RU

Bu, bərpa və quruculuq işlərinin sürətinə mənfi təsir göstərir - Hacıyev

Ermənistan tərəfindən təəssüflər olsun ki, Azərbaycana qarşı mina terror siyasəti davam etməkdədir.

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə 30 illik işğal dövrü ərzində bir milyondan artıq mina basdırılıb:

"Bu azmış kimi hələ 2020-ci ildən sonra sülh müqaviləsi üzrə müzakirələr getdiyi dövr ərzində Ermənistan ərazisindən yenə də Azərbaycan ərazilərinə minaların daşınması həyata keçirilib:

"Çünki Ermənistan bütün regionda ən çox mina istehsal edən ölkələrdən biridir. 300 kilometrlik keçmiş təmas xətti ilə bərabər qondarma rejimin yerləşdiyi ərazinin perimetrləri çərçivəsində də minalanma siyasəti həyata keçirilib və bunun nəticəsində bu gün də Azərbaycanın mülki insanları, bu mina terrorun qurbanları olmaqda davam edirlər. Bunda bilavasitə Ermənistan Respublikası dövlət məsuliyyəti daşıyır. Çünki Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasətin tərkib hissəsi olaraq Azərbaycan əraziləri minalanıb. Ölkəmizin ərazisinin təqribən 12 faizi minalardan çirkləndirilib.

Minaların təmizlənməsi böyük zəhmət, maliyyə resursu tələb edir. Amma bundan da ən vacibi bunun insan həyatı hesabına başa gəlməsidir. Minatəmizləmə işi çox çətin bir prosesdir və bir çox hallarda da mülki insanlar təsadüfən, müəyyən yanlışlar nəticəsində bu minaların qurbanlarına çevirirlər. Eyni zamanda, bu, Ermənistanın məqsədyönlü şəkildə Azərbaycana qarşı terror siyasətinin və işğal siyasətinin başqa formalarla davam etməsidir. Bu, Azərbaycanın bərpa və quruculuq işlərinin sürətinə mənfi təsir göstərir, mülki insanlarımızın təhlükəsiz şəkildə həmin ərazilərə qayıtmasını çətinləşdirir. Amma bir müddət Ermənistan tərəfindən göstərilmiş təzyiqlər nəticəsində onlar mina xəritələrinin bir qismini versələr də, amma reallıqda bu mina xəritələri yerdəki vəziyyəti əks etdirmir, dəqiqliyi çox aşağı səviyyədədir. Bir çoxunu da hələ təhvil verməyib".


Müəllif: Əsəd Məmmədəliyev
Избранный
19
5
teleqraf.com

6Источники