RU

Azərbaycan səhnəsinin ilk Hamleti

Bu gün Azərbaycanın Xalq artisti Abbas Mirzə Şərifzadənin doğum günüdür

 

Bakı, 12 dekabr, AZƏRTAC

1935-ci ildə Xalq artisti adına layiq görülən Azərbaycan teatrının korifeylərindən olan, görkəmli kino və teatr rejissoru Abbas Mirzə Şərifzadə iki ildən sonra 1937-ci ildə xalq düşməni kimi ən ağır cəzaya - ölüm hökmünə məhkum edilib. “Ümumiyyətlə, mən teatr, kino, səhnə və sənətdən başqa bir şey bilmirəm, vəssalam!”, - deyən aktyorun son sözləri belə olub. Ömrünün və sənətinin çiçəklənən dövründə - 44 yaşında qətlə yetirilən Şərifzadəni unutdurmağa, yaddaşlardan silməyə çalışanlar təəssüf ki, bir şeyi unudublar: xalqını bütöv varlığı ilə sevən və xalqın sevdiyi əsl sənət fədailəri heç vaxt yaddaşlardan silinmir.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti Abbas Mirzə Şərifzadənin anadan olmasının 131-cu ildönümüdür.

A.M.Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində, ziyalı ailəsində anadan olub. O, aktrisa Mərziyyə Davudovanın həyat yoldaşı, aktrisa Firəngiz Şərifovanın atasıdır. “Eurovision– 2011” mahnı müsabiqəsində Azərbaycana qalibiyyət qazandırmış Eldar Qasımov isə görkəmli səhnə ustasının nəticəsidir.

O, Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir istedadlardandır. İlk gənclik illərindən aktyorluq sənətinə yiyələnmiş, sonralar həm də rejissor kimi püxtələşmişdi. A.M.Şərifzadə orijinal siması olan sənətkarlardan idi. Teatra yüksək ideya-tərbiyəvi əhəmiyyəti olan məktəb kimi baxırdı. Böyük ideyalarla yaşayırdı. Yaradıcılığında həmişə ciddi məsuliyyət hiss edirdi. Təbii ki, xalqın yüksəlişinə çalışan bir sənətkar dövrün sərt rejimi tərəfindən təqib olunmaya, ədalətsiz hücumlara məruz qalmaya bilməzdi. Bütün bunlara rəğmən isə Şərifzadə yeni ruhlu novatorluq cəbhəsində əzmlə irəliləməyi bacarırdı.

Abbas Mirzənin atası Mirzə Rəsul geniş dünyagörüşünə, yeni ruhlu mədəniyyətə malik insan idi. Seyid Əzim Şirvaninin “Üsuli-Cədid” məktəbində dərs deyirdi və Şamaxının ən mötəbər müəllimlərindən biri kimi dərin hörmət qazanmışdı.

1902-ci ildə Şamaxıda dəhşətli zəlzələ baş verir. Ailə Bakıya köçmək məcburiyyətində qalır. Beləliklə, yeniyetmə Abbas Mirzənin həyatında sərt bir dönüş yaranır, bütün sonrakı fəaliyyəti Bakı ilə bağlı olur.

1908-ci ildə Abbas Mirzə Molyerin “Zorən təbib” əsərindəki epizodik rolla ilk dəfə səhnəyə çıxır. İki il sonra “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir-birinin ardınca yeni rollarda çıxış edir. 1911-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsinin əsas qəhrəmanı olan Qacarın obrazını yaratmaqla özünü artıq peşəkar aktyor kimi təsdiq edir. Cəfər Cabbarlı Abbas Mirzənin o dövrdəki fəaliyyəti barədə yazırdı ki, bu çəlimsiz, arıq, zahirən zəif görünən gəncin içində çox güclü, odlu mənəvi bir qüdrət aşıb-daşmaqdadır. Əsərin müəllifi Ə.Haqverdiyev onu “Şah Qacarın padşah yaradıcısı” adlandırırdı.

A.M.Şərifzadə Azərbaycanın ozamankı teatr həyatının məhvəri sayılırdı. O, mahir aktyor olmaqla yanaşı, həm də təşkilatçılıq bacarığı ilə fərqlənirdi.

Şərifzadənin obrazlar qalereyasına ötəri nəzər salaq: Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur Ağa, Səyavuş, Eyvaz, Dəli Knyaz, Hamlet, İblis... Bunlar bir-birindən tam fərqlənən obrazlardır. O, bunların hər birini fərdi yanaşma ilə yaradırdı. Lakin bütün bu müxtəlifliyi birləşdirən yeganə oxşarlıq aktyor oyunundakı təbiilik idi. Başqa sözlə desək, Abbas Mirzə səhnədə özünü unudaraq gah şeyxə, gah ağaya, gah da sevən gəncə çevrilirdi.

A.M.Şərifzadə Azərbaycan teatrı tarixinə Hamleti oynayan ilk aktyor kimi daxil olub. Əsər 1926-cı ildə Dram Teatrının səhnəsində qoyulmuşdu. Tamaşanı Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanov səhnələşdirmişdi.

Ümumiyyətlə, C.Cabbarlı yaradıcılığı Abbas Mirzə sənətindən qırmızı xətlə keçir. Aktyorun fəaliyyətinin 20 illik yubileyində Cabbarlı ona “Oqtay Eloğlu” əsərini təqdim edir. Yazır ki, burada yaratdığım obraz sənin obrazındır. Fərqli odur ki, onun adı Oqtay, sənin adın Abbasdır. İkinizin həyatda qayəsi birdir.

Abbas Mirzənin yaradıcılıq imkanları çox geniş idi. Məhz bunun sayəsində o, Azərbaycanın mədəniyyət tarixinə təkcə aktyor deyil, həm də rejissor kimi daxil olub. Görkəmli sənətkar “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd şah Qacar”, “Qaçaq Kərəm” kimi tamaşalara rejissorluq edib, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarına quruluş verib. O, çox ilklərə imza atıb. İlk kino rejissorumuz olub. “Bismillah”, “Hacı Qara”, “Gilan qızı”, “Məhəbbət oyunu” filmlərini çəkib.

Görkəmli teatr xadimi təkcə istedadına güvənən sənətkar deyildi. Daim öz üzərində işləyirdi, irəliyə can atırdı. Yenilikləri sevir və onlara həvəslə yiyələnirdi. Bu, onun aktyor və rejissor ustalığını artırır, uğurlarının, qələbələrinin sayını çoxaldırdı.

Beləliklə, qısa bir ömürdə çox böyük, çox zəngin sənət yolu keçən, təkrarsız obrazlar yaradan, monoloqları ilə teatr salonlarını lərzəyə gətirən Abbas Mirzə o dövrün yüzlərlə günahsız ziyalısı, sənətkarı, sadə vətəndaşı kimi repressiya qurbanı taleyi də yaşamalı olub.

Haqqında uydurulan saxta ittihamlar, barəsində deyilən yalan və böhtanlar Abbas Mirzə sənətinin və şəxsiyyətinin qarşısında duruş gətirə bilmədi. Tarixin ədalətli hakim olduğu bir daha özünü göstərdi. Zaman Abbas Mirzəyə Şərifzadə və onun kimi neçə-neçə saxta ittihamlarla günahsız yerə həbs olunan, güllələnən işıqlı simaların, böyük zəkaların haqqını özünə qaytardı. Onlar bu gün də mənsub olduqları xalqın yaddaşındadır və onların tutduqları yol, başladıqları iş bu gün də uğurla davam etdirilməkdədir.

 

Избранный
46
1
azertag.az

2Источники