RU

“Azərkosmos” Qırğızıstana təbii fəlakət barədə xəbərdarlıq edib

“Azərkosmos”un Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığı çərçivəsində hazırladığı rəqəmsal peyk həllərindən təbii fəlakət riskinin qiymətləndirilməsi və qarşısının alınmasında istifadə olunub.  

“Azərkosmos”un təqdim etdiyi yüksək dəqiqlikli rəqəmsal relyef modeli Qırğızıstanda potensial təbii fəlakətin qarşısını almaqda mühüm rol oynayıb və yüzlərlə insanın həyatını xilas etməyə kömək edib. Həmin model ərazinin yüksəklik məlumatlarını rəqəmsal formada təsvir edən coğrafi məlumat olub, relyefin quruluşunu və formasını dəqiq təsvir edir. Peyk təsvirlərinin təhlili və əlavə monitorinq məlumatları əsasında müəyyən edilib ki, İssık gölü ərazisində dağ göllərinin daşması ilə bağlı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi mümkün deyil. Ətraf kəndlər ciddi daşqın təhlükəsi ilə üzləşə bilər. Bu məlumatlar əsasında Qırğızıstanda aidiyyəti qurumlar dərhal tədbir görərək risk altındakı yaşayış məntəqələrindən insanların köçürülməsini təşkil edib. Təxliyyədən cəmi 4 gün sonra gözlənilən daşqın baş verib. Vaxtında görülən tədbirlər 500 nəfərin həyatını  xilas edib.

“Azərkosmos”dan bildiriblər ki, Qırğızıstanda 2 mindən çox dağ gölü var. Onlardan 320-si potensial fövqəladə hallar üçün ciddi təhlükə yaradır. Yüksək dağlıq ərazilərdə yerləşən bu göllərin daşması Mərkəzi Asiya regionuna da genişmiqyaslı təsirlər göstərə bilər. Təbii fəlakətin baş verməsinin əsas səbəblərindən biri dağ göllərinin iqlim dəyişikliklərinə artan həssaslığıdır. Temperaturun yüksəlməsi buzlaqların əriməsini sürətləndirərək göllərin səviyyəsini kritik həddə gətirib çıxarır. Məsələn, riskli ərazilərdə daha detallı peyk monitorinqinin aparılması və bu göllərin təhlükəsizlik strukturunun gücləndirilməsi gələcəkdə bənzər fəlakətlərin qarşısını ala bilər. Rəqəmsal relyef modelləri və peyk məlumatları fəlakətlərin idarə olunmasında yüksək dəqiqlikli proqnozlar verir. Bu isə həm insan, həm də maliyyə resurslarına qənaət etməyə imkan yaradır.

Qəzənfər QASIMOV 
XQ

 

Избранный
5
13
xalqqazeti.az

10Источники