RU

Heydər Əliyev-  Azərbaycanın müasir dövlətçilik tarixinin  banisidir

Artıq 21 ildir ki, xalqımızın böyük oğlu, tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anım gününü qeyd edirik. Ancaq bu 21  ilin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Heydər Əliyevin siyasəti yaşayır, onun ideyaları, fəlsəfəsi, ideologiyası yaşayır, qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir”.

 Onun zəngin irsini araşdırarkən bir nəticəyə gəlmək olur- sözün əsl mənasında - Vətəndaş!  Bütün dünyada layiqli hörmət və  nüfuz qazanmış görkəmli dövlət xadimi ölkəmizi  bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmışdır. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması  məhz onun  misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyev çoxsaylı güclü dövlətlərin inanılmaz təzyiqlərinə, o cümlədən, beynəlxalq təşkilatların təzyiqlərinə tab gətirə bildi. Azərbaycana “torpaqları itirdiyi reallığı" nı qəbul etmək  barədə sonsuz bəyanatlar verildikdə, o bununla barışmadı,  ərazilərimizin işğal olunduğunu, vətəndaşlarımızın soyqırımına məruz qaldığını  sübut etmək və beynəlxalq aləmin bu həqiqəti qəbul etməsi üçün mübarizə apardı.   Dahi  Heydər Əliyev ölkəni çökmüş vəziyyətdən xilas etdi, vətəndaş müharibəsini dayandırdı, ölkənin iqtisadi inkişafının tamamilə dağılmasının qarşısını ala bildi və əslində ölkəni demək olar ki, xarabalıqlardan çıxardı və müstəqilliyini müdafiə etdi. Dünyanın ən tanınmış siyasətçiləri, dövlət başçıları dəfələrlə   görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valeh olduqlarını bildiriblər. Onun göstərdiyi  müdrikliyi və qətiyyəti yüksək qiymətləndiriblər.  Xüsusi ilə vurğulayırdılar ki, “Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”. Bəli biz həqiqətən xoşbəxt  xalqıq, çünki bizim Heydər Əliyev kimi Ümummilli Liderimiz var.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  həyata keçirdiyi  müdrik siyasət  və rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində öz ərazi bütövlüyümüzü və suveren hüquqlarımızı  təmin etmişik!  Son 4 ildə  baş verən  hadisələrin reallaşması üçün illərlə vaxt sərf olunub, müxtəlif layihələr, tədbirlər həyata keçirilib, qanunlar qəbul edilib. Və bu gün  biz möhtəşəm nəticənin şahidiyik!  Əlbəttə ki, ölkəmizin  qazandığı bu tarixi Qələbədə Ulu Öndərin  böyük xidmətləri olmuşdur.  Azərbaycanın xilaskarı, Müstəqil dövlətimizin qurucusu Ümummilli Lider Heydər Əliyev ölkəni xaosdan, anarxiyadan, parçalanıb məhv olmaqdan qorudu.  Bu asan deyildi.  Ağır iqtisadi-siyasi vəziyyət yaranmışdı, Ermənistan torpaqlarımızı işğal etmişdi, vətəndaşlarımız öz doğma yurdlarında qaçqına, məcburi köçkün düşmüşdü. Belə bir  anda  həm xalq arasında, həm də beynəlxalq aləmdə nüfuzu, hörməti olan insana ehtiyac var idi. Xalqın tələbi ilə yenidən hakimiyyətə gələn  Ümummilli Lider  bütün imkanları səfərbər etdi. Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi. Dahi şəxsiyyət ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. O həmişə deyirdi ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Tarix onun bu sözlərini təsdiq etdi. Ulu Öndər qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur.

Burada Azərbaycan əhalisinin maraqlarının qorunması xüsusi yer tuturdu. "Əsrin Müqaviləsi" də daxil olmaqla bir sıra vacib müqavilələrin imzalanması ölkənin iqtisadi əhəmiyyətini artırmağa imkan verdi. Və qısa müddətdə, ərazisinin 20%-dən çoxunun işğal olunmasına, bir milyondan çox vətəndaşımızın  qaçqın və məcburi köçkünün  vəziyyətinə düşməsinə baxmayaraq Azərbaycan bölgənin ən güclü ölkələrindən birinə çevrildi.      Heydər Əliyevin müəllifi olduğu “Yeni Neft Strategiyası” Azərbaycanın öz milli sərvətlərinin sahibinə çevrilməsinin, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının, ölkənin 90-cı illərin əvvəllərindəki siyasi, iqtisadi və sosial böhranlardan çıxmasının rəmzidir. Ən əsası isə XXI əsrin astanasında yüksək inkişaf etmiş, güclü və demokratik Azərbaycan dövlətinin yaradılmasıdır.    Bu, əsas vəzifə idi, iqtisadi artım sayəsində Azərbaycan üçün yeni imkanlar yarandı.  Əslində, ölkənin hərbi müdafiəsini sıfırdan yaratmaq, ordunun peşəkarlıq səviyyəsini gücləndirmək üçün yüksək keyfiyyətli mütəxəssislər hazırlamaq lazım idi.        

Bir məsələni də unutmaq olmaz ki, müstəqilliyə nail olmuş postsovet respublikalarından fərqli olaraq 1991-1993-cü illərdə Azərbaycan Respublikası iqtisadi böhranla yanaşı, siyasi böhranla da üzləşmişdir. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizə ölkəni vətəndaş müharibəsi həddinə çatdırıb və dövləti dərin böhran  vəziyyətinə salmışdı. Bu daxili amillərlə yanaşı, Azərbaycan Respublikası həm də geosiyasi mövqeyinə görə dünya dövlətlərinin gərgin mübarizə və maraq obyektinə çevrilmişdi. Bu vəziyyətin əsas səbəblərindən biri Azərbaycan Respublikasının zəngin neft ehtiyatları idi. 19-cu əsrin ikinci yarısından etibarən xarici şirkətlər  Azərbaycanın “qara qızıl”ının əsl qiymətini bilirdilər.  Və belə bir çətin  dövrdə Ulu Öndər  Heydər Əliyev təzyiqlərə baxmayaraq,  tam sərbəst və bərabərhüquqlu tərəfdaş kimi  müqavilənin imzalanmasına  nail oldu.   Yeni neft strategiyasının hazırlanmasında və uğurla həyata keçirilməsində ən fəal iştirakçılardan biri də o zaman  SOCAR-ın birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev olmuşdur. O deyirdi ki: “Bizim məqsədimiz təkcə neft çıxarmaq, onu ixrac etmək, ondan pul almaq deyil. Məqsədimiz neftdən əldə edilən bütün faydaları, eləcə də siyasi və iqtisadi dividentlərini  Azərbaycan xalqının gələcək maraqlarına və rifahına yönəltməkdir”. Beləliklə, çoxlarının vaxtında anlamadığı və ya anlamaq istəmədiyi iqtisadi, sosial və siyasi nəticələr məhz gələcək hədəfləri aydın  görə bilən siyasət  sayəsində  əldə olundu.

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Qadın hərəkatını dəstəkləyən, ən əsası isə onların səlahiyyətlərinin artırılması üçün bütün imkanlar yaradan dövlət başçılarından biri idi.  Ümummilli Liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edir, onların cəmiyyətdə aktiv iştirakına xüsusi önəm verirdi. Və onun  qadın qurultaylarında etdiyi çıxışlar, səmimi fikirləri, arzuları qadınlarımızı daha da ruhlandırır, onları fəal olmağa həvəsləndirirdi.  O deyirdi: “Mən Azərbaycan qadınlarının dövlət işində də fəaliyyətini xüsusi qiymətləndirirəm. Bu, bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən də Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarığını həyata keçirmək, realizə etmək üçün yaranan imkanların nəticəsidir”.  Bu gün həm siyasi, həm iqtisadi çətinliklər dövründə qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayır,  dövlətimizin inkişafı  uğrunda səylə çalışırlar. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılmışdır. Azərbaycan  gender bərabərliyi, insan hüquqlarının müdafiəsi ilə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır. Və bunun nəticəsidir ki, ölkəmizdə qısa müddət ərzində güclü lider qadınlar formalaşmış, gənc qızlarımız üçün təkcə respublikada deyil, həm də, xarici ölkələrdə yüksək standartlara uyğun təhsil almaq imkanları yaradılmışdır ki, bu da  dövlətimizin inkişafına  öz  müsbət töhfəsini  verir.

Ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edərək, deyirdi ki: “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. O ailədə ananın rolunu yüksək qiymətləndirirdi: “....hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur”. O, hesab edirdi ki, insan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Hər bir ailədə böyüyən və tərbiyə alan insan, bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də bu sosial təsisatın qorunması və müdafiə edilməsi hamımızın vəzifə borcudur. Biz bu vəzifələri  yerinə yetirməklə, Ulu Öndərin ruhunu da şad etmiş oluruq. Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim - tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar  kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. O deyirdi ki: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”. Hər bir addımında, hər bir qərarında Azərbaycan üçün, onun inkişafı və gələcəyi üçün çalışırdı. Bütün  həyatını bu müqəddəs məqsədə həsr etmişdir. “Nə qədər Azərbaycan var, mən də olacam! ”- deyən Ümummilli Lider Heydər Əliyev canından çox sevdiyi Azərbaycan üçün, onun gələcəyi üçün çalışan görkəmli ictimai-siyasi xadim  sözün əsl mənasında qüdrətli Azərbaycanın memarıdır. Hansı sahəyə baxsaq, orada Ulu Öndərin atdığı təməli görəcəyik. Bu möhkəm əsaslar Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi  ilə  daha da gücləndirilir. Məhz bu siyasətin nəticəsində Azərbaycanın iqtisadiyyatı, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlir, ölkənin hərbi qüdrəti daha artır. Azərbaycan  müasirləşir, şəhər və kəndlərin siması kökündən dəyişir. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Əlbəttə ki, onun ideyalarını yaşatmaq üçün Respublikanın Birinci - vitse Prezidenti Mehriban Əliyeva tərəfindən yaradılan Heydər Əliyev Fondunu, onun  fəaliyyətini xüsusi ilə qeyd etmək lazımdır.  Heydər Əliyev Fondunun məqsədi xalqımızın Ulu Öndəri Heydər Əliyevin  zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda  tərbiyə edilməsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində layihələrin həyata keçirilməsi, vətəndaş cəmiyyətinin qurulması, inteqrasiya prosesində və qloballaşmada milli-mənəvi dəyərlərin qorunub saxlanılmasıdır. İctimai təşkilat olan Heydər Əliyev Fondu qarşıya qoyduğu məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına  görə  ölkəmizdə analoqu olmayan yeni tipli qurumdur.

Tarix belə dahiləri tək-tək yetirir. Ulu Öndər də nadir şəxsiyyət, fenomenal insan idi. O, bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.  Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. 

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Избранный
8
2
ikisahil.az

3Источники