla uşaq kimi rəftar edir. Bu, situasiyanı daha da gərginləşdirir və uşağın aqressiv krizis müddəti uzanır. Yəni qətiyyən uşağa qarşı getmək olmaz. Bu onun aqressiyasını daha da artırar. Əgər uşaq çox aqressivdirsə və bu cür hallar tez-tez baş verirsə, yaxşı olar ki, valideynlər mütəxəssisə müraciət etsinlər.

Uşaqlarda aqressiyanı yaradan əsas səbəblərdən biri fiziki və psixoloji şiddətə məruz qalmalarıdır. Bir çox ailələrdə uşaqlara qarşı fiziki şiddət var. Həm də həddindən artıq psixoloji şiddət var.  Bu şiddətlərin qarşısında təbii ki, uşaq aqressiya ilə qarşılıq verəcək. Belə desək, valideynlər uşağa nə ötürürsə, o da onu geri qaytarır. Ailə münasibətlərində qəddarlıq, zorakılıq, hörmətsizlik, ailədə tez-tez konfliktlərin olması, valideynlərin bir-birinə laqeydliyi aqressiyanın formalaşmasına təkan verir. Demək olar ki, uşaq ailədəki davranışları təkrarlayır, mübahisə etmək, münaqişələri provokasiya etmək, qəzəbini açıq-aşkar göstərmək, diqqət cəlb etmək məqsədilə itaətsizlik və s. Valideynlərinin bir-biri ilə belə davranışı, artıq uşaqda belə fikir formalaşdırır ki, nə isə əldə etməyin yolu budur. 

Bəzi ailələrdə valideynlər uşaqlarını sevgiyə ac saxlayır, onlarla oynamır, vaxt keçirmir. Bunu bir çox bəhanə ilə əlaqələndirirlər. İşdən sonrakı yorğunluq, sosial şəbəkələrdə vaxt keçirmək və s. kimi bəhanələr. Bu səbəblərdən doğan aqressiyalarını  da uşaqlarına göstərirlər. Nəticədə uşaqlar da adekvat atakla qarşılıq verirlər. 

Valideynlərin daha bir səhvi uşaqlarını dinləməmək problemidir. Çox vaxt uşağa hirslənərək “səsini kəs” və ya “uşaqdı, bilmir” kimi reaksiyalar verilir. Əgər uşağı dinləsək, onda daxilə yığılmış aqressiya baş verməz. Daxili aqressiya yığıldığı zaman uşaq  bunu müxtəlif reaksiyalarla büruzə verir. Misal üçün, başını divara vurur, davamlı qışqırır, söz eşitmir və s. Valideynlər deyirik ki, uşaq söz eşitmir. Bəs bu uşaq söz eşitməməyi necə öyrənir? Bunlar hamısı valideynin davranışlarından götürülmüş xüsusiyyətlərdir. Valideyn uşağı eşitmədikcə, həmin reaksiya uşaqda da yaranır. 

Uşaqlarda aqressiv davranışları müəyyən etməyin müxtəlif diaqnostik yolları var. Bunun üçün hər bir psixoloqun öz metodları var. Bu metodlar müəyyən praktikalar əsasında qurulur. Uşaqlar qəbul zamanı analiz edilir. Diaqnostikanın əsasında isə söhbət dayanır. Həkim şikayətlərə qulaq asır, vəziyyəti  aydınlaşdırır, uşaq bağçasının, məktəbin xüsusiyyətlərini öyrənir. Daha sonra ona hansı metodla diaqnoz qoyulacağı müəyyənləşir.

Problemin həllində məktəb direktorları, müəllimlər, məktəb psixoloqları aktiv şəkildə iştirak etməli, bu prosesə şagirdlərin valideynlərini, yaxınlarını cəlb etməlidirlər. Şagirdlərin günlərinin əsas hissəsini məktəblərdə keçirdiyini nəzərə alsaq, müəllimlər bu kimi hallarla qarşılaşmamaq üçün xüsusilə diqqətli olmalıdırlar. Hansısa bir şagirddə şiddətə meyillilik, aqressiya və ya digər məqamları görüb, hiss edərlərsə, bu barədə direktora, məktəb psixoloquna və ailəsinə xəbər verməlidirlər. Həmin şagirdlə sərt və ya ciddi şəkildə deyil, sakit və anlaşıqlı formada profilaktik söhbət edilməli, onu narahat edən məqamlar dinlənilməli, etdiklərinin yanlış olduğu və hansı fəsadlar törədəcəyi başa salınmalıdır. Həmçinin həmin şagirdin ailəsi ilə mütəmadi əlaqədə olunmalı, görüşlər keçirilməli, şagirdin öz ailəsi və yaxınlarına olan münasibətləri də araşdırılmalıdır.

Hazırladı: Sevinc TELMANQIZI

Избранный
5
9
musavat.com

10Источники